Nəzarətdən kənar nüvə zonalarının olması narahatlıq doğurur

 

 Avropa Parlamentinin (AP) Yaşıllar siyasi qrupunun üzvləri Bart Staes (Belçika) və Ulrike Lunaçek (Avstriya) tərəfindən Avropa Komissiyasına "Cənubi Qafqazda nüvə təhlükəsizliyi" mövzusunda sual ünvanlanmışdır.

Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyindən AzərTAc-a bildirmişlər ki, AP üzvləri Yerevanın 30 kilometrliyində yerləşən Metsamor nüvə stansiyasını Rusiyadan başqa köhnə sovet tipli və 1960-cı illərdə yaradılmış təzyiqli su reaktorundan istifadə edən sonuncu nüvə zavodu olduğunubu nüvə stansiyasının çox həssas tektonik zonada yerləşdiyini xatırlatmışlar. Hələ 1988-ci ildə nüvə stansiyasının 100 kilometrliyində 6,9 bal gücündə zəlzələnin baş verdiyinibunun ardınca stansiyanın bağlanıldığını qeyd edən deputatlar 1988-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ regionunun və ətraf yeddi rayonunun işğalı nəticəsində baş vermiş böhran zamanı stansiyanın bir reaktorunun yenidən işə salındığını bildirmişlər.

Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağyeddi rayonun ərazisində nəzarətdən kənar nüvə zonalarının mövcudluğuna diqqəti cəlb edən AP üzvləri bu məsələnin xüsusi narahatlıq doğurduğunu vurğulamış və Avropa Şurası Parlament Assambleyasının 2002-ci il tarixli qətnaməsinə istinad edərək bildirmişlər: "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni zonaların mövcudluğu bütün Qafqaz üçün real nüvə təhlükəsi yaradır".

Deputatlar həmçinin AP-nin 2012-ci il aprel tarixli qətnaməsinə istinad edərək Metsamor nüvə stansiyasının 2016-cı ilədək bağlanması çağırışını xatırlatmış və bu xüsusda Avropa Komissiyasından Avropa sərhədlərində mümkün yeni Fukuşimanın qarşısının alınması və nüvə təhlükəsinin azaldılması üçün hansı praktiki tədbirlərin görüləcəyini soruşmuşlar.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Brüssel

 

Azərbaycan.-2013.- 29 yanvar.- S.1.