Qəlbin loğmanı

 

Dünyada hamıdan çox istədiyi nənəsi Yetəri ürək yarı yolda qoyanda o, uşaq idi. Gəlib-gedən həkimlər qadağalar qoyur, xəstəni tərpətməyə icazə vermir, ümidverici söz demirdilər. Novruz həkimlərin dediyi sözləri, böyüklərin söhbətlərini uşaq marağı ilə dinləyirdi. Hamı ürəyin yaman şey olduğundan gileylənirdi. O ağrılı anlarda Novruzun qəlbində ürək həkimi olmaq arzusu baş qaldırdı.

Ermənistanın ucqar bir kəndində dünyaya göz açan Novruzu tale Bakıya gətirib çıxardı. 31 saylı fəhlə-gənclər məktəbində təhsil aldı. Ordudan tərxis olunandan sonra sürücü, tikiş fabrikində fəhlə işlədi. Həyatın çətinlikləri onu istəyindən döndərə bilmədi. Nəhayət, yuxusuz gecələr öz bəhrəsini verdi. Novruz Həsənov 1970-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olundu.

Novruz tələbəlik həyatının ilk günlərindən zəhmətə qatlaşdı. Müasir elmi təbabətin xalq qaynaqları əsasında elmi şərhi ilə əlaqədar apardığı tədqiqatlar tez bir zamanda institutun professor-müəllim heyətinin diqqətini cəlb etdi. Səmərəli elmi araşdırmalarına görə dəfələrlə fəxri fərmana, müxtəlif mükafatlara, 1976-cı ildə isə subordinatorların Bakıda keçirilən Ümumittifaq konfransının I dərəcəli diplomuna layiq görüldü.

Qayğısız tələbəlik illərini arxada qoyan Novruz təyinatla Mingəçevirə göndərildi. Əvvəlcə şəhərin həkim-idman dispanserində kardioloq, sonra şəhər birləşmiş xəstəxanasının poliklinikasında sahə həkimi, kardiologiya şöbəsində  kardioloq işlədi. L.N.Tolstoyun "Bilməməkdən qorxma, səhv etməkdən qorx. Çünki bütün fəlakətlər ondan baş verir" fikrini özünə həyat devizi seçən gənc həkim elmi axtarışlarına ara vermədi, yuxusuz gecələri bir-birinə calayaraq elmin əlçatmaz zirvəsinə doğru inamla irəlilədi. "Ürək yaman şeydir" müəmması isə hər yerdə, hər zaman varlığına hakim kəsildi.

Müdriklər elm əqlin çırağıdır deyiblər. Bu çırağın nurlandırdığı yol Novruzu İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutuna aparıb çıxardı. Burada cəsarətlə qatıldığı elmi araşdırmalar sonralar qazanacağı silsilə uğurlara körpü oldu. SSRİ Dövlət Mükafatı laureatı, Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının akademiki V.Q.Kukesin rəhbərliyi ilə "Ürəyin işemik xəstəliklərində nitrat preparatlarının təsirlərinin müqayisəli öyrənilməsi" mövzusunda elmi- tədqiqat işini Moskvanın 23 nömrəli şəhər klinikasında və Mingəçevir Şəhər Birləşmiş Xəstəxanasında əldə etdiyi nəticələrlə zənginləşdirdi. Dünya tibb təcrübəsində ilk dəfə olaraq ürəyin işemik xəstəliklərinə nitrat preparatlarının təsirinin mövsümi xarakter daşıdığını dəqiq elmi əsaslarla sübut etdi. Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının həqiqi üzvü, SSRİ Dövlət Mükafatı laureatı, tibb elmləri doktoru, professor N.P.Palayevin rəyi: "N.Ə.Həsənovun apardığı elmi işdən alınan nəticələr kardiologiya sahəsində prinsipial əhəmiyyətə malikdir". Rusiya Federasiyası Tibb Elmlər Akademiyasının həqiqi üzvü N.S.Piroqov adına İkinci Moskva Tibb İnstitutunun professoru Y.P.Pivovorovun rəyində isə belə deyilir: "N.Ə.Həsənovun elmi nəticələri tibbi praktikada ambulatorstasionar şəraitdə stenokardiyalı xəstələrin nitratla terapiyasının optimizasiyası keçmiş ittifaqın müxtəlif regionlarında geniş istifadə oluna bilər".

Tibb elmləri namizədi elmi dərəcəsini alandan sonra da arxayınlaşmayan alim elmi araşdırmalarını əzmlə davam etdirdi. 2005-ci ildə İ.M.Seçenov adına  Moskva Dövlət Tibb Akademiyasında doktoranturaya daxil oldu və 3 il sonra doktorluq dissertasiyasını müvəffəqiyyətlə başa vurdu. Bu barədə Novruz həkim fikirlərini bizimlə bölüşür:

- Dərman preparatlarına qarşı fərdi farmakoloji cavab reaksiyalarının formalaşmasında əsas yerlərdən birini xəstələrin genetik xüsusiyyətlərinin tutduğu artıq öz elmi təsdiqini tapmışdır. İnsan orqanizmi gün ərzində çoxlu kimyəvi yad maddələrin - ksenobiotiklərin təsirinə məruz qalır. Bir qisim orqanizmə təsirsiz ötüşsə də, əksər ksenobiotiklərə qarşı orqanizmdə fərqli bioloji cavab reaksiyaları yaranır. Bir qrup insanda belə cavab reaksiyaları təhlükəli həddə ağır olsa da, bəzilərində orta dərəcəli, digərlərində zəif olur. Hətta elə insanlar var ki, onlarda cavab reaksiyaları müşahidə edilmir. Bəs buna səbəb nədir? Müasir dünyamızın aparıcı dövlətləri tərəfindən maliyyələşdirilən 2,7 milyard dollarlıq layihəyə əsasən, "İnsan genomu"nun 2006-cı ildə tam şəkildə şifrəsinin açılması bu və digər suallara aydınlıq gətirdi. Fundamental elmi işlərlə məşğul olan dünya alimlərinin qarşısında yeni eranın açılması bir elm işçisi kimi məndə də böyük ümidlər doğurdu.

Təbii ki, tibb elmləri doktoru Novruz Həsənov öz elmi araşdırmalarını doğma respublikada aparır və diqqətəlayiq nəticələr qazanırdı. Onun qarşısında ölkəmizdə əhali arasında aparılan elmi tədqiqatların əsasında arzuolunmaz ciddi dərman reaksiyaları zamanı ksenobiotiklərin detoksikasiya sistemində iştirak edən polimorf genlərin rolunun qiymətləndirilməsi dururdu. Rusiya Federasiyası Tibb Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor S.B.Seredininin rəyi: "N.Həsənov Azərbaycan əhalisi arasında dərman preparatlarına etnik həssaslığın genetik cəhətdən öyrənilməsində böyük elmipraktiki əhəmiyyətə malik elmi-tədqiqat işini tam şəkildə müvəffəqiyyətlə başa çatdırmışdır".

 Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, tibb elmləri doktoru A.Vertkinin bu tədqiqat işinə verdiyi rəydə yazılır: "N.Həsənovun "Azərbaycan Respublikası əhalisi arasında arzuolunmaz ciddi dərman reaksiyalarının farmakogenetik əsasları" adlı tədqiqat işi əhəmiyyətli sonluqla başa çatmışdır. Müəllif apardığı elmi tədqiqatla Azərbaycan əhalisi arasında dərmanlara etnik həssaslıqda farmakogenetik faktorların rolunu birmənalı elmi sübutlarla təsdiq etmişdir".

Novruz Həsənovun elmi-tədqiqat işi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında da bəyənilmişdir. Keçən il Elmi-Tədqiqat Kardiologiya İnstitutu  nəzdində yaradılmış birdəfəlik dissertasiya şurasında dinlənilən Novruz Həsənova yekdilliklə müsbət rəy verilmişdir. Novruz həkim həmin günü həyatının ən unudulmaz anı sayır.

Həm Rusiyanın, həm də Azərbaycanın tibb elmləri doktoru olan Novruz Həsənov elm çırağının nura boyadığı bir ailənin başçısıdır. Ömür-gün yoldaşı həkim-nevropatoloqdur.  Böyük oğlu Elnur da özü kimi ürək həkimidir. Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində yaradılmış Uşaq Cərrahiyə Mərkəzinin rəhbəridir. Ortancıl oğlu Elgün Həsənov kompyuter mühəndisidir. Qızı Nilufər Həsənova da Azərbaycan Dövlət Tibb Universitetinin məzunudur.

Həyatın və elmin keşməkeşli yollarında qürurla addımlayan Novruz həkimin maraqlı arzuları var. Deyir ki, ən böyük arzum mənim üçün doğma olan Mingəçevir şəhərində regional elmi-tədqiqat laboratoriyasının  və telemedisina mərkəzinin yaradılmasıdır. Bu gün isə Mingəçevir şəhər xəstəxanasında çalışan bu qayğıkeş ürək həkimi çoxlarının minnətdarlıq ünvanıdır.

 

 

 Lazım QULİYEV

 

Azərbaycan.-2013.- 27 yanvar.- S.7.