Qeyri-neft sektoru üzrə builki məqsəd iqtisadi artımı 10 faizə çatdırmaqdır

 

Nazirlər Kabinetinin son iclasında bunu bəyan edən Prezident İlham Əliyev güclü sənaye potensialının yaranmasının qeyri-neft sektorunun inkişafından asılı olduğunu bir daha vurğuladı

 

 Artıq neçə ildir ölkə iqtisadiyyatı dinamik inkişaf edir. Bu mənada yola saldığımız 2012-ci il də istisna olmadı. Bu, təsadüfi deyil. Qazanılan uğurlar aparılan iqtisadi siyasətin məntiqi nəticəsidir.

Prezident İlham Əliyev bu barədə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "2012-ci ilin yekunu ilə bağlı, əslində, ilin əvvəlində də bizim heç bir şübhəmiz yox idi. Mən keçən ilin əvvəlində qeyd etmişdim ki, əminəm, 2012-ci il də uğurlu olacaqdır. Belə də oldu. Bütün iqtisadi göstəricilər yüksək səviyyədədir. Ümumi daxili məhsul 2,2 faiz artmışdır. Bu, əslində, inkişaf etmiş ölkələr, xüsusilə, böhranlı illər üçün çox yüksək göstəricidir. Əlbəttə, templərimiz əvvəlki illərdə daha da yüksək olduğuna görə bizim üçün bu, o qədər də qəbul edilən deyildir. Ancaq nəzərə alsaq ki, keçən il neft hasilatında azalma olmuşdur və sənaye istehsalı ümumiyyətlə, 2,3 faiz artmışdır, ümumi daxili məhsulun 2,2 faiz səviyyəsində artımı çox müsbət göstəricidir".

Bu uğurun qazanılmasında qeyri-neft sektorunun xüsusi rolu olmuşdur. Belə ki keçən il bu sektorda 9,7 faiz artım müşahidə edilmişdir. Beləliklə,  dövlət qarşıya qoyduğu iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı siyasəti uğurla həyata keçirə bilmişdir. Artıq bu siyasət öz müsbət nəticələrini verir. İqtisadiyyatda qeyri-neft sektorunun çəkisi ildən-ilə artır. Ölkə üzrə son bir neçə ildə həyata keçirilən sənayeləşmə siyasəti nəticəsində çoxlu sayda müxtəlif təyinatlı sənaye və emal müəssisələri istifadəyə verilmişdir. Xüsusi qeyd etmək lazımdır ki, bu sahədə aparıcı rolu yeni yaradılan sənaye nəhəngi olan Sumqayıt texnoparkı oynayır. Bu texnoparkda müasir dünya standartlarına cavab verən texnologiyalardan istifadə edilməklə yüksək keyfiyyətli məhsullar istehsal edilir. Təsadüfi deyil ki, fəaliyyətə başladığı qısa bir zamanda texnoparkın məhsulları hətta dünya bazarında özünə alıcılar tapıb.

Təqdirəlayiq haldır ki, bu istiqamətdə görülən işlər davam edəcək. Hazırda ölkə Prezidentinin tapşırığı ilə Balaxanı Sənaye, Sumqayıt Kimya-Sənaye və Sumqayıt Yüksək Texnologiyalar parklarının yaradılması istiqamətində tədbirlər həyata keçirilir. Bakının Qaradağ rayonunda da yeni texnoparkın tikilməsi diqqət mərkəzindədir. Qeyri-neft sektoruna aid olan bu sənaye nəhənglərinin fəaliyyətə başlamasının ölkənin sənayeləşməsində mühüm amilə çevriləcəyi şübhəsizdir. Prezident İlham Əliyev sözügedən iclasda bu barədə belə demişdir: "Texnoparkların fəaliyyəti üçün yenə də dövlət tərəfindən builki investisiya proqramında kifayət qədər böyük vəsait nəzərdə tutulmuşdur ki, o ərazilər təmizlənsin, orada bütün infrastruktur, kommunikasiyalar, dəmir yolu xətləri yaradılsın. Yerlər artıq müəyyən edilib, təmizlik işləri gedir. Yenə də deyirəm, qaldı ki sahibkarlar, investorlar gəlsinlər, şirkətlər qursunlar və biz ölkəmizə lazım olan sənaye məhsulunun istehsalına böyük həcmdə nail olaq. Sənayeləşmə siyasətimiz imkan verəcəkdir ki, biz bundan sonrakı illərdə də iqtisadi inkişafa nail olaq".

Bu istiqamətdə görülən işlərin nəticəsində qeyri-neft sənayesində təxminən 8 faiz artım qeydə alınmışdır. Belə artım dünyada iqtisadi böhranın davam etdiyi indiki şəraitdə, sözsüz ki, çox yüksək göstəricidir. Bir faktı da qeyd etmək yerinə düşər ki, indi dünyanın inkişaf etmiş ölkələrinin çoxu yalnız iqtisadi inkişaf tempini geriləməkdən qorumağa çalışırlar. Buna da bütün ölkələr nail ola bilmirlər.

Azərbaycan kimi siyasi və iqtisadi müstəqillik tarixi qısa olan ölkələrin inkişafında kapital qoyuluşu xüsusi önəm daşıyır. Dövlət xarici investisiyaları cəlb etmək üçün mükəmməl qanunvericilik bazası yaradıb. Xarici investorlar Azərbaycana yatırdıqları sərmayənin toxunulmazlığına əmindirlər. Yeri gəlmişkən, ölkəmizin xarici sərmayələrə müstəqilliyimizin ilk illərində daha çox ehtiyacı vardı. İndiki halda isə dövlət neftdən gələn gəlirlə iqtisadiyyatın bütün sahələrinin inkişafı üçün özü birbaşa investor kimi çıxış edir. Bunun nəticəsidir ki, dövlət tərəfindən iqtisadiyyata yönəldilən sərmayələr ildən-ilə yüksək templə artır. Təkcə ötən il ölkə iqtisadiyyatına 22 milyard dollardan çox sərmayə yatırılıb. Bunun 13 milyarddan çoxunu daxili, 9 milyard dollara yaxını isə xarici investisiyalar təşkil edib. Bu rəqəm dediklərimizi bir daha təsdiqləyir. Bununla belə, dövlət xarici investisiyaların ölkəmizə gəlməsində maraqlıdır və bu səbəbdən əlavə sərmayələrin ölkə iqtisadiyyatına qoyulması hər zaman dəstəklənir. Azərbaycan kimi kiçik bir ölkənin iqtisadiyyatına bir ildə  9 milyard dolların qoyulmasının özü çox müsbət haldır. Qeyd etmək yerinə düşər ki, hazırda dünyada davam edən qlobal maliyyə böhranı daha çox xarici kapitalın ölkəmizə daxil olmasında müəyyən çətinliklər yaradır. Əgər dünya iqtisadiyyatında belə bir problem olmasaydı, sözsüz ki, xarici investisiya üçün əlverişli məkan olan Azərbaycan iqtisadiyyatına daha çox sərmayə qoyulardı.

Qarşıdakı illərdə də böyük işlərin görülməsi planlaşdırılıb. Artıq həmin işlər müəyyənləşib. Sözsüz ki, ötən illərdə olduğu kimi, bu illərdə də bütün tapşırıqlar uğurla icra ediləcək. Bununla bağlı Prezident İlham Əliyev demişdir: "Ötən il qeyri-neft iqtisadiyyatımız 9,7 faiz artmışdır. Əslində, iqtisadi artım bu deməkdir. Çünki neft sektorunda, qeyd edildiyi kimi, azalma olmuşdur. Yəni bunu biz sənayeləşmə və biznes mühitinin yaxşılaşdırılması hesabına təmin edə bilmişik. Biz elə etməliyik ki, bu inkişaf templərini saxlayaq və hesab edirəm ki, qeyri-neft sektorunda inkişaf 10 faiz səviyyəsində olmalıdır. Biz buna nail ola bilsək, o zaman uzunmüddətli perspektivdə ölkəmizin çox güclü sənaye potensialı yaranacaqdır. Bu potensial bu gün artıq yaranmaqdadır".

 

 

Rüstəm KAMAL

 

Azərbaycan.-2013.- 27 yanvar.- S.1.