Turizm sahəsində əməkdaşlıq
əlaqələri genişlənir
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti İspaniya Krallığı və Andorra Knyazlığına səfərə gəlmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər zamanı Barselona şəhəri və Andorra Knyazlığının turizm potensialı ilə tanışlıq, qış turizmi sahəsində təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulmuşdur.
Azərbaycan nümayəndə heyəti, eyni zamanda, yanvarın 30-dan fevralın 2-dək İspaniyanın paytaxtı Madrid şəhərində təşkil olunacaq "FİTUR" Beynəlxalq turizm sərgisində, BMT-nin Dünya Turizm Təşkilatının dəstəyi ilə keçiriləcək "Know-How" tədbirlərində iştirak edəcəkdir.
Səfər çərçivəsində Ə.Qarayevin Andorranın turizm və ətraf mühit naziri Françesk Kamp Torres, İspaniyanın turizm üzrə dövlət katibi İzabel Barrego, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, İspaniyanın mədəniyyət üzrə dövlət katibi Xose Maria Lassal Ruiz və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulmuşdur.
Azərbaycan.-2013.-
29 yanvar.- S.3.