Culfa rayonunun kəndlərində əhali səhiyyə xidmətindən razılıq edir

 

Naxçıvan Muxtar Respublikasında səhiyyəyə dövlət nəzarəti yüksək səviyyədədir. İnsanların sıx məskunlaşdığı şəhər və rayon mərkəzlərindən tutmuş ən ucqar yaşayış məntəqələrinədək bu sahəyə xüsusi diqqət və qayğı göstərilir.

Culfa rayonunda yuxarıda dediklərimizin əyani şahidi olduq. Rayon mərkəzi xəstəxanasının baş həkimi Məmməd Ağayevlə söhbət zamanı öyrəndiklərimiz bunu bir daha təsdiq etdi. Əhalisi 45 minə yaxın olan Culfa rayonunda 24 kənd var. Bir mərkəzi xəstəxana, 16 həkim ambulatoriyası və 8 feldşer-mama məntəqəsində çalışan 300-ə yaxın tibb işçisi əhalinin sağlamlığı qayğısına qalır.

Səhiyyə müəssisələrinin, demək olar ki, böyük əksəriyyəti son illərdə dövlət tərəfindən tikilən ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş yeni binalarda fəaliyyət göstərir. Təkcə onu vurğulamaq kifayətdir ki, 2008-ci ilin iyulunda ölkə rəhbəri İlham Əliyev muxtar respublikaya səfəri zamanı Culfa rayonunda da olmuş, buradakı 62 çarpayılıq mərkəzi xəstəxananın açılışında iştirak etmişdir. Həmin açılış zamanı Prezidentin rayonun səhiyyə işçiləri qarşısında qoyduğu vəzifələr tibb heyəti tərəfindən səylə yerinə yetirilir.

Bunun nəticəsidir ki, Culfa rayonunun kəndlərində də əhalinin sağlamlığının təşkili, onlara göstərilən səhiyyə xidməti günün tələbləri səviyyəsində qurulub. Kəndlərdəki əksər tibb ocaqları avadanlıqlarla, dərman preparatları ilə təmin olunub. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun iştirakı ilə rayon mərkəzindən 64 kilometr məsafədə yerləşən Boyəhməd kəndində, həmçinin ucqar kəndlər olan Ləkətağ və Milaxda yeni sosial obyektlər istifadəyə verildi, məktəb, xidmət mərkəzi, kənd mərkəzlərinin açılışı oldu. Muxtar respublikada əsası qoyulan kənd mərkəzlərində kəndlərdəki infrastrukturun mərkəzləşdirilmiş binada  fəaliyyəti yüksək səviyyədə təmin olunur. Bir çox yaşayış məntəqələrindəki həkim ambulatoriyaları və feldşer-mama məntəqələri də məhz həmin binalarda fəaliyyət göstərir. Boyəhməd və Ləkətağ kəndindəki feldşer-mama məntəqələri, Milax kəndindəki həkim ambulatoriyasının kənd mərkəzində yerləşdirilməsi əhaliyə yüksək səviyyəli səhiyyə xidməti göstərməyə şərait yaradacaq. Milax kəndindəki ambulatoriyada doğuş, peyvənd və manipulyasiya otaqları var. Buraya müxtəlif dərman preparatları, tibbi avadanlıqlar verilmişdir. Ləkətağ feldşer-mama məntəqəsi üçün yeni tikilmiş kənd mərkəzində 3 otaq ayrılmış, 2 otaq isə Boyəhməd feldşer-mama məntəqəsinin ixtiyarına verilmiş, onlar üçün lazımi tibbi şərait yaradılmışdır.

Culfa rayonunun bəzi kəndlərini çıxmaq şərti ilə digər səhiyyə ocaqları son illərdə istifadəyə verilən müasir şəraitli binalarda əhalinin sağlamlığı keşiyində durur. Rayonun Əbrəqunus, Yaycı, Bənəniyar, Ərəfsə, Şurud kəndlərində isə həkim ambulatoriyaları və feldşer-mama məntəqələri ayrıca binada fəaliyyət göstərir. Hazırda Əbrəqunusda terapevt Hacı İsmayılov, stomatoloq Rəşad Xəlilov, Yaycıda pediatr Seyfəddin Abbasov, stomatoloq Əbülfəz Məmmədov, Bənəniyarda pediatr Vəli Nəsirov, Saltaqda terapevt Fəxrəddin Qəhrəmanov, Xoşkeşində terapevt Səkinə Mirzəyeva, Qazançıda pediatr Cəmil Əliyev, Şurudda terapevt Əbdürrəhman Hacıyev və başqaları əhaliyə ilkin tibbi xidmət göstərməklə yanaşı, bəzi ağır xəstəliklərin müalicəsi və profilaktikası sahəsində ciddi işlər görürlər.

Bundan başqa, rayonun mərkəzi xəstəxanasının, muxtar respublika uşaq xəstəxanasının, doğum mərkəzinin və digər səhiyyə müəssisələrinin həkim briqadaları mütəmadi olaraq kəndlərdə olur, xəstələri dərmanla təmin edir,  əhalinin sağlamlığı qayğısına qalırlar. Xüsusilə kənd məktəblərində uşaqların peyvəndlənməsi, onlarda yarana biləcək onurğa əyriliyi, göz zəifləməsi, diş patologiyası problemlərinin qarşısının alınması üçün əvvəlcədən profilaktik tədbirlər görülür, müayinələr aparılır, müalicə kursları təşkil edilir. Həmçinin ayda bir dəfə kəndlərdə olan ginekoloq həkimlər hamilə qadınlarla, həddi-buluğa çatmış qızlarla maarifləndirici söhbətlər aparır, problemlərin yerindəcə həlli üçün öz xidmətlərini əsirgəmirlər. Bunun nəticəsində də son illərdə muxtar respublikanın bütün rayonlarında olduğu kimi, Culfada, o cümlədən kəndlərdə tibbi cəhətdən maariflənən əhali öz sağlamlıqlarından razılıq edir, həkim ambulatoriyalarına, feldşer-mama məntəqələrinə üz tuturlar. Əgər ehtiyac yaranarsa yerlərdə lazımi tibbi xidmət göstərildikdən sonra xəstələr rayon mərkəzi xəstəxanasına, zəruri hallarda muxtar respublika xəstəxanalarına göndərilirlər.

Biz bunu kəndlərdə əhali ilə söhbətlərimiz zamanı da müşahidə etdik. Bənəniyar kənd sakini Vüqar Hüseynov, Əbrəqunuslu Fatma Əliyeva, Yaycı kəndindən Türkan Rəcəbova, Hüseyn Əliyev və digərlərinin səhiyyə işçilərindən razılıqları onu deməyə əsas verir ki, Culfa rayonunda əhaliyə nümunəvi tibbi xidmət göstərilir, vaxtlı-vaxtında müayinələr, profilaktik yoxlamalar aparılır, maarifləndirici söhbətlər edilir.

 

 

Elxan MƏMMƏDOV

 

Azərbaycan.-2013.- 27 yanvar.- S.5.