Davos Dünya İqtisadi Forumunda Azərbaycana maraq böyük idi

 

 Bu ilin aprelində həmin tədbirin Bakıda keçirilməsi qərarı ölkəmizin nüfuzunu daha da artırır

 

 Davosda keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda Azərbaycanın qazandığı nailiyyətlər  bir daha vurğulandı. Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif şirkət və qurumların rəhbərləri ilə görüşlərində, forumun ayrı-ayrı sessiyalarında ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyi barədə ətraflı söhbətlər aparıldı, çıxışlar oldu.

Davosda "CNN-İnternational" televiziya kanalının iqtisadi məsələlər üzrə müxbirinin suallarını cavablandırarkən Prezident İlham Əliyev demişdir: "Düzdür, ölkə inkişaf edir. İnkişaf çox sürətlə gedir. Şübhəsiz ki, biz ölkəmizi beynəlxalq biznes ictimaiyyəti və xüsusilə də Azərbaycan ilə hələ də əməkdaşlıq etməyən işgüzar dairələrə daha geniş şəkildə təqdim etmək istəyirik. Biz qapılarımızı geniş şəkildə açmışıq və dostlarımızı, tərəfdaşlarımızı Azərbaycanda işləməyə, sərmayə qoymağa dəvət etmək istəyirik".      

Bu məqsəd üçün Dünya İqtisadi Forumu ən münasib məkandır. Çünki burada beynəlxalq siyasibiznes dairələrinin nümayəndələri, daha doğrusu, rəhbər nümayəndələri toplaşır. Aparıcı beynəlxalq şirkətlərin başçıları ilə görüşlər, söhbətlər öz bəhrəsini verir.

Bu dəfə də belə oldu. Prezident İlham Əliyevin sözügedən qurum və təşkilatların rəhbərləri ilə görüşləri iqtisadiyyatın bir sıra mühüm sahələrini əhatə etdi, burada onların uğurları açıqlandı və vəzifələrinə toxunuldu. Götürək elə informasiya-telekommunikasiya texnologiyaları sahəsini. ABŞ-ın qlobal layihələr üzrə tanınmış konsaltinq şirkəti "Booz &Co"nun baş icraçı direktoru Gezare Maynardi Azərbaycanda bu sahənin dövlət tərəfindən dəstəklənməsini yüksək qiymətləndirdi. Ölkədə həyata keçirilən genişzolaqlı internet strategiyası və yüksək texnologiyalar parkının yaradılması ilə bağlı layihələrin əhəmiyyətini vurğuladı.

"Holcim Group" şirkətinin ölkəmizə sərmayə yönəltməsinin isə bütövlükdə Azərbaycan-İsveçrə iqtisadi əlaqələrinə töhfə olduğu qeyd edildi. Bu, həmin şirkətdir ki, keçən il Bakıda sement zavodu açıb.

Azərbaycan Prezidentinin Böyük Britaniyanın BP və Fransanın "Total" şirkətləri rəhbərliyinin nümayəndələri ilə görüşlərində ölkəmizdə neft-qaz sənayesinin yeni bir mərhələyə qədəm qoyduğu barədə söhbət aparıldı.

Azərbaycanda ən iri neft-qazixrac layihələrinin əməliyyatçısı olan BP ilə əməkdaşlığın davam etməsindən məmnunluq ifadə olundu. "Azəri-Çıraq-Günəşli", "Şahdəniz", TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihələri üzrə əməkdaşlığın uğurla həyata keçirildiyi vurğulandı. Bu əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi edildi.        

"Total" da neft-qaz layihələrində ən etibarlı tərəfdaşlarımızdandır. Bu şirkətlə də əməkdaşlığın gələcək perspektivləri var.

Davos görüşlərində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Azərbaycana səfər etmək niyyətində olduğunu bildirdi. Bu, AYİB ilə Azərbaycan arasında mövcud əməkdaşlığın genişləndirilməsi məqsədini daşıyan bir niyyətdir. Odur ki, Davosda enerji, qeyri-enerji, informasiya-kommunikasiya texnologiyaları, sənayenin inkişafı, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığa dair geniş fikir mübadiləsi aparıldı.

Davosda eləcə də Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanda həyata keçirilən layihələrdə investor kimi iştirak etməsi yüksək qiymətləndirildi.

Forumun sessiyaları da Azərbaycana marağın böyük olduğunu təsdiqlədi. Məsələn, "Mərkəzi Asiya üçün yeni üfüqlər" mövzusunda keçirilən sessiyadakı çıxışından sonra Azərbaycan Respublikasının Prezidenti bir sıra sualları da cavablandırdı. Dövlət başçısı ölkədə gedən inkişaf proseslərinə toxunaraq son illərdə ümumi daxili məhsulun üç dəfə artdığını diqqətə çatdırdı. Bir sıra ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanda enerji sahəsi ilə yanaşı, qeyri-neft sektorunun inkişaf etdiyi, bir sözlə, iqtisadiyyatın şaxələndirildiyi barədə geniş məlumat aldılar.

"Neftqaz idarəçilərinin toplantısı"nda Prezident İlham Əliyev uzun illərdir Azərbaycanın qlobal enerji layihələrində iştirakına diqqət çəkərək ölkəmizin bu sahədə qazandığı uğurlardan danışdı. Prezident Azərbaycanda bu sahədə təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu bildirdi, həmçinin diqqətə çatdırdı ki, uzun illərdir bununla bağlı hər hansı bir problem yaranmayıb.

Yanvarın 24-də Azərbaycanın və İsveçrənin dövlət başçılarının görüşü oldu. Təsadüfi deyil ki, İsveçrə Prezidenti Ueli Maurer Prezident İlham Əliyevi Azərbaycanın qazandığı yüksək iqtisadi nailiyyətlərə görə təbrik etdi. İki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə, xüsusilə də enerji sektorunda inkişaf perspektivlərinin önəmi vurğulandı. Eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıldı.

Davos İqtisadi Forumunun bu ilin aprelində Bakıda keçirilməsi qərarı bütün dünya ölkələrinin Azərbaycana getdikcə artan marağının daha bir sübutudur.  Əvvəlcədən inamla demək olar ki, növbəti forum da həm Azərbaycanın, həm də tədbirin iştirakçısı olacaq digər ölkələrin həyatında mühüm hadisəyə çevriləcək.

 

 

Flora SADIQLI

 

Azərbaycan.-2013.- 29 yanvar.- S.1.