Məqsəd istehlakçılara yüksək səviyyədə xidmət etməkdir

 

Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında prioritet infrastruktur layihələrinin ardıcıllıqla icra edilməsini, ölkəmizin enerji potensialının yaradılmasını xüsusi vurğulayan Prezident İlham Əliyev demişdir: "Son illər ərzində 1500 meqavat gücündə yeni elektrik stansiyaları fəaliyyətə başlamışdır. Bu gün biz nəinki özümüzü təmin edirik, eyni zamanda, başqa ölkələrə də enerjimizi ixrac edirik. Azərbaycan öz enerjisini qonşu ölkələrə də ixrac edir. Yəni bu, prioritet idi. Çünki bunsuz heç bir inkişaf mümkün deyildir. Biz artıq bu sahədə böyük dərəcədə uğurlara nail olmuşuq".

Ölkəmizin energetika sisteminin inkişafında ulu öndər Heydər Əliyevin xidmətləri misilsiz olmuşdur. Hələ sovetlər dönəmində Azərbaycana rəhbərlik edərkən ulu öndər çalışırdı ki, respublikamızın sosial-iqtisadi həyatının mühüm sahələrindən olan enerji sisteminin inkişaf parametrləri təkcə həmin dövrü əhatə etməklə məhdudlaşmasın, eyni zamanda, gələcəyin perspektiv imkanlarını da şərtləndirsin.

Məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, fədakar fəaliyyəti sayəsində ölkəmizdə energetika sahəsində fundamental tədbirlər həyata keçirilibbir sıra irimiqyaslı layihələr gerçəkləşdirilib.

Bu gün əhalini dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək üçün fəaliyyətini günün tələbləri səviyyəsində qurmağa çalışan "Şəki Regional Elektrik Şəbəkəsi" MMC də xeyir-duasını ulu öndərdən alıb. 2002-ci ildə Heydər Əliyev Şəkidə olarkən elektrik enerjisi sistemində yeni islahatların aparılmasının vacibliyini vurğulayaraq regional enerji qurumlarının yaradılması tapşırığını vermişdir. Elə həmin dövrdən Şəki də daxil olmaqla respublikanın bir çox rayon və şəhərlərində elektrik enerjisi sistemində çox vacib və əhəmiyyətli layihələr həyata keçirilmişdir. Bir faktı qeyd edək ki, 30 il ərzində ölkənin energetika sistemində 3500 meqavata yaxın generasiya gücləri, 70 min kilometrə yaxın elektrik ötürücü xətləri istifadəyə verilmiş və beləliklə, enerji sisteminin real imkanları iki dəfədən çox artmışdır.

Fəaliyyəti 7 rayonu - Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarını əhatə edən "Şəki REŞ" MMC ötən ili müəyyən uğurlarla başa vurub. Şəbəkənin fəaliyyət dairəsi üzrə 2011-ci ilin 11 ayında 415 milyon 261 min 942 kilovatsaat elektrik enerjisi satılmışdısa, 2012-ci ilin müvafiq dövründə bu göstərici 446 milyon 649 min 910 kilovat-saat olub. Başqa sözlə, satılan enerji 387 min 968 kilovat-saat artmışdır. Satılan enerjiyə görə ödənişdə 13,6 faiz artım olub. Bir il ərzində abonentlərin sayı 1782 nəfər artaraq 160147-ə çatmışdır. Göstərilən müddət ərzində itirilmiş enerjinin 50 faizi bərpa olunmuş, elektrik enerjisindən istifadə qaydalarını pozduqlarına görə abonentlər üçün tərtib olunmuş akt nəticəsində 119246 manat ödəniş təmin edilmişdir. İl ərzində 250 abonentlə bağlı məhkəmədə (qanundankənar sərfiyyata görə) şəbəkənin xeyrinə qətnamə çıxarılmışdır. Onu da qeyd etmək lazımdır ki, qaçqınlar və məcburi köçkünlər üçün 150 kilovatsaat güzəştli, qalan enerji sərfiyyatı isə  ödənişlidir. Şəkinin Çələbixan qəsəbəsində məskunlaşmış 423 məcburi köçkün ailəsi limitdən artıq enerji işlətdiyinə görə 1247 manat dəyərində ödəniş edib.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında  qeyd etmişdir ki, paylayıcı xətlər bir çox hallarda istənilən səviyyədə deyil və ölkə rəhbəri infrastruktur layihələri arasında elektrik xətlərinin çəkilişi məsələlərinin də prioritet olduğunu vurğulayaraq hökumətə bu məsələ ilə bağlı kompleks tədbirlər görmək barədə tapşırıq vermişdir. Bu baxımdan "Şəki REŞ" MMC-nin əməkdaşları da elektrik xətlərinin, o cümlədən sayğacların dəyişdirilməsinə ciddi fikir verirlər. Son üç ay ərzində istismar müddətini başa vurmuş 6 min ədəd sayğac (əhali sektorunda) dəyişdirilmişdir. İsmayıllı rayonundakı meşə ərazilərində Qafqaz hava xəttinin 5 km hissəsi meşəlikdən kənara çıxarılaraq yenimüasir tipli xətlə çəkilir. Rayon mərkəzində isə elektrik xətləri yeraltına keçirilir. Balakən-Qazbinə yolunun 25 km-lik hissəsi 10 kilovoltluq xətlə yenidən qurulur. Qəbələdə 11035-10 kv-luq Hacalı yarımstansiyası tikilib istifadəyə verilib.

Əlbəttə, görülən işlər bunlarla məhdudlaşmır. Elektrik xətlərinin çəkilişi, kabellərin yeraltına keçirilməsi, dayaqların quraşdırılması, stansiyalarda təmir-bərpa, tikinti-quraşdırma işləri sistemli şəkildə davam edir. Bir sözlə, "Şəki REŞ" MMC-nin kollektivi çalışır ki, qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələrək istehlakçılara yüksək səviyyədə xidmət etsin.

 

 

 Telman NƏZƏRLİ

 

Azərbaycan.-2013.- 27 yanvar.- S.4.