Ermənistan parlamentinin deputatı Azərbaycan torpaqlarını işğal etdiklərini təsdiqləmişdir

 

AŞ PA-nın Strasburqda keçirilmiş qış sessiyasında Ermənistan nümayəndə heyətinin üzvü Azərbaycan torpaqlarını işğal etdiklərini təsdiqləmişdir.

AzərTAc xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Respublikası Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Əli Hüseynli demişdir.

Ə.Hüseynli demişdir ki, AŞ PA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt sessiya zamanı çıxış edərək Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini, bunun nəticəsində bir milyondan çox insanın doğma torpaqlarından didərgin düşdüyünü bildirmişdir. Çıxış zamanı Ermənistandan olan deputatlar və onların havadarları Pedro Aqramuntun sözünü kəsməyə çalışmışlar. Ən maraqlısı isə o olmuşdur ki, ermənistanlı deputat çıxış edərək demişdir ki, səslənən rəqəmlər şişirdilmişdir. İşğal olunmuş torpaqlar 20 deyil, 14 faiz təşkil edir, qaçqın və məcburi köçkünlərin sayı isə 700 minə qədərdir.

P.Aqramunt isə dərhal onlara cavab olaraq bunun rəsmi etiraf olduğunu və bir daha həqiqətən də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin fakt olduğunu sessiya iştirakçılarının diqqətinə çatdırmışdır.

Erməni deputatın etirafı təkcə özlərini deyil, havadarlarını da pis vəziyyətə salmışdır.

 

 

Azərbaycan.-2013.- 27 yanvar.- S.2.