ANAMA ilə Beynəlxalq Miqrasiya
Təşkilatı arasında əməkdaşlığa
dair saziş
imzalanmışdır
Yanvarın
25-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan
Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ilə Beynəlxalq
Miqrasiya Təşkilatı (BMqT) arasında əməkdaşlığa
dair sazişin imzalanması mərasimi keçirilmişdir.
AzərTAc
xəbər verir ki, əməkdaşlıq sazişi ANAMA və
BMqT arasında mina aksiyası üzrə həyata keçirilən
tədbirlərin əlaqələndirilməsinə imkan
yaradacaqdır. Sazişə əsasən, tərəflərin
milli və beynəlxalq səviyyədə
qarşılıqlı əməkdaşlıq etmələri
nəzərdə tutulmuşdur.
Sazişi
ANAMA-nın direktoru Nazim İsmayılov və BMqT-nin Azərbaycandakı
nümayəndəliyinin rəhbəri əvəzi Serhan
Aktoprak imzalamışlar.
ANAMA-nın
direktoru Nazim İsmayılov rəhbərlik etdiyi qurumun ölkədə
və xaricdə fəaliyyətindən
danışmışdır. Bildirmişdir ki, ANAMA yalnız
mina təmizləmə əməliyyatları ilə məşğul
olmur. Eyni zamanda, mina təhlükəsinə dair maarifləndirmə,
habelə minadan zərərçəkənlərə
yardımın göstərilməsi sahəsində də
geniş işlər aparır. Agentliyin
hazırladığı mina təhlükəsinə dair
maarifləndirmə dərsliyinin orta məktəblərdə
tədrisi nəticəsində uşaqlar arasında mina və
PHS-dən zərər çəkənlərin sayı
sıfıra enmişdir.
Ölkəmizdə
mina və PHS təhlükəsi olan ərazilərdə əməliyyatların
davam etdirildiyini deyən N.İsmayılov demişdir ki, bizim
mühüm hədəfimiz işğal altındakı ərazilər
azad edildikdən sonra orada aparılacaq əməliyyatlardır.
N.İsmayılov
bildirmişdir ki, ANAMA ötən dövr ərzində Türkiyədə mina təmizləmə
əməliyyatlarında iştirak etmiş, xarici ölkələrin
müvafiq qurumlarının əməkdaşları
üçün təlim kursları təşkil etmişdir.
Direktor
demişdir ki, agentlik tərəfindən BMqT və digər
beynəlxalq təşkilatların xətti ilə minadan zərər
çəkənlərə öz bizneslərini qurmaq, məşğulluğu
təmin etmək üçün az faizlə mikrokreditlər
verilir.
BMqT-nin
Azərbaycandakı nümayəndəliyinin rəhbəri əvəzi
Serhan Aktoprak çıxış edərək sazişin əhəmiyyəti
və təşkilatın gördüyü işlər barədə
məlumat vermişdir. Bildirmişdir ki, təmsil etdiyi qurum
müxtəlif sahələrdə fəaliyyət göstərir.
Təşkilat fövqəladə hallar aradan
qaldırıldıqdan sonra əhalinin normal
yaşayışını təmin etmək üçün
mina təmizləmə fəaliyyətlərinə dəstək
verir, ehtiyacı olan insanlara humanitar yardımlar göstərir.
Bildirilmişdir
ki, əməkdaşlıq sazişinin bağlanması ilə
ANAMA və BMqT mina aksiyası üzrə həyata keçirilən
əlaqələri rəsmiləşdirmişlər. Əməkdaşlıq
sazişinə əsasən, tərəflərin milli və
beynəlxalq səviyyədə iki sahə üzrə
qarşılıqlı əməkdaşlıq etmələri
nəzərdə tutulmuşdur.
Bunlardan birincisi mina aksiyasıdır. Burada toplanmış sursatların məhv
edilməsi, mina təmizləmə, minadan zərərçəkənlərə
yardım, reabilitasiya və reinteqrasiya, məlumatlandırma,
mina təhlükəsinə dair maarifləndirmə tədbirləri
nəzərdə tutulur. İkinci istiqamət mina
aksiyasının daha geniş inkişaf layihələri və
proqramlarına inteqrasiyasıdır. Buraya isə sülh
quruculuğu və dəstək, humanitar yardım,
münaqişədən sonra yenidənqurma və inkişaf
daxildir.
Bildirilmişdir
ki, 2007-ci ildən etibarən BMqT ilə ANAMA minadan zərərçəkənlərə
yardım sahəsində sıx əməkdaşlıq edirlər.
Bu əməkdaşlıq çərçivəsində
2007-2012-ci illərdə "Azərbaycanda minadan zərərçəkənlər
üçün sosial-iqtisadi reinteqrasiya" proqramı
uğurla həyata keçirilmişdir.
Bu
layihə Avstriya İnkişaf Agentliyi, Beynəlxalq Etimad Fondu,
Sloveniya dövləti, Koreya Respublikası, Bakı Rotary Club və
digər donorlar tərəfindən maliyyələşdirilmişdir.
Bundan
əlavə, minadan zərərçəkən 190 vətəndaş
üçün kiçik biznes təlimlərinin öyrədilməsi
və idarəedilməsi üzrə "Azərbaycanda minadan
zərərçəkənlər üçün
sosial-iqtisadi reinteqrasiya" proqramı uğurla həyata
keçirilmişdir.
BMT-nin
Azərbaycandakı rezident-əlaqələndiricisinin
müavini Nato Alxazişvili sazişin əhəmiyyətindən
danışmış, ANAMA-nın uğurlarını
yüksək qiymətləndirmişdir.
Tədbirdə
həmçinin Azərbaycanda MZY Proqramını və ANAMA
ilə BMqT arasında minadan zərərçəkənlərə
yardım sahəsində sıx əməkdaşlığı
əks etdirən foto və filmlər təqdim edilmişdir.
Azərbaycan.-2013.- 26 yanvar.- S.7.