Müasir elmin
inkişafı virtual kitabxanasız mümkün deyil
Kitabxanaların virtuallaşdırılması ilə bağlı fikrini öyrəndiyimiz insanların bir qrupu, xüsusən də yaşlı nəslin nümayəndələri kitabları, qəzet və jurnalları daha çox ənənəvi üsulla oxumağa üstünlük verdiklərini dedilər. "Evimdə kompyuter də, internet də var, amma qəzeti köşkdən alıb oxuyuram, kitablardan da istifadə etmək üçün kitabxananın oxu zalında oturmaq mənə daha zövqlü gəlir, bu şəkildə daha rahat oluram. Kitabla canlı təması heç nə əvəz edə bilməz" deyən Əhmədiyyə Hüseynov Milli Elmlər Akademiyasında çalışır. Kitabxanaların avtomatlaşdırılmasını yüksək qiymətləndirsə də, buna alışa bilmir. "Otuz beş ildir bu tərzə alışmışam, dəyişə bilmirəm", - deyir.
Gənc nəslin istəyi, tələbi isə başqadır. Söhbət etdiyimiz tələbə-gənclərin əksəriyyəti daha çox elektron kitabxanalardan yararlanmaq istəyir. "Sürət əsri" adlandırılan müasir dünya innovativliyi və çevikliyi qəbul edir. Azərbaycan da planetdə cərəyan edən proseslərdən kənarda qalmır və ölkəmizdə bu istiqamətdə dövlət səviyyəsində mühüm addımlar atılır ki, onlardan biri də kitabxanaların elektronlaşdırılmasıdır.
Aydındır ki, hər bir ölkədə informasiya cəmiyyətinin qurulmasında, intellektual potensialın formalaşmasında kitabxanaların fəaliyyəti danılmazdır. Bu möhtəşəm mədəniyyət xəzinəsində Azərbaycanın da öz çəkisi var. Lakin ötən əsrin 90-cı illərinin əvvəllərində bir çox sahələrdə olduğu kimi, kitabxanaların fəaliyyətində də nəzərəçarpacaq çətinliklər yarandı. Kitabxanalar suyu sovrulmuş dəyirmanı xatırladır, oxu zalları günlərlə açılmırdı. Kitabxanaların elektronlaşdırılmasından isə söhbət belə gedə bilməzdi.
Ulu öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bu sahədə də vəziyyət əsaslı şəkildə dəyişdi. Heydər Əliyev 27 iyul 1996-cı ildə "Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında" sərəncam imzaladı. 1998-ci ildə "Kitabxana işi haqqında" qanun qəbul olundu. Qanunda kitabxanalarda iş prosesinin avtomatlaşdırılması, qiymətli nəşrlərin elektron daşıyıcılarına köçürülməsi, informasiya sisteminə qoşulması ön plana çəkildi.
2008-2013-cü illərdə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin inkişafına dair qəbul edilən dövlət proqramı da kitabxanaçılıq sahəsində mövcud problemlərin sistemli şəkildə həllinə yönəldi. Proqrama əsasən hər kitabxananın fondunda olan vacib və aktual kitabların elektron versiyası internet şəbəkəsində yerləşdirilməli, oxucular istədiyi kitabları problemsiz oxumalı idilər. Dövlət proqramının icrası ilə əlaqədar kitabxana şəbəkələrinin informasiyalaşdırılması, elektron kataloq və elektron kitabxanaların, veb saytların yaradılması da nəzərdə tutulmuşdu. Dünyada sürətlə inkişaf edən informasiya-kommunikasiya texnologiyaları kitabxanalarda da müxtəlif sahələr üzrə mükəmməl, zəngin elektron resurslarının yaradılmasını, onların yeni məlumatlarla zənginləşdirilməsini zəruri edir. Çünki istifadəçi maraq dairəsinə uyğun müxtəlif elm sahələrinə dair nəşrlər və elektron resurslarla işləməyə üstünlük verir.
Hazırda respublikamızda mindən çox kitabxana fəaliyyət göstərir. Rayon və şəhər mərkəzi kitabxanalarının saytları və elektron kataloqları yaradılır. Latın qrafikasında kitabların nəşrinin artırılmasını, rayonlarda və bir sıra kəndlərdə kitabxanaların internetə çıxışının təmin edilməsini də dediklərimizə əlavə etsək, görünən odur ki, bu sahədə xeyli uğurlara imza atılıb. Azərbaycan kitabxanalarında ilk dəfə Prezident Kitabxanasında oxucuların onlayn müraciəti əsasında sənədlərin elektron çatdırılması xidməti təşkil edilib. Milli kitabxanada isə aktual nəşrlərin tam mətninin skanerdən keçirilərək hazırlanıb oxuculara təqdim olunması işi davam etdirilir. Elektron zalda mikroflimləşdirilmiş qədim kitablar və dövri mətbuat nümunələri oxucuların istifadəsinə verilib. Dövlət kitabxanasında Azərbaycan milli mətbuatının analitik elektron məlumat bazası yaradılıb. "Əkinçi" və "Sədayi-həqq" qəzetlərinin, "Füyuzat", "Babayi-Əmir" jurnallarının elektron versiyaları hazırdır. Kitabxanada müxtəlif oxu zalları var, dövri mətbuat, tələbə-gənclər, köməkçi fond və digər zallar fəaliyyət göstərir. Mətbuat zalında oxucular üçün xüsusi şərait yaradılıb. Öyrəndik ki, dövri mətbuat zalına hər gün yeni qəzetlər gətirilir. 60-dan çox oxucu yeri olan mətbuat zalında jurnallar 4, qəzetlər 5 il saxlanılır. Zala Azərbaycan dilində 152 adda qəzet, 47 adda jurnal alınır. Kitabxanada əvvəllər qəzetlər kseroks edilib oxuculara paylanırdı, indi isə qəzetlərin şəkli çəkilir və elektron versiyası oxuculara təqdim olunur.
Kitabxana işçiləri deyir ki, oxucuları əsasən tələbələr və elmi işçilərdir. Lakin fikrini öyrəndiyimiz tələbələr elektron kitabxana xidmətindən heç də yetərincə yararlana bilmədiklərini deyirlər. "Hələlik təkcə onu öyrənə bilirik ki, bu kitab kitabxanada var, ya yoxdur". BDU-nun coğrafiya fakültəsinin III kurs tələbəsi Rasim Sadıqov deyir ki, virtual şəkildə kitabxanaya üzv olmaqda problem yoxdur: "Anket açılır, elektron kataloqa girib lazım olan kitabın sifarişini veririk. Problem də buradan başlayır. Orada yazılır: "Bu resursdan olan kitabları yalnız kitabxana şəbəkəsi üzrə oxu zalından oxumaq olar". Biz kitabxanaya getmək məcburiyyətində qalırıq. Yəni elektron kitabxana xidmətindən evdə və ya işdə istifadə etmək çətindir. Demək mümkünsə, heç nə dəyişməyib". Günel Məhəmmədi Tibb Universitetinin tələbəsidir. O da kitabxana xidmətindən yararlanmaq üçün kitabxanaya gedir: "Yalnız klassik ədəbiyyatı oxumaq istəsək, onda problem yoxdur, başqa kitablar açılmır, yazılır ki, bu vəsaitin müəllif hüququ qorunur. Xüsusən texniki-tibbi ixtisaslarla bağlı kitabları elektron versiyada axtarmağa dəyməz". Bəhruz Vəliyev dissertantdır, dediyinə görə, gününün çoxu kitabxanada keçir: "İstədiyim kitabların elektron versiyasını tapıram, istifadə üçün isə kitabxanaya getməliyəm, orada elektron versiyadan istifadə edə bilərəm, o da yalnız milli kitabxanada. Problem yenə də müəllif hüquqları ilə bağlıdır. Mən daha çox bukinist kitablardan yararlanıram. AMEA-nın Rəyasət Heyətinin binası ilə üzbəüz binanın zirzəmisində yerləşən bukinist kitab mağazasında istədiyim ədəbiyyatı tapa bilirəm. Elmin, ədəbiyyatın bir çox sahələri ilə bağlı elmi ədəbiyyatları və dərs vəsaitlərini yalnız bukinist mağazalarında tapmaq mümkündür".
Problem odur
ki, hər hansı kitabın elektron versiyasını internetdə yerləşdirmək
üçün müəllifin icazəsi
olmalıdır. İş
burasındadır ki, dünyada
bu məsələlər qanunla
tənzimlənmir, müəllifin və nəşriyyatın arzusu ilə reallaşır. Bəzən
müəlliflər kitabının lokal
şəkildə şəbəkədə yerləşdirilməsinə
razı olur,
kitabxana şəraitində. Yəni
oxucu həmin mənbədən yararlanmaq üçün
kitabxanaya getməlidir. Digər
kitabların mətni, yalnız daxili şəbəkədə
istifadəyə verilə bilir, əlbəttə,
müəlliflərin razılığına əsasən. Dünyada kitabxanaların
elektronlaşdırılması məsələsi müxtəlif
şəkildə öz həllini
tapır - müəllif-nəşriyyat-kitabxana
razılaşması ilə. Məsələn universitetlərin
kitabxanalarında müəllimlər öz
kitablarını sayta yerləşdirir. Tələbələr
təhsil aldıqları fakültənin ixtisasına uyğun kitabları oxuduqları universitetin kitabxana saytına
girərək ödənişsiz və heç
bir problem olmadan oxuyurlar. Bundan başqa, universitetlər bir-birilə elektron kitab mübadiləsi də edə bilir. Dünya praktikasında bu
cür məsələlərin
həllində milli kitabxanalar üçün
istisnalar tətbiq edilir. Bizdə isə, dediyimiz
kimi, yalnız tam şəkildə klassik ədəbiyyatdan yararlanmaq
mümkündür. Bir
də ədəbiyyat
və incəsənət
xadimlərinin vəfatından
70 il sonra onların kitablarını
elektronlaşdırmaq icazəsi
var. Dünyanın hər
yerində belədir, üzərində əqli
zəhmət çəkilən
və müəllifinin
icazəsi olmadan onun məhsulunun üzünün köçürülməsi,
rəqəmsallaşdırılması, yayılması və təkrar istehsalı plagiatlıq sayılır.
Bu məsələlər Azərbaycanda da "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında"
qanunla tənzimlənir.
Milli Kitabxanadan
onu da öyrəndik
ki, Azrbaycan Dünya Elektron Kitabxanasının üzvüdür. Bu qurum Amerika Konqresi
Kitabxanasının rəhbəri
Ceyms Billinqtonun təklifi ilə yaradılıb. 2009-cu il
aprelin 21-də Dünya
Elektron Kitabxanası saytının ilk açılışından
sonra sayt 7 dildə - ingilis, fransız, ərəb, çin, rus, portuqal və ispan dillərində tərtib olunub. UNESCO-nun və dünyanın
32 kitabxanasının birgə
yaratdığı bu
kitabxananın məqsədi
qiyməti olmayan nadir materialları hamı üçün əlçatan
etməkdir. M.F.Axundov
adına Milli Kitabxana da Dünya Elektron
Kitabxanasında təmsil
olunma hüququ qazanıb.
Göründüyü kimi, kitabxanaların elektronlaşdırılması
prosesində xeyli
problem mövcuddur. Bu məsələlər
dünyada da tam həllini tapmayıb. Çünki müəllif
hüququ qorunmadan bir kitabı belə elektronlaşdırmaq
olmaz. Kitabxanaçılar
deyirlər ki, bəzən müəllifdən
razılıq alsaq da, onun kitabını
çap edən nəşriyyat tələb
edir ki, kitab daxili şəbəkədən
də yığışdırılsın,
çünki o zaman əmtəəsi satılmır.
Belə halda kitabxana məhsulu rəqəmsallaşdıra bilməz.
Mütəxəssislər qeyd
edirlər ki, kitabxanaların rəqəmsallaşması
asan iş deyil, uzun zaman
tələb edir, güclü kadrlara, dünya təcrübəsinin
öyrənilməsinə də
böyük ehtiyac
var. Bir də kitabxanaların tam şəkildə
elektronlaşmasına xeyli
zaman və dövlətin güclü
dəstəyi gərəkdir.
Rəsmiyyə RZALI
Azərbaycan.-2013.-
27 yanvar.- S.6.