Göylərdə döyüş
və ya Qarabağdan Əfqanıstanadək
Tarixin bir günü - 28 yanvar yaddaşlarda
Hər günün, hər anın öz hökmü, hər ilin öz diktəsi var. 28 yanvar da onlardan biri. Yüzillər boyu təqvimin bu günündə baş verənlərə nəzər yetirsək, olduqca maraqlı, qəmli, eyni zamanda sevincli hadisələrin şahidi olarıq.
İngilislər üçün bu, ölkələrinin tarixində vacib bir gündür. Məhz bu gün 1547-ci ildə VI Edvard İngiltərə kralı olub.
Bundan bir xeyli sonra, 1887-ci ilin elə bu günü dünyanı hələ də gözəlliyi və qeyri-adiliyi ilə heyrətə salan Eyfel qülləsinin tikintisinə başlanıb.
1921-ci ilin bu günü Albert Eynşteyn kainatın ölçülə biləcəyini dilə gətirdi və elm aləmində geniş diskussiyaların başlanmasına səbəb oldu.
Hər dövrün öz problemi, öz müharibəsi var. Texniki inqilabın önündə gedən yaponlar da bundan yan keçə bilməyiblər. 1932-ci ilin bu günü onlar Şanxayı işğal ediblər.
Lap yaxın tarixin dedikləridir: 1958-ci ilin bu günü Kiprdə ingilislərin türk nümayişçilərə atəş açması və əsgərin yük avtomobilini insanların üstünə sürməsi nəticəsində 8 nəfər həlak olub.
1982-ci ilin bu günü, eyni zamanda Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkan ASALA erməni terror təşkilatı tərəfindən qətlə yetirilməsi ilə yadda qalıb. Bu, artıq bizim müştərək dərdimiz və müştərək tariximizdir.
Tarix təkcə yerdə yazılmır. Bunlardan göylərin qismətinə düşənlər də az deyil. Bir neçəsini qeyd etməyə dəyər.
1986-cı ilin bu günü Amerikanın "Challenger" kosmik gəmisi startdan 73 saniyə sonra 14 kilometr yüksəklikdə qəzaya uğrayıb. Bütün heyət həlak olub. 2002-ci ilin 28 yanvarında daha bir hadisə baş verib: "Ekvador Hava Yolları"na məxsus "Boeing 727-100" sərnişin təyyarəsi Kolumbiyanın cənubunda And dağlarına çırpılaraq qəzaya uğrayıb, 92 adam həlak olub.
Bu gün, eyni zamanda müəyyən illərdə Azərbaycan üçün də ağrılı, faciəli bir gün olaraq xatırlanır: 1992-ci ilin 28 yanvarında Ağdam-Şuşa marşrutu ilə uçan "Mİ-8" mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulub. Çoxu qadın və uşaq olan 44 sərnişin və ekipaj həlak olub. Onların 5 nəfəri Xocalı rayonunun Cəmilli kənd sakini - Vətən müdafiəçiləri idi. Hər biri də Vətənini, yurdunu sevən gənclər idi. Düşmənin özbaşınalığına dözməyərək Vətənin müdafiəsinə qalxdılar və bu yolda şəhid oldular.
O vaxt Vətənin başını yaman qatmışdılar və onda bu faciəni olduğu kimi görüb dərk edən az oldu. Çünki Qarabağın incisi Şuşanın erməni faşistləri tərəfindən işğalı ərəfəsində Bakıda ikihakimiyyətlilik hökm sürürdü. Bu isə Ermənistanın işğalçılıq planlarının genişlənməsinə şərait yaradır, Dağlıq Qarabağ və onun ətrafında faciələrin miqyasını genişləndirirdi. Mühüm hərbi-strateji əhəmiyyət kəsb edən yüksəkliklərin əldən getməsi Şuşanın işğalını gündəliyə gətirmişdi. Beş il düşmənlə təkbaşına döyüşən şəhər ağır vəziyyətdə idi. Ermənilər 1992-ci ilin yanvarında strateji ərazidə yerləşən Kərkicahanı ələ keçirəndən sonra Şuşa üzərinə aramsız raket hücumlarına başladılar. Həmin gün Kərki kəndi də düşmən tərəfindən zəbt edildi. Yanvarın 28-də erməni işğalçıları daha bir faciəyə imza atdılar. Ağdam-Şuşa marşrutu ilə uçan "Mİ-8" sərnişin vertolyotu Xankəndidən "yer-hava" tipli raketlə vuruldu və 44 nəfər mülki sərnişin erməni terrorunun qurbanı oldu. Dünya aviasiyası tarixində ən böyük mülki vertolyot faciələrindən sayılan bu hadisədən sonra Xocalıda görünməmiş soyqırımı aktı törədildi. Heç şübhəsiz ki, bu cür təxribatçı əməllər Şuşanın müdafiəsini zəiflədir, faktiki işğala şərait yaradırdı.
Ümumən
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü
nəticəsində 30 min nəfərdən çox
soydaşımız həlak olub, 50 min nəfər
yaralanıb və ya müxtəlif dərəcəli bədən
xəsarəti alıb. Onların arasında terror nəticəsində
həlak olanların sayı kifayət qədərdi.
Qarabağdan Əfqanıstanadək...
Tarix həm də təkrarlanır.
2011-ci ilin ortalarında Azərbaycan yük təyyarəsinin Əfqanıstanda
qəzaya uğraması nəticəsində həlak olan 30
yaşlı Elnur Mahmudov Azərbaycanın Milli Qəhrəmanı
Ərəstun Mahmudovun oğludur. Bort operatoru Elnur Mahmudovun da
qismətinə atası, hava gəmisinin bort mexaniki Ərəstun
Mahmudov kimi qəzada həlak olmaq yazılıbmış.
"AZƏRBAYCAN
TƏYYARƏSİ ƏFQANISTANDA VURULDU" xəbəri
2011-ci ilin 6 iyulunda ölkəyə ildırım sürətilə
yayıldı.
İyulun 6-na keçən gecə Əfqanıstanın şərqindəki Pərvan əyalətində Azərbaycana aid yük təyyarəsi qəzaya uğradı. Qəza barədə xarici KİV-in yaydığı ilk xəbərlərdə deyilirdi ki, "İl-76" markalı yük təyyarəsi paytaxt Kabildən 60 kilometr şimal-qərbdə dağlıq ərazidə qəzaya uğrayıb. Şahidlər təyyarənin 3800 metr yüksəkliyi olan dağ zirvəsinə çırpıldığını gördüklərini deyiblər. Təyyarə yerə düşəndən sonra güclü yanğın baş verib və bir saata yaxın davam edib.
Ərazi dağlıq olduğu üçün xilasedicilər hadisə yerinə vaxtında çata bilməyiblər. Təyyarədə 9 heyət üzvü olub. Əfqanıstanın Hava Məkanının İdarə Edilməsi Xidmətinin məlumatında isə deyilir ki, iyulun 6-da saat 00:10-da (Bakı vaxtı ilə saat 02:10) Baqram aeroportu yaxınlığında yerə enməli olan İL-76 4K-AZ 55 yük təyyarəsi ilə əlaqə kəsilib və təyyarə radarlardan itib. Eyni zamanda təyyarənin uçuşunu idarə edən dispetçer Kabil aeroportundan təxminən 25 kilometr məsafədə 4 kilometr yüksəklikdə alov gördüyü barədə məlumat verib. Xəbərlərdən birində isə deyilirdi ki, təyyarənin havada naməlum obyektlə toqquşmasını görənlər olub. Həmçinin təyyarənin Taliban tərəfindən vurulduğu barədə də xəbərlər gəlib.
Təyyarənin kapitanı 1969-cu il təvəllüdlü Sergey Viktoroviç Kuzmin 4576 saat uçuş həyata keçirmiş təcrübəli pilot idi. İkinci pilot Oleq Marşixin (1979) Şturman İqor Çjen (1966), bort mühəndisi Vladimir Şatobin (1969), bort-rabitəçi Əhmədcan Xacayev (1955), bort operatoru Elnur Mahmudov (1981), bort operatoru Tapdıq Qəhrəmanov (1964), aviatexnik Əfqan Rəhimov (1980), aviatexnik Mehman Hüseynov (1962). Adları çəkilən şəxslərdən Azərbaycan əsilli adların sahibləri ilə yanaşı, Oleq Marşixin də Azərbaycan vətəndaşı olub.
Başqa bir məlumatda deyilirdi ki, xilasedicilər qəza yerinə təzə çatıblar, heyət üzvlərinin cəsədləri hələ tapılmayıb. "Assoşieyted press" isə qəza yerində yanmış insan cəsədlərinin qalıqlarının tapıldığını xəbər verib. Cəsədlər tam yandığından onların kimə məxsus olduğunu ayırd etmək mümkün deyil. Bu hadisənin ən qəmli və düşündürücü tərəflərindən biri gəmidə həlak olanlar arasında Milli Qəhrəman Ərəstun Mahmudovun oğlu, bort operatoru, 1981-ci il təvəllüdlü Elnur Mahmudovun olmasıdır.
Ərəstun Mahmudov 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa marşrutu ilə uçan "Mİ-8" vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində həlak olmuşdu. O, 23 fevral 1957-ci ildə İsmayıllı rayonunda doğulmuşdu. 1970-ci ildə Bakının Nizami rayonundakı 220 saylı məktəbi bitirərək 1975-ci ildə Leninqrad vilayətində Mülki Aviasiya Məktəbinə daxil olan Ərəstun Mahmudov xaricdə bir neçə aviasiya məktəbi bitirmişdi. Qarabağ hadisələri başlayan kimi cəbhəyə yollanan Ərəstun Mİ-8 vertolyotu ilə döyüş bölgələrinə tez-tez uçuşlar edərdi. Onun cəbhəyə son uçuşu 28 yanvar 1992-ci ildə oldu. Ağdam-Şuşa marşrutu üzrə hərəkət edərkən Mİ-8 vertolyotu erməni quldurları tərəfindən raketlə vuruldu. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov da həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Mahmudov Ərəstun İspəndi oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhərmanı" adına layiq görülüb. Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Bir vaxtlar təhsil aldığı 220 saylı orta məktəb indi onun adını daşıyır.
"Ən böyük arzum o idi ki, o, haralarda uçub, qismət olsun, mən də o bölgələrin üstündən uçum, görə bilim ki, onları harada vurublar. Atam evdəkiləri mənə tapşırmışdı. Anandan, bacılarından muğayat ol. Evi sənə tapşırıb gedirəm, - demişdi. Sonradan başa düşdüm ki, o bu sözləri mənə niyə deyib". Elnur Mahmudov bu sözləri tez-tez deyərdi.
Amma çox təəssüf ki, o bu arzusuna çata bilmədi. Atasını Qarabağ, özünü Əfqanıstan göyləri çəkib apardı. Məşhur bir mahnıda deyildiyi kimi:
Gedəcəyəm, göylər məni çağırdı,
Daha burda qalmaq olmur, əzizim.
Bəxtiyar QARACA
Azərbaycan.-2013.- 27 yanvar.- S.7.