Ermənistanda siyasi tənəzzül
dövrü başlayır
Prezident seçkiləri ərəfəsində
ölkədə böyük gərginlik
müşahidə olunur
Prezident seçkiləri ərəfəsində Ermənistanda siyasi vəziyyətin daha gərgin mərhələyə qədəm qoyması müşahidə edilməkdədir. Məsələnin maraqlı tərəflərindən biri isə budəfəki seçkilərin də siyasi şoudan başqa bir şey olmayacağının Ermənistan cəmiyyəti tərəfindən açıq etiraf olunmasıdır. Elə bunun nəticəsidir ki, Milli Həmrəylik Partiyasının lideri, prezidentliyə namizədliyini irəli sürən Aram Arutyunyan bildirib ki, fevralın 8-də namizədliyini geri götürəcək.
O da məlumdur ki, Arutyunyan fevralın 7-də saat 05:00 radələrində Mərkəzi Seçki Komissiyasının binasının qarşısında aclığa başlayacaq və tələb edəcək ki, hər kəs namizədliyini geri götürsün. O, hesab edir ki, qarşıdakı prezident seçkilərində proqramlı mübarizə aparmaq mənasızdır. Onun sözlərinə görə, seçki bülletenlərində qalanlar hakimiyyəti legitimləşdirir. Namizədliyini geri götürənlər isə müstəqil olduqlarını göstərəcəklər: "Vahid qərar odur ki, Serj Sarqsyanı təklikdə saxlamaq lazımdır".
O da vurğulanır ki, korrupsioner Sarqsyan rejimi hakimiyyətdə qalmaqla Ermənistanı çapıb-talamaqda davam edəcək. Yeri gəlmişkən qeyd edək ki, Ermənistanda prezidentliyə 8 namizəd arasında ən zəngini Serj Sarqsyandır. Onların ən yoxsulunun isə Arman Melikyanın olduğu açıqlanıb. Bu, ölkənin Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədlərin sərvətinin nə qədər olduğuna dair məlumatında öz əksini tapıb. Açıqlamaya görə, hazırkı dövlət başçısı Serj Sarqsyanın Xankəndidə sahəsi 96 kvadratmetr olan ev, 1992-ci il buraxılışı olan "Mitsubishi Montero" avtomobili, "dəyərli mülkiyyət" hissəsində müasir rəssamların 32 əsəri, XVIII-XX əsrlərə aid qədim heykəlləri var. Prezidentin pul vəsaiti 16 yanvar tarixinə qədər 108 milyon 400 min dramdır. Lakin reallıqda bu sərvət göstəriləndən dəfələrlə çoxdur.
Bütün bu sərvət isə güc hesabına qorunur və o səbəbdəndir ki, son illərdə Ermənistanda polis rejimi daha da gücləndirilib. Seçkilər ərəfəsində bunun daha bir real təsdiqi isə "Kontrudar-Art" gənclər qrupunun bir neçə üzvünün Yerevan polisinin Mərkəzi Şöbəsi yaxınlığında növbəti aksiyası zamanı özünü göstərib. "Aykaman Jamanak" qəzetinin verdiyi xəbərə görə, aksiya zamanı gənclər yaxınlıqdakı binalardan birinin divarından plakat asmaq niyyətində olublar. Aksiyanın qarşısını almaq üçün şöbənin bütün əməkdaşları səfərbər edilib. Aksiya başlamazdan əvvəl onlarca polis ərazini dövrəyə alıb. "Aykanak Jamanak" yazır: "Aksiya polis özbaşınalığına etiraz əlaməti olaraq təşkil edilmişdi və mövcud aksiyanın gedişatı göstərdi ki, bu özbaşınalığın möhkəm əsası var. Polis qüvvələri plakatı dərhal binanın divarından götürüb. Təbii ki, polis bu addımın nə dərəcədə qanuni olduğuna aydınlıq gətirə bilməyib".
Amma proseslər həm də onu göstərir ki, vəziyyət 2008-ci ildən çox fərqlənir. Sosial problemlərin böyüdüyü bir vaxtda Yerevandakı iqtidar cəmiyyəti əvvəlki uzurpativ vasitələr və feodal şüurla idarə etməkdə çətinlik çəkir.
Yeri gəlmişkən qeyd edək ki, Beynəlxalq Əmək Təşkilatının ekspertlərinin hazırladıqları məruzədə deyilir ki, gənclərin işsizliyi ilə bağlı MDB ölkələri arasında ən mürəkkəb vəziyyət Ermənistandadır. Qurumun qiymətləndirmələri üzrə Ermənistanda gənclər arasında işsizliyin səviyyəsi 39,1 faizdir.
Ermənistan prezidenti isə bütün bunları gizlətməyə çalışaraq hər şeyi Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirməyə çalışır. Onun sözlərinə görə, təcrid vəziyyətinə düşən Ermənistan hər il iqtisadi miqrasiyaya görə 10 minlərlə adam itirir. O, bunun üzləşdikləri ən böyük problem olduğunu vurğulayıb.
Müxalifət isə bəyan edir ki, Serj Sarqsyanın ən çox güvəndiyi ordu da hakimyyətin yarıtmaz siyasəti üzündən məhvinin astanasına çatıb. Yeri gəlmişkən qeyd edək ki, açıqlanan son məlumatlara görə, 2011-ci ildə orduda ölüm hallarının sayı 39, ötən il isə bu rəqəm 48 nəfər olub. Beləliklə, ötən il Ermənistan silahlı qüvvələrində ölüm hallarının sayı 2011-ci illə müqayisədə artıb.
Ermənistanın Helsinki qrupunun Vanadzor ofisinin bəyanatında deyilir ki, 2012-ci ildə ölüm hallarının sayının artmasına görə məsuliyyəti məhz Sarqsyan daşıyır: "Hesab edirik ki, Ermənistanın ali baş komandanı, müdafiə naziri, hüquq-mühafizə orqanları insan haqlarının pozulması ilə bağlı hər bir hadisəyə, ictimai təşkilat və KİV-in bu hallarla əlaqədar xəbərdarlıqlarına ciddi yanaşmalı və ictimaiyyətin narahatlığını aradan qaldırmaq üçün əsaslı dəyişikliklər etməlidirlər". Vanadzor ofisi Ermənistanın hərbi prokuroru Qverq Kostanyan tərəfindən təqdim olunan sənədlərdə göstərilən statistik məlumatları təkzib edir. Konstanyan iddia edir ki, 2012-ci ildə orduda 36 əsgər ölümü qeydə alınıb. Ölənlərdən 29-u cinayət nəticəsində həyatını itirib, 9-u isə Azərbaycan ordusu tərəfindən qətlə yetirilib.
Buna cavab olaraq Vanadzor ofisi bəyan edir ki, Ermənistan rəhbərliyi növbəti dəfə orduda əsgər ölümünün sayının artdığını ört-basdır etməyə və 2012-ci ildə hərbi cinayətlərin azaldığına inandırmağa çalışır. Bəyanatda bildirilir ki, əslində 2011-ci illə müqayisədə 2012-ci ildə ölüm halları azalmayıb, əksinə, artıb: "Aydın görünür ki, Ermənistanın bu məsələyə yanaşması qeyri-obyektivdir və prokurorluğun açıqlaması ağ yalandır. Hüquq müdafiəçiləri Ermənistan prezidentini, müdafiə nazirini və hüquq-müdafiə orqanlarını məsələyə obyektiv yanaşmağa səsləyir".
Hadisələrin
inkişafı isə Sarqsyanın indi əsas diqqətinin
orduya və digər problemlərə yox, gələn ay
keçiriləcək seçkilərə yönəldiyini
göstərir. Bu seçkilərdə yenidən "qalib gəlmək"
üçün isə o, hər cür saxtakarlığa və
erməni cəmiyyətini qurban verməyə hazırdır.
Elçin CƏFƏROV
Azərbaycan.-2013.- 26 yanvar.- S.7.