Qərəzli mövqenin
axırı uğursuz nəticələndi
Kristofer Ştrasserin
Azərbaycana qarşı həyata keçirmək
istədiyi məkrli planı alt-üst oldu
Nəhayət ki, Avropa
Şurası Parlament Assambleyası Azərbaycanla bağlı ədalətli
bir qərar qəbul etdi. Azərbaycana qarşı qərəzli
mövqedən çıxış edən, "siyasi məhbus"
məsələsini gündəmdə saxlayaraq AŞ
PA-nın ölkəmizə qarşı təzyiqlər
göstərməsini tələb kimi irəli sürən
almaniyalı məruzəçi Kristofer Ştrasser bu dəfə
yaman məyus oldu. Çünki onun Azərbaycanda "siyasi məhbus"lara
dair hazırladığı qətnamə layihəsi qəbul
olunmadı.
Əvvəlcə
qeyd edək ki, yanvarın 23-də AŞ PA-da Azərbaycana dair
iki qətnamə layihəsi müzakirəyə
çıxarılıb. Bunlar qurumun Monitorinq Komitəsi
adından həmməruzəçilər Jozef Debona Qrex və
Pedro Aqramuntun hazırladığı Azərbaycanın Avropa
Şurası qarşısında götürdüyü
öhdəliklər İnsan hüquqları və hüquqi məsələlər
üzrə komitə adından məruzəçi Kristofer
Ştrasserin hazırladığı Azərbaycanda "siyasi
məhbus"ların vəziyyətinə dair hesabatlar idi. Həmməruzəçilər
Jozef Debona Qrex və Pedro Aqramuntun hazırladığı
hesabat 196 lehinə səslə qəbul olunub. K.Ştrasserin məruzəsi
isə 125 əleyhinə, 79 lehinə səslə rədd
edilib.
Bütün
bunlar onu göstərir ki, artıq Azərbaycan haqqında həqiqətlər
Avropa Şurasında və digər beynəlxalq təşkilatlarda
özünə yer tutmaqdadır. Azərbaycanın
inkişafı, Avropadakı rolu və ümumiyyətlə,
dünyada artan nüfuzu artıq Avropada, Avropa Şurası və
digər beynəlxalq qurumlarda ölkəmizi daha diqqətlə
öyrənməyə ehtiyac yaradır. Bu, bir daha təsdiq
edir ki, Azərbaycana qarşı qərəzli mövqedən
hansısa başqa məqsədlərlə yanaşmaq qətiyyən
mümkün deyil.
Onu
da qeyd edək ki, qurumun iclasından sonra mətbuat konfransı
keçirən K.Şrtasser məyus olduğunu gizlədə
bilməyib: "Mənim missiyam başa çatdı. Mən
məğlub oldum".
Azərbaycanın
AŞ PA-dakı nümayəndə heyətinin sədri, Milli
Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin rəhbəri Səməd
Seyidov qeyd edib ki, bu iş bəzilərinə böyük məsələ
kimi görsənməyə bilər. Ancaq həqiqətin təntənəsi
Azərbaycan üçün çox vacibdir, çox əhəmiyyətlidir:
"Qərəzli mövqenin axırı belə uğursuz
qurtarır. Çünki Kristofer Ştrasser Avropa dəyərlərini
özəlləşdirmək istəyirdi. Alınmaz. Bu, onun
Avropa Şurası deyil, bu, Azərbaycanın Avropa
Şurasıdır, 20 faiz torpağı işğal
altında olan, bir milyondan çox
qaçqın-köçkünü olan Azərbaycanın Avropa
Şurasıdır. Ona görə də keçməz,
keçməz və bir daha keçməz".
Səməd
Seyidov eyni zamanda qeyd edib ki, səsvermənin nəticəsi Azərbaycanın,
onun Prezidentinin təntənəsi və qələbəsidir:
"Biz dəfələrlə demişik ki, Azərbaycana
qarşı yalan irəli sürmək olar, amma bu yalan ayaq
tutsa da, yeriyə bilməz. Çünki həqiqət tamam
başqa bir şeydir. Ona görə ki, bizə qarşı qərəzli
mövqeyin qarşını nəinki Azərbaycan olaraq
aldıq, eləcə də Avropa deputatları, bütün Avropa
ölkələri həqiqətin, ədalətin müdafiəsinə
qalxdılar. Bu da, nəticədə səsvermənin bu şəkildə
keçirilməsinə öz təsirini göstərdi. Mən
əminəm ki, bu, ilkin addımlardır. Azərbaycan hələ
öz sözünü Avropada və dünyada yüksək səviyyədə
bildirəcək. Ona görə ki, Prezidentimizin siyasəti
düz, niyyətimiz xoş və ən əsası, siyasi iradəmiz
var".
Azərbaycanın
AŞ PA-dakı nümayəndə heyətinin üzvü,
deputat Elxan Süleymanov isə hesab edir ki, qəbul edilmiş
bu hesabat Azərbaycanın Avropa Şurası
qarşısında götürdüyü bütün öhdəlikləri
yerinə yetirdiyini göstərir. Bəzi
çatışmazlıqlar qeyd olunsa da, həmməruzəçilərin
də dediyi kimi, son illərdə Azərbaycanda siyasi irəliləyişlər
nəzərəçarpan dərəcədədir:
"Kristofer Ştrasserin məruzəsi qəbul edilə bilməzdi.
Çünki Ştrasser Azərbaycana qarşı qərəzli
və ədalətsiz mövqe tutmuşdu. Məruzəçi
təyin edildikdən dərhal sonra məsələni siyasiləşdirməyə
cəhd göstərərək, öz müsahibələrində
Azərbaycan hakimiyyətini ağır cinayətlərdə
ittiham edirdi".
Deputat
Ştrasseri məruzəçi olduğu müddətdə Azərbaycanla
əməkdaşlıq etməməkdə və obyektiv
araşdırma aparmamaqda günahlandırıb:
"Ştrasserin təqdim etdiyi siyahısında həbsdən
azad olunanları, terrorçuları, qatilləri, xüsusilə,
ağır cinayətlər törətmiş şəxsləri
siyasi məhbus kimi təqdim etmişdi. Ona görə də
Ştrasserin məruzəsinə səs verməyənlər əslində,
Avropa dəyərlərinə, ədalətə, hüququn
aliliyinə hörmət nümayiş etdirmiş oldular.
Bununla da, üzv ölkələr arasında
ayrı-seçkiliyə, ikili standartlara son qoymağa
çağırış edib və ədalətə səs
verdilər. Bu, haqqın və ədalətin zəfəridir".
Milli
Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin üzvü Çingiz Qənizadə əməkdaşımızla
söhbətində bildirib ki, bu, ədalətin təntənəsidir.
Kristofer Ştrasserin hazırladığı qətnamənin
təsdiq edilməməsi bir daha onu göstərdi ki, Azərbaycan
üzərinə götürdüyü bütün öhdəlikləri
yerinə yetirib və Avropa Şurası buna real qiymətini
verir: "Bizə məlum idi ki, həmin insanlar fərziyyələr
əsasında, müxtəlif maraqlı mənbələr tərəfindən
Ştrasserin hazırladığı siyahıya
düşüblər. Hətta Ştrasser və onun köməkçisi
bizimlə AŞ PA-da görüşərkən birdirdilər
ki, ayrı-ayrı vəkillər tərəfindən göndərilən
adları da siyahıya daxil ediblər. Həmin vəkillər
isə müdafiə etdikləri şəxslərin
azadlığa çıxmaları üçün əllərindən
gələni edirlər. Bu baxımdan, maraqlı şəxslərin,
vəkillərin və bəzi qeyri-hökumət təşkilatlarının
göndərdikləri siyahılar əsasında hazırlanan
qərəzli qətnamənin AŞ PA-da qəbulu
qeyri-mümkün idi".
Deputatın sözlərinə görə, Ştrasserin Azərbaycana qarşı qərəzi daim açıq-aydın hiss olunub. Onun Cənubi Qafqaz regionunda yalnız Azərbaycanda "siyasi məhbus" axtarışı birmənalı qarşılanmırdı. Hətta bu şəxs öz ölkəsi olan Almaniyada Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməklə siyasi dividend qazanmaq iddiasında olub. Bunu Almaniya Bundestaqının bəzi deputatları da təsdiqləyiblər.
Milli
Məclisin deputatı Asəf Hacıyev isə qeyd edib ki,
AŞ PA-da Azərbaycanda siyasi məhbuslarla
bağlı məruzənin qəbul olunmaması, Kristofer
Ştrasser üçün bir növ dərs olmalıdır:
"K.Ştrasserin görünüşcə fəaliyyəti,
Avropa dəyərlərinə yad tendensiyadır. Bu kimi
insanların Avropada sayı-hesabı belə yoxdur. Həmin
insanlar bir şeyi başa düşməlidirlər ki, Azərbaycan
gənc dövlətdir. Dövlətimizin inkişafına
maneçilik törədən addımlar atmaq yerinə
hansısa kömək göstərsələr, daha doğru
olardı. K.Ştrasser kimi insanlar dərk etməlidirlər ki,
Azərbaycan öz Prezidentinin siyasətini dəstəkləyir
və onu uğurla davam etdirir. Bu siyasət isə
inkişafdan, qonşu dövlətlərlə sülh çərçivəsində
yaşamaqdan ibarətdir. Bununla da K.Ştrasser kimi bədbin
insanlar öz tutduqları mövqelərindən əl çəkməlidirlər.
Bu insanlar müxtəlif qrupların, dairələrin
sifarişlərini həyata keçirirlər. AŞ PA-nın
son iclası göstərdi ki, artıq burada sağlam qüvvələr
mövcuddur. Təbii ki, bu da son dərəcə sevindirici amildir".
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2013.- 27 yanvar.- S.2.