Diqqət həm də məsuliyyəti artırır

 

Bu günlər Mingəçevirdə xoş ovqat yaşanır. Hüsnünə hər gün yeni bir naxış vurulan bu gözəllik diyarı qışın oğlan çağında da baharı xatırladır. Həmişəyaşıl ağacların sıralandığı, gül-çiçəyin qol-boyun olduğu zümrüd libaslı parklar, xiyabanlar, abad küçələr, geniş meydanlar, fəvvarəli bağ-bağçalar hər kəsdə xoş duyğular oyadır. Sakinləri həmişə gülərüz və mehriban olan nur şəhəri indi daha nikbin, daha fərəhli görünür. Əlbəttə, bu, səbəbsiz deyil. Tikilib-qurulmasında, müasir sənaye şəhərinə çevrilməsində, Qafqazın enerji nəhəngi kimi şöhrət qazanmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna tarixi xidmətləri olan Mingəçevir həmişə dövlətin qayğı və diqqət mərkəzində olub.  Respublika Prezidenti İlham Əliyev çoxsahəli fəaliyyətinin bütün istiqamətlərində Heydər Əliyev kursuna sədaqətli olduğu kimi, Mingəçevirə münasibətdə də varislik ənənəsini uğurla reallaşdırır. İndi nur şəhərində yaşayan xoş ovqatın, yüksək əhval-ruhiyyənin başlıca səbəbi isə dövlət başçısının bu günlərdə imzaladığı Mingəçevirin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamdır.

Son vaxtlar Mingəçevir hamının gözləri qarşısında sürətlə inkişaf edir, yeniləşir, gözəlləşir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında bu sənaye şəhərinin inkişafı üçün nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilir. Çox sayda iş yerlərinin açılmasına imkan verən müasir tipli istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması, mühüm əhəmiyyət kəsb edən infrastruktur layihələrinin həyata keçirilməsi, "Kür" Olimpiya Tədris İdman Mərkəzinin, Mingəçevir Dövlət Dram Teatrının yenidən qurulması, tikinti, abadlıq və quruculuq işlərinin böyük vüsət alması bir şəhər kimi Mingəçevirin simasını müqayisəedilməz dərəcədə dəyişmiş, onun əməksevər və qədirbilən sakinlərinin həyat şəraitini əsaslı şəkildə yaxşılaşdırmışdır.

Azərbaycanın bütün bölgələri kimi, Mingəçeviri də daha abad, daha gözəl görmək, burada əsl vətəndaşlıq mövqeyindən həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin daha sürətlə davam etdirilməsini şərtləndirmək üçün dövlət başçısı Prezidentin Ehtiyat Fondundan Mingəçevir Şəhər İcra Hakimiyyətinə 2 milyon manat ayırmışdır. Şəhər sakinlərinin bu qayğını minnətdarlıqla qarşılaması isə, əlbəttə, təbiidir.

Mingəçevirin ilk qurucularından olan  respublikanın əməkdar mühəndisi Qəşəm İsmayılovun dedikləri:

- İndi gözəlliyi ilə görəni heyran edən Mingəçevir gözlərim qarşısında ev-ev, küçə-küçə böyüyüb. Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə dəfələrlə Mingəçevirə səfər etmişdir. Onun hər gəlişi şəhərdə silinməz izlər qoyurdu. Buradakı fabrik və zavodların, məktəb və xəstəxanaların, mədəniyyət ocaqlarının çoxmərtəbəli yaşayış evlərinin çoxu məhz Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə tikilmişdir. Şəhərimizin bugünkü görkəmindən razıyıq. Biz yaşlılara, şahidi olduğumuz sürətli inkişaf, yüksəliş yaşamaq həvəsi verir. Şəhərimizdə yaşlı nəsil üçün yaradılmış nümunəvi istirahət şəraitindən bəhrələnib tez-tez bir araya gəlir, birlikdə çay içir, dövlətimizin artan qüdrətindən, Prezidentin qayğı və diqqətindən qürurla söhbət açırıq. Yaxşı bilirik ki, dövlət başçısının ayırdığı 2 milyon manat şəhərimizdə yüksək zövqlə aparılan abadlıq və quruculuq işlərinə yeni təkan verəcəkdir. Bütün bunlar üçün respublikamızın Prezidentinə çox minnətdarıq.

Havalar soyusa da, abadlıq, quruculuq işləri səngimir. Böyük həvəslə başlanılan 3 hektarlıq "Sahil" 5 hektarlıq "Dostluq" parklarının yenidən qurulması davam etdirilir. Yeni ayrılan vəsait hesabına, eyni zamanda, Heydər Əliyev prospektinin 3 kilometrlik hissəsində genişləndirmə işləri aparmaq, işıqlandırma sistemini yeniləmək, yola asfalt örtük çəkmək nəzərdə tutulur. Təbriz Naxçıvan küçələrində təmir, abadlıq işləri görülməsi planlaşdırılır. Bunlar görülməsi nəzərdə tutulan işlərin bir hissəsidir. Dönüb arxaya baxanda, yenicə ayrıldığımız 2012-ci ildə keçilmiş yola nəzər salanda qazanılmış nailiyyətlərin möhtəşəmliyi könül açır, göz oxşayır. Dövlət proqramına uyğun olaraq Azərbaycan İstilik Stansiyasının mövcud 8 enerji blokunun hər birində yenidənqurma işləri aparılmış nəticədə hər blokun gücü orta hesabla 80-100 meqavat artmışdır. Qış mövsümünə hazırlıqla əlaqədar 4-cü enerji bloku əsaslı, 2-ci 7-ci bloklar orta, digər bloklar isə cari təmir edilmişdir.

"Mingəçevir izolit", "Akkord Mingəçevir Maşınqayırma zavodu", "Azneftmaş", "Kür" Elektron Avadanlıqları "İnterenerji"müəssisələri keçən il sabit rejimində işləmişlər. 2012-ci ildə şəhərdə minə yaxın yeni yeri açılmışdır.

Şərq giriş hissəsində inşa olunmuş "Bayraq meydanı" şəhərə gələn qonaqlarda xoş təəssürat oyadır. Qürur mənbəyimiz olan üçrəngli bayraq meydanı üçün uğurlu bir məkan seçilmişdir. Nur şəhərinə qədəm qoyan hər kəs istər-istəməz əlçatmaz ucalıqda dalğalanan bayrağımızın sanki altından keçməli olur. Bunun mənəvi-siyasi üstünlüyünü şərh etməyə isə ehtiyac yoxdur.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Mingəçevir şəhərinə aid tədbirlər uğurla icra olunmaqdadaır. Yaşayış məntəqələrinin elektrik enerjisi, qaz, su, kanalizasiya sistemlərinin bərpası və yenidən qurulması istiqamətində işlər davam etdirilir, təhsil, səhiyyə, mədəniyyət və digər sosial obyektlərin normal fəaliyyətini təmin etmək üçün zəruri tədbirlər görülür. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov söhbət zamanı deyir:

- Mingəçevir ölkəmizin enerji flaqmanıdır. Bu şəhərin respublikamızın iqtisadisosial həyatında oynadığı strateji rol hər kəsə məlumdur. Bütün bunlar isə, təbii ki, şəhər rəhbərliyinin məsuliyyətini ikiqat artırır. Daim hiss etdiyimiz dövlət qayğısı, dövlət başçısı tərəfindən fəaliyyətimizə verilən aydın istiqamət uğurlarımızı şərtləndirən əsas amildir. Yola saldığımız 2012-ci ildə böyük nailiyyətlər qazanılsa da, bu, heç kəsi arxayınlaşdırmır. Əsas hədəfimiz insan amilidir. Gördüyümüz bütün işlərin fövqündə dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq şəhər sakinlərinin həyat şəraitini hər vasitə ilə yaxşılaşdırmaq, onları narahat edən problemləri aradan qaldırmaq məqsədi dayanır. Dövlətimizin artan iqtisadi qüdrəti, Prezident İlham Əliyevin böyük humanizmi bu məqsədi şərəflə reallaşdırmağa maddi və mənəvi təminat verir.

Boz dağın qoynunda, ana Kürün sahilində gözəlliyi ilə göz qamaşdıran doğmadan doğma bir şəhər var. Bu şəhərin Prometey timsallı övladları ürəklərinin tükənməz odunu, hərarətini istehsal etdikləri nur selinə qatıb odlar yurdunun yaxın-uzaq ellərinə göndərirlər...

 

 

Lazım QULİYEV

 

Azərbaycan.-2013.- 27 yanvar.- S.5.