Hindistanın milli
bayramı şərəfinə
Yanvarın 28-də Hindistanın Azərbaycandakı səfirliyi bu ölkənin milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir. Əvvəlcə Azərbaycanın və Hindistanın dövlət himnləri səsləndirilmişdir.
Səfir Vinod Kumar ölkəsinin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan, Azərbaycan ilə Hindistan arasındakı tarixən mövcud əlaqələrdən danışmışdır. Bildirmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən dərhal sonra diplomatik əlaqələr qurduğu ölkələrdən biri də Hindistandır. Ölkələrimiz arasında ticarət əlaqələrinin həcmi ötən dövr ilə müqayisədə artaraq 1,8 milyard ABŞ dollarına çatmışdır. Azərbaycan-Hindistan əlaqələri bundan sonra daha da genişlənəcəkdir.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov əlamətdar gün münasibətilə Hindistan xalqını Prezident İlham Əliyevin adından təbrik etmiş, dövlət başçısının salamlarını və ən xoş arzularını çatdırmışdır. Nazir bildirmişdir ki, ölkələrimiz arasında mövcud olan səmimi münasibətlər hər iki xalqın rifahı naminə sürətlə inkişaf edir. Mədəni, iqtisadi, texnoloji və digər sahələrdə fəaliyyətini uğurla davam etdirən Azərbaycan-Hindistan Hökumətlərarası Komissiyası hazırda ikitərəfli əlaqələrin inkişafına töhfəsini verməkdədir.
Hüseynqulu Bağırov Azərbaycanın əldə etdiyi nailiyyətləri möhkəmləndirmək üçün bütün ölkələrlə müxtəlif sahələrdə münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu baxımdan Hindistan ilə əlaqələrimiz xüsusi əhəmiyyət kəsb edir.
Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Azərbaycan.-2013.-
29 yanvar.- S.2.