Hər kəs öz işi ilə məşğul olmalıdır
Ziyalı xalqının, vətəninin təəssübünü çəkəndə daha hörmətli və sevilən olur. Bu cür ziyalılar xalqın iftixar və qürur mənbəyidir desək, yanılmarıq. Çünki hər bir dövlətin ziyalıya, onların sözünə və mövqeyinə böyük ehtiyacı var.
Ulu öndər Heydər Əliyev daim cəmiyyətdə ziyalı missiyasına böyük önəm verib. Onların fədakar əməyini dəyərləndirib. Yeri gələndə bu insanlarla məsləhətləşmələr aparıb, təkliflərini dəstəkləyib, onlara inanıb və arxalanıb. Hazırda ulu öndərin ziyalılığa və dövlətçiliyə xidmət ənənəsi bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Azərbaycanın bütün dünyanı heyrətə gətirən sosial-iqtisadi sahədə uğurları, bütün sferaları əhatə edən inkişafı paytaxtımızla yanaşı, bölgələrimizin, kəndlərimizin belə beynəlxalq standartlara uyğun şəkildə müasirləşməsi və abadlaşması günümüzün qürurverici gerçəkliyidir.
Azərbaycanda indi vətənin və xalqının problemləri, qayğısı və istəkləri uğrunda mübarizə aparmaq naminə səfərbər olan on minlərlə ziyalı var. Onlar respublikamızın mövcud durumunu obyektiv dəyərləndirir, ictimai-siyasi proseslərə qərəzsiz rəy bildirir, hər hansı bir çatışmazlıq, yaxud da nöqsan barədə mülahizələrini söyləyirlər. Lakin son günlər bir qrup şəxs ziyalı adı altında siyasi intriqalar aparır. Həmin qrup haqq olmasa da, Azərbaycanın çoxminli ziyalılarının sözçüsü kimi çıxış etməyə səy göstərirlər. Qərəzli bəyanatlar səsləndirir, xarici qüvvələrin təsiri altında əslində siyasi komfrantasiya yaratmağa çalışırlar. Heç kim ziyalı sözünü siyasi təsir vasitəsinə çevirə bilməz. Əsl ziyalı siyasi proseslərin fövqündə dayanmağı bacarmalıdır.
Bu yaxınlarda ölkədə "Ziyalılar forumu" adı altında qondarma bir qurumun yaradılması və onun təsisçilərindən olan kinematoqraf Rüstəm İbrahimbəyovun siyasətlə bağlı sosioloji sorğular aparması, müxtəlif bəyanatlar verməsi qurumun yarandığı gündən faktiki olaraq əsl təyinatına uyğun heç bir iş görmədiyindən xəbər verir. R.İbrahimbəyov öz şəxsi ambisiyalarını qabartmaqla bunu xalqın problemi kimi qələmə verməyə cəhd göstərir. O, hakimiyyət əleyhinə ifrat şəkildə radikal çıxışlar edərək siyasi gərginlik yaratmağa çalışır. Belə hərəkətlər isə yalnız ikrah doğurur. Rüstəm İbrahimbəyovun davranışının hərəkətverici qüvvəsi qəzəb, kin və qisas almaq hərisliyi ilə bağlıdır desək, yanılmarıq. R.İbrahimbəyov 50 ildən çoxdur ki, yaradıcılıqla məşğul olur, onu müxtəlif əsərlərin müəllifi kimi tanıyırıq. Bundan sonra R.İbrahimbəyovun siyasət meydanına atılıb hansısa qərəzli mövqedən çıxış etməsi qəbul olunan hal deyil. Bu sizə yaraşmır, cənab İbrahimbəyov! Siyasətçini və yaradıcı insanı fərqləndirən əsas əlamət məsuliyyət məsələsidir. Siyasətçi məsuliyyətinə isə ehtiyatla yanaşmaq lazımdır. Ona görə ki, mənəvi çəkisini cılızlaşdıran, doğma xalqına münasibətinin səmimiyyətini yox edən "ziyalılar" yanlış mövqeləri ilə yalnız öz miskinliklərini göstərmirlər, həm də əqidələri yenicə formalaşmağa başlayan gənclərdə təbəddülatlar yaradır, onlarda ali dəyərlərə inamı sarsıdırlar. Bu isə təhlükəli bir haldır. Çünki bununla bütöv bir xalqın və cəmiyyətin yüksək mənəvi prinsipləri gözdən düşə bilər, ətrafda inamsızlıq, total şübhəçilik, ifrat laqeydlik ovqatları yayılmağa başlayar. Hər bir ziyalı xalqın inamından aldığı etimadı öz obyektiv fəaliyyəti, təmənnasız xidməti ilə doğrultmalıdır. Ona görə bizə elə gəlir ki, bir qrup reneqatın ziyalılar adına sahib çıxaraq yaratdıqları təşkilat şəxsi ambisiyalarından əl çəkməli, ilk növbədə öz xalqının və dövlətinin milli maraqlarına xidmət etməli, qarşıda duran yaradıcılıq və quruculuq işlərinə ziyalı kimi töhfələrini verməlidirlər.
Danışmaq, söz demək, hakimiyyətə qarşı iradlar bildirmək, sərt çıxışlar etmək asandır. Amma iş görüb nəyəsə nail olmaq ən çətin problemdir. Ona görə də bir qrup reneqatın dedikləri ictimai rəyə təsir effektinə görə sıfıra bərabərdir. Bu gün cəmiyyətin siyasi ab-havası tam aydındır. R.İbrahimbəyovun "milli şura", "müvəqqəti prezident", "üçüncü qüvvə" haqqında təklifləri utopiyadan başqa bir şey deyil. Azərbaycan təklif olunan formada siyasi dəyişikliklər mərhələsini çoxdan keçib, artıq dayanıqlı siyasi sistemini formalaşdırıb. Ona görə də R.İbrahimbəyov kimilərinin söylədiklərinin heç bir məntiqi əsası yoxdur. Sadəcə onlar açıqlamaları ilə öz fantaziyalarını ifadə edirlər.
Biz çətin imtahanlardan keçmişik. Yaxşını da görmüşük, pisi də... Əmin olun, sizin "Ziyalılar forumu" adlandırdığınız qurum artıq uğursuzluğa məruz qaldı, ilk gündən ictimai və siyasi baxımdan özünü doğrulda bilmədi, iflasa uğradı. İstənilən halda hər kəs öz işi ilə məşğul olsa yaxşıdır...
Cahangir NƏSİROV,
Hüquqşünas
Azərbaycan.-2013.-
29 yanvar.- S.2.