Heydər Əliyev dühası azərbaycançılığı
milli ideologiyaya çevirdi
Xalqın vahid məqsəd uğrunda birləşməsi üçün zəruri olan milli ideologiya böyük siyasi liderlərin dövlətçilik konsepsiyasında real əsaslarını tapır. Milli ideologiya milli-mənəvi dəyərlər sisteminin əsas potensiyasının real siyasi məqsədlər naminə səfərbər edilməsidir. Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır.
Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Ümummilli lider azərbaycançılıq ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapmışdır.
Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, ulu öndər Heydər Əliyevin 90 illik yubileyinin ölkə miqyasında layiqincə keçirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda qeyd olunur: "Xalqımızın ümummilli liderinin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri dünya azərbaycanlılarının şüarı olmaqla soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz Heydər Əliyevin fəaliyyətinin nəticəsidir".
Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiya kimi nəzərdə tutulur. O, milli inkişafın mədəni-tarixi təbəqəsi olmaqla, strateji inkişafın əsas yollarını və istiqamətlərini müəyyənləşdirir, milli dilimizin sarsılmazlığında, milli mədəniyyətin üstün rolunda və milli dəyərlərin qorunmasında öz əksini tapır.
Hər bir məsələdə ulu öndərin ideyalarına əsaslanan Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti də bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir. Ümummilli lider Heydər Əliyevin 2003-cü ilin 1 oktyabrında "Mən ona özüm qədər inanır, gələcəyinə böyük ümidlər bəsləyirəm" deyərək xalqa layiqli siyasi varisi kimi təqdim etdiyi cənab İlham Əliyev ölkə vətəndaşlarının birmənalı rəyi əsasında prezident seçkilərində layiqli qələbə qazandıqdan sonra Azərbaycanın yeni dövr üçün iqtisadi siyasət prioritetlərini açıqlamış, çevik və işlək mexanizmlər üzərində proqressiv islahatları təmin etmiş, hər bir azərbaycanlının layiqli prezidenti olduğunu əməli işi ilə sübuta yetirmişdir. 2003-2012-ci illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Prezident İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu göstərmişdir.
Ölkə rəhbəri İlham Əliyevin milli ideologiya və milli-mənəvi dəyərlər probleminə dair baxışları onun siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Dövlət başçısının bu sahədəki xidmətlərinin yalnız xalqın milli dəyərlərinə - mədəniyyətinə, ədəbiyyatına, folkloruna, incəsənətinə yüksək qayğı, diqqət nümunəsi kimi dəyərləndirilməsi bu fəaliyyətin gerçək miqyası üçün kifayət qədər dar çərçivədir. Görülən bu işlər, sadəcə, qayğı və diqqət nümunəsi olmaqla məhdudlaşa bilməz. Bütün bunlar qədimlərdən bizə gəlib çatan müqəddəs irsin gələcək nəsillərə əmanət edilməsi, azərbaycançılıq və türkçülük məfkurəsinin, əxlaqının, baxışlar sisteminin bütün dünyada təbliği və qəbul olunması üçün həyata keçirilən məqsədyönlü strategiyanın tərkib hissəsidir.
Prezident İlham Əliyev daim vurğulayır ki, bu gün milli ideologiyamızın əsas tərkib hissələrindən biri də məhz azərbaycançılıqdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrikliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ədəbiyyatda, bir sözlə, maddi və mənəvi mədəniyyətin bütün sahələrində istiqamətləndirici məfkurə olmalıdır. Əsrlərdən miras qalmış mütərəqqi mənəvi dəyərlər Azərbaycan xalqının milli mövcudluğunun və dövlətçiliyinin qarantına çevrilməlidir. Eyni zamanda hər bir vətəndaş bu torpağa, vətənə, xalqa mənsubluğu, milli-mənəvi, dini dəyərləri ilə qürur duymalıdır. Sərəncamda göstərilir: "Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olunması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir".
Prezident İlham Əliyevin elmin, təhsilin, mədəniyyətin inkişafını sürətləndirən fərman və sərəncamlar, dövlət proqramları imzalaması onun yetişməkdə olan gənc nəslin mənəvi bütövlüyü, kamilliyi və saflığı, habelə qlobal miqyaslı yad təsirlərə qarşı mənəvi müqavimətin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm məqamlarıdır. Bütün bunlar eyni zamanda mənəvi yüksəlişə, intibaha xidmət edən mühüm addımlar kimi cəmiyyətin pozitiv ruhda inkişafına təkan vermişdir.
Ölkəmizdə həyata keçirilən kompleks islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır. Aparılan uğurlu islahatlar nəticəsində Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi nailiyyətlər qazanılmışdır. Bütün bunlarla bərabər, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açmışdır. Əldə olunan nəticələr bir daha Heydər Əliyev siyasətinə alternativin olmadığını sübut edir.
Prezident
İlham Əliyevin "Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi
haqqında" 2013-cü il 21 yanvar tarixli sərəncamı
ilə əlaqədar zərdablılar yeni bir təşəbbüs
irəli sürmüşlər. Artıq rayonda ağacəkmə
kampaniyasına başlanılmışdır. Tədbirdə
idarə, müəssisə və təşkilatlardan, təhsil
müəssisələrindən
yüzlərlə sakin, xüsusilə gənclər
yüksək fəallıq göstərmişlər.
Elnur HACALIYEV
Azərbaycan.-2013.- 27 yanvar.- S.1.