ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yaymışlar

 

 ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Yan Kelli (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik yanvarın 28-də Parisdə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ilə keçirilmiş görüşlə bağlı birgə bəyanat yaymışlar.

Bəyanatda bildirilir ki, həmsədrlər 2012-ci ilin oktyabrında tərəflərə təqdim etdikləri və sülh prosesində irəliləyişin əldə olunmasına xidmət edən təklifləri müzakirə etmişlər. Bundan əlavə, görüşdə tərəflər arasında etimad mühitinin möhkəmləndirilməsi üçün görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılmışdır.

Həmsədrlər 2011-ci il aprelin 14-də və ötən il iyulun 13-də yaydıqları bəyanatlara istinad edərək nazirlərlə Dağlıq Qarabağdakı hava limanına enən və qalxan mülki təyyarələrlə bağlı məsələləri müzakirə etmişlər. Xarici işlər nazirləri və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlarda çərçivə kimi ATƏT-in Minsk qrupunun əhəmiyyətini vurğulamışlar. Xarici işlər nazirləri münaqişənin sülh yolu ilə həllinə dəstək verdiklərini və danışıqları davam etdirməkdə qərarlı olduqlarını bildirmişlər.

Nazirlər və həmsədrlər sülh prosesi ilə bağlı növbəti müzakirələrin yaxın həftələrdə davam etdirilməsi barədə razılığa gəlmişlər.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.-2013.- 29 yanvar.- S.3.