Mərakeş Təhlükəsizlik Forumunun IV Beynəlxalq konfransında «Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları» mövzusunda məruzə dinlənilmişdir

 

 Mərakeş Krallığında bu ölkənin Təhlükəsizlik Forumunun "Regional və beynəlxalq təhlükəsizlik üzrə Sahil böhranının əks etməsi və perspektivləri" mövzusunda IV Beynəlxalq konfransı keçirilmişdir.

Azərbaycanın Mərakeşdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, bu ölkənin Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş konfransda Afrika, Avropa, Amerika və Asiyanın 60 dövlətindən 150-dən çox mülki və hərbi məsul işçi, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssis, strateji araşdırmalar üzrə ixtisaslaşdırılmış mərkəzlərin rəhbərləri və Rabatda akkreditə olunmuş diplomatik nümayəndəliklərin əməkdaşları iştirak etmişlər. Konfransda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi direktorunun müavini Gülşən Paşayeva və ölkəmizin Mərakeşdəki səfirliyinin müşaviri İlham Əliyev təmsil etmişlər.

G.Paşayeva "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları" mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə münaqişənin mahiyyəti, Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələri, xalqımızın məruz qaldığı terror və soyqırımı aktları, məsələnin həlli istiqamətində Azərbaycan hökumətinin ədalətli mövqeyi barədə ətraflı məlumat verilmişdir. Qeyd edilmişdir ki, bütün diplomatik səylərə baxmayaraq, münaqişənin həllində indiyə qədər müsbət dəyişiklik əldə olunmamışdır. Münaqişənin həllinə dair qəbul edilmiş beynəlxalq qərarlara Ermənistanın hələ də məhəl qoymadığı və bu ölkənin qeyri-konstruktiv mövqeyinin sülh danışıqlarına mane olduğu diqqətə çatdırılmışdır.

Konfrans çərçivəsində G.Paşayeva Mərakeş Strateji Araşdırmalar Mərkəzinin və Afrika Strateji Araşdırmalar Federasiyasının direktoru Məhəmməd ben Hammau ilə görüşmüşdür. Görüşdə əməkdaşlığın əhəmiyyəti vurğulanmış, əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

G.Paşayeva həmçinin Türkiyə, Tunis, Əlcəzair, Nigeriya, Banqladeş və digər ölkələrin "beyin mərkəzləri"nin rəhbərləri ilə ikitərəfli görüşlər keçirmişdir.

 

 

Azərbaycan.-2013.- 29 yanvar.- S.3.