Şəhərin «Yaşıl adalar»ı
İnsan şəhərdə doğulub böyüsə belə, ana təbiət onu ömrü boyu geri çağırır, sehrli bir qüvvə ilə cəzb edir, sanki özünə sarı çəkir. Əfsus ki, ürəyimiz istəyəndə şəhərdən çıxıb təbiətin sakit bir guşəsində dincəlməyə macal tapmırıq - vaxt olmur. Onda paytaxtın parkları, bağları - şəhərin "yaşıl adalar"ı dadımıza çatır. Bu "yaşıl adalar"ın da hərəsinin özünəməxsus keçmişi olub, bu günü və gələcəyi var! Tarixi nəzərdən keçirəndə qəribə bir qanunauyğunluqla rastlaşırsan. Əsrlər boyu şəhərimiz neft səltənəti kimi dünyaya səs salsa da, bu qənirsiz sərvətlərdən şəhərin bağlarına elə böyük vəsaitlər xərclənməyib. Yalnız ulu öndərin hakimiyyətə qayıdışından sonra paytaxt inkişaf etdi, bir qədər gözəlləşdi, müstəqillik qazandıqdan sonra Bakı dünyanın ən gözəl şəhərlərindən birinə, onun bağları isə gecə-gündüz yüz minlərlə insanın əvəzsiz istirahət yerinə çevrildi. Biz Prezident İlham Əliyevin böyük qayğısı sayəsində neft səltənətinin milli əxlaqımıza söykənən, mentalitetimizlə uzlaşan müasir bir şəhər yarada bildik. Paytaxtın və onun parklarının bu günü ilə dünənini müqayisə etmək üçün həm xatirələri vərəqləmək, həm də bu bağlardan birinə baş çəkməyi qərara aldıq.
Axşam düşür, binaların, tikintilərin, sonra da metrodan çay kimi axan insan axınının içindən Elmlər Akademiyasının bağına keçirəm. Hündür binaların arasından, arı pətəyi kimi uğuldayan insan selindən qopub müasir bağa çıxanda daxilində mavi səmaların ağuşuna atılan quşun azadlığını duyursan, sevinirsən. Bu bağda indi nə varsa, sanki heykəltəraş əlindən yonulub çıxıb. Adi bir çiçək kolu, hündür ağaclar, oturacaqlar, fəvvarələrdən baş alıb göyə millənən su şırnaqları Elmlər Akademiyasının əsas binası ilə vəhdət təşkil edir, nadir bir sənət əsəri, memar təxəyyülünün kamil nəticəsi kimi səni şəhərdən ayırıb ecazkar nağıllar dünyasına aparır. Şəhərdə olsan da, elə düşünürsən ki, çox uzaqlarda, əfsanəvi bir məkandasan. Özünlə təbiət arasında dil açıb danışan, musiqi kimi səslənən bir harmoniyanı hiss edirsən, ruhən və mənən dincəlirsən. Qış hiss olunmur, çünki buradakı insanların üzündə bir bahar təbəssümü var. Buranın qışı, payızı da gözəldir. Ona görə də ilin bütün fəsillərində gələnlərin sayı-hesabı olmur. Uşaqlar, qızlar, oğlanlar, gənc analar, bəziləri isə ailəsi ilə birlikdə bu bağda dincəlməkdən, gəzməkdən və hətta qaçmaqdan zövq alırlar, sağlamlıqlarını qoruyurlar burada. Park beş-on il əvvəlki kimi kolluqlardan ibarət deyil, ovuc içi kimi açıqdır, yaşı yüzü keçən ağacların arasına salınan xalı kimi yaşıllıqlar, gecə büllur çıraqlar kimi alışıb-yanan işıqlar hamını bu gözəlliyə və bir-birinə hörmətlə yanaşmağa sövq edir.
Lakin vaxt var idi Bakı parkları yeknəsəq və darıxdırıcı idi, gözdən-qulaqdan uzaq belə guşələr axşamlar yiyəsiz olurdu. Burada tez-tez gördüyüm və tanıdığım təqaüdçü Mahmud kişi ilə rastlaşıram. Salamlaşırıq.
- Park xoşuna gəlirmi? - deyə soruşuram.
O isə gülümsəyib dillənir:
- Məgər
bu gözəlliyi, bu sakitliyi bəyənməmək
mümkündürmü? Günümün çox
vaxtını burada keçirirəm. 20-25 il bundan qabaq
axşamlar gəlib qaçırdım da! Ancaq onda bu yerlərin
görkəmi belə deyildi,
bayağı və köntöy idi. Arvad-uşaq axşamlar az
çıxardı parka. Akademiyanın qarşısından
bir hasar çəkilmişdi, hündür olmasa da,
bağı yoldan ayırırdı. Bütün bağda
ligustrum adlı bəzək ağacının kolları cərgə
ilə sıx əkilmişdi. Bu kollara istənilən
formanı qayçılayıb vermək mümkün olsa
da, sovetlər dönəmində
onu bir qayda olaraq səkilər boyu əkər və təxminən
metrə yarım hündürlüyündə elə
qayçılayardılar ki, yaşıl hasara bənzəyərdi.
İndi həmin mənzərədən əsər - əlamət qalmayıb. Elə bil möcüzəli bir çubuq hər şeyi büsbütün dəyişib, gözəl və ürəyəyatan şəklə salıb.
Doğrudan
da, son 20 ildə paytaxtın bağları, parkları yüz
minlərlə, milyonlarla şəhərlinin
və ucqar rayonlardan, xaricdən gələn qonaqların
istirahət yerinə çevrildi. Ötən illərin
uğurlarından söhbət salanda muzey qədər səliqəli,
landşaft memarlığı baxımından qənirsiz dərəcədə
əsrarəngiz və zərifliyin bütün
çalarlarını özündə əks etdirən
parkların yanından elə-belə
ötüb keçmək olmur.
İnsanın varlığı, mənəviyyatı ilə
bir harmoniya təşkil edən, daxilən sakitlik, dinclik gətirən
bu parklara ayaq basanda ayrı bir aləmə, sirli
nağıllar dünyasına qədəm qoyduğunu hiss
edirsən və öz şəhərinlə, yarada bildiyin
müasir mədəniyyətinlə fəxr edirsən,
öyünürsən.
Lakin 50 il bundan qabaq Bakı başqa bir şəhər idi. Quba rayonunun Xucbala kəndindən Saatmirzə adlı bir kişi hələ də inanmır ki, Bakıda sakit gəzmək olur, adamın qabağını kəsmirlər, soymurlar üst-başını. İkinci Dünya müharibəsindən beş-on il sonra o, Bakıya gələndə lotular onu möhkəm qorxutmuşdular. Əhvalat belə olmuşdu. Saatmirzə Xucbaladan bir neçə nəfər tay-tuşu ilə Bakıya gəzməyə gəlir. Köhnə avtovağzaldan Elmlər Akademiyasının bağına kimi veyillənirlər, sonra istəyirlər ki, düşsünlər Füzuli meydanı tərəfə - "perojki" yeməyə. Hamı qərar verir ki, tramvayla getsinlər, bir Saatmirzə tərslik edir ki, Sovetskidən üzüaşağı düşüb piyada gedəcək, sözünün üstündə də durur. Sovetskidən keçəndə oğrular qabağını kəsib üstünə bıçaq çəkirlər ki, nəyi varsa alsınlar. Saatmirzə üzüyola və avam kənd uşağı olduğundan can-başla deyir ki, "əşi, bıçaq nəyə lazımdı, nəyim varsa, sizə qurbandı". Onun "mərdliyindən" ləzzət alan cavanlar soruşurlar ki, adın nədir? Saatmirzə adını deyən kimi saatını istəyirlər. Baxırlar ki, qolundakı saatın şüşəsi sınıqdı, əqrəbin də biri yoxdu. Əsəbiləşirlər ki, bu nə saatdı? Saatmirzə and içir ki, əmisi müharibədən belə gətirib. O ki qaldı bir əqrəbə, vallah, elə bu bir əqrəbnən mən o boyda kəndi yola verirəm, narazı qalan da yoxdu. Ciblərini xışmalayırlar, görürlər ki, qəpiksizdi. Pencəyini çıxardırlar astarı yırtıq olur, şalvara tamah salanda oğrulardan biri dözməyib qışqırır: "Bunun pinələri mənim şəpkəmdən yekədü ki!.." Əməlli-başlı qeyzlənən "sovetski uşaqları" axırda deyirlər ki, "davay çıxar ayaqqabıları, sürüş burdan!"
Saatmirzə sevincindən uçur ki, axır ki, üzüqara qalmadı, heç olmasa, kişilərin bir işinə yaradı. Tez ayaqqabıları çıxaranda, altındakı qoz boyda deşikləri görən lotular cin atına minirlər! Onlardan biri Saatmirzənin qulağından yapışıb bıçağı çıxardır və qəzəblə deyir: "Saatmirzə, sən yekəxana olsaydın, bunu dibindən kəsib atardım, saat kimi saz oğlansan deyə, çərtirəm. İtil Sovetskidən və yadında saxla: bundan sonra Bakıya gələndə təzə kostyum geyin, təzə ayaqqabı al, qoluna bir abırlı saat bağla, cibinə də pul qoy ki, ikinci dəfə rastımıza gələndə bizi belə pərt eləmiyəsən!" Qulağının dibi çərtilən gündən bu günə kimi Saatmirzənin ayağı Bakıya dəymədi. İkinci Dünya müharibəsindən uzun illər ötsə də, şəhərin bəzi yerlərində görünmək, bəzi məhəllələrdən keçib getmək təhlükəli idi.
Ötən əsrin əvvəlində meydanlarda, bazarlarda qoçular ağalıq edərdi. Yüz il bundan əvvəl cəmi 200 minə yaxın əhalisi olan Bakı ən qatı beynəlxalq cinayətkarların neftin qoxusuna cumduğu bir şəhər idi. İldə beş yüzədək qətl törədilər, adamlar oğurlanardı, erməni "mauzeristləri", "piştonçular"dan ibarət yerli qoçu dəstələri bu şəhərdə ağalıq edər, "razborkalar" aparardılar. Hətta Bakı qubernatoru buranın Rusiyanın ən təhlükəli şəhəri olduğunu deyirdi. Bakı neftinə görə imperiya dünyada irəlidə olsa da, sərvətlər ölkədən çıxarılır, şəhər isə əsasən fəhlə şəhəri kimi böyüyürdü və on minlərlə insanın narazılığı artırdı. Cinayətkarlıq tüğyan edirdi. Bakı meydanlarında ağalıq edən qoçuları "O olmasın, bu olsun" filmindən hamımız yaxşı xatırlayırıq. Lakin burada mütləq bir qoçudan, onun planlarından qısa da olsa, danışmaq yerinə düşərdi. İosif Stalin bolşeviklərin təmsilçisi kimi Bakıya gəlsə də, əsasən quldurluq edir, adam oğurlayır, bolşevik partiyasının maliyyə problemlərini bu şəhərin zəngin adamlarını talamaqla ödəyirdi. Bu baxımdan bütün qoçulardan fərqli hərəkət edir: şəhərin cinayətkar elementlərini özünə tabe, gəlirlərə nəzarət etməyə can atırdı. Partiyadan rəsmi maaşı 40 manat olan bu bolşevik qoçusunun hansı pulları fırlatdığını bilmək üçün cəmi bir fakt yetərlidir. O, beş-altı nəfər quldurla polis formasında limandakı İkinci Nikolay gəmisinə hücum edir, Rusiyaya göndərilən 1 milyon iki yüz min rublu ələ keçirir və gəmidəki bütün zənginlərin pulunu, zinətlərini qarət edərək katerdə Rusiya bolşeviklərinin yanına qaçır. Bakıda həbs olunan Koba ləqəbli bu qoçu Bayıl türməsindən qaçan yeganə məhbus idi. O, şəhərdə öz ləyaqətini gözləyən yerli qoçulardan - "piştonçulardan" fərqli olaraq, ağına-bozuna baxmadan pul xətrinə istənilən cinayətə, adamı oğurlamağa, öldürməyə hazır idi. Bakı qoçusu Moskvaya qayıtdıqdan sonra həmişə onun əlinə baxan, ondan asılı olan Lenini rahatlıqla aradan götürdü. O, Bakının cinayətkar aləmini özünə ram edə bilməsə də, Sovet İttifaqında hakimiyyəti ələ keçirdi və uzun illər böyük bir ölkəni Bayıl həbsxanasına çevirdi, milyonlarla ziyalıya divan tutdu. Kədərlisi isə o idi ki, Koba Lenini qətlə yetirdiyi kimi, özü də aradan götürüləndə Bakıda meydanlarda "Böyük rəhbərin" ölümünə minlərlə insan ağlayırdı, qəddar bir qoçudan böyük ölkənin qurtulması isə heç kimin ağlına gəlmirdi.
Tarix bizə bir daha azadlığımızı bəyan etmək, özümüzə qayıtmaq, sərvətlərimizə sahib çıxmaq şansı verdi. İndi ən böyük parklarımızda, ölkənin bütün rayonlarında onlarla Azərbaycan bayrağı dalğalanır. Bakı əxlaqı, mədəniyyəti, milli kökləri ilə öyünən sivil bir şəhərə çevrilib. Yüz illər boyu daşınan, istismar edilən neft indi xalqımıza, ölkənin çiçəklənməsinə xidmət edir. Bakı dəyişdikcə, gözəlləşdikcə, varlandıqca insanlara təsir edir, onları da müsbətə doğru dəyişdirir, şəhər əxlaqı formalaşır, kamilləşir. Meqapolisləri tədqiq edən alimlər belə qənaətə gəliblər ki, böyük şəhərlərdə parkların salınması, onların ərazilərinin genişləndirilməsi cinayətkarlığın azalmasına təsir edir. Biz də cinayətkarlıqla bağlı bəzi statistik rəqəmləri nəzərdən keçirdik. 1995-ci illə müqayisədə 2011-ci ildə Bakı şəhərində 14-18 yaş arasında uşaqların törətdikləri cinayətlərin sayı Xəzər rayonunda 40-dan 23-ə, Nəsimidə 47-dən 14-ə Nizamidə 34-dən 15-ə, daha geniş müasir parklarla öyünən Səbail rayonunda isə 27-dən 3-ə düşüb. Hüquq-mühafizə orqanlarının xidmətini danmadan, onu da qeyd edək ki, şəhərin abadlaşdırılması, parklarımızın müasir landşaft memarlığına uyğun bərpa edilməsi, yenilərinin salınması, şübhəsiz ki, cinayətkarlığın azalmasına təsir edən vacib amillərdəndir. Azərbaycana sülh forumlarına gələn yüzlərlə qonaq, ən mötəbər beynəlxalq konfransların iştirakçıları, onlarla siyasi xadim neft səltənətinin əsrarəngiz dinc şəhərinə, insanların gözəlliyinə aludə olduqlarını etiraf edirlər. Biz müasir memarlığın yeniliklərini və genetik əxlaqını qoruyub inkişaf etdirən əfsanəvi şəhərin sakinlərinə çevrilmişik.
Həmişə çoxları yeni ilə Rusiyaya can atardılar, indi minlərlə həmyerlimiz yeni ili öz tarixi vətənlərində - Bakıda keçirməyə üstünlük verirlər. Rusiyadan gələn əmim oğlu bu şəhərin gözəlliyinə, sakitliyinə, təhlükəsizliyinə heyran qalmışdı, təəccübünü gizlədə bilmirdi: "Bizdə Yeni ilərəfəsi içən çox olur, gecə sübhədək küçələri gəzib-dolaşmaq, bir parkda oturub-dincəlmək mümkün deyil. Daha doğrusu, təhlükəlidir, heç kim deyə bilməz ki, gecəyarısı qarşına çıxan sərxoşun ağlında nə var. Bizim parkda sərxoş görünmək ayıbdır, bunu heç bir kişi özünə rəva bilməz".
Bu fikir də onu təsdiqləyir ki, Bakı bütün dünyada fərqli bir şəhərdir. Deyirlər, ən gözəl bulvar Neapoldadır, amma bu bulvardan bir az aralanan turisti soya da bilərlər, döyərlər də! Bizim şəhərin hər yeri gecə də, gündüz də təhlükəsizdir.
Müstəqillik çox işlətdiyimiz adi sözdür. Azadlığımızın, dövlət müstəqilliyimizin 20 ilə keçdiyi qısa bir yola Bakı parklarından nəzər salanda milli mənliyimizi, milli əxlaqımızı bərqərar edən yeniliklərin şahidi olursan. Azadlıq Azərbaycana öz kökünə, öz əxlaqına, öz mədəniyyətinə qayıtmağa və sərvətlərinə sahib çıxmağa imkan verdi.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2013.- 27 yanvar.- S.6.