Suriya erməniləri ölüm təhlükəsini Ermənistana köçməkdən üstün tuturlar
Suriyada davam edən vətəndaş müharibəsi fonunda bu ölkədəki erməni icması dilemma qarşısında qalmışdır: Prezident Serj Sarkisyanın dəvətini qəbul edib Ermənistana köçmək, yaxud ölüm təhlükəsi ilə yaşamağa davam etmək. Suriyadan gələn xəbərlərə görə, 90-120 minlik bu icma ikinci varianta üstünlük verir. Yalnız dörd min erməni, yəni icmanın cəmi beş faizindən də az hissəsi Suriyadan Ermənistana köçmək təklifini qəbul etmişdir. Diqqəti cəlb edən daha bir amil də vardır. Bu məsələdə Ermənistanın Diaspor Nazirliyinin rəqəmləri də şübhə doğurur. Belə ki, Yerevana dörd min erməni mənşəli Suriya vətəndaşının gəldiyini bəyan edən nazirlik, bir gün sonra bu rəqəmin yeddi min olduğunu bildirmişdir.
Türkiyənin "The Diplomatic Observer" jurnalının yazdığına görə, Moskvada Suriya ermənilərinə kömək edəcəyi barədə bəyanatla çıxış edən S.Sarkisyan özünü bölgədə mühüm bir aktor kimi göstərmək istəmişdir. Lakin bunun üçün rəsmi Yerevanın nəinki heç bir imkanı yoxdur, hətta Ermənistanda getdikcə ağırlaşan sosial vəziyyəti belə düzəltməyə qadir deyildir. İşsizliyin getdikcə artdığı, əhalinin gəlirlərinin 52 faizdən çoxunun yalnız aclıqdan ölməmək üçün ərzağa sərf etdiyi, kirə və xidmətlərin insanların real gəlirləri ilə ziddiyyət təşkil etdiyi bir ölkədə suriyalı ermənilərin yaşamaq istəməməsi təbii hesab olunmalıdır.
Bəs, Ermənistan prezidentinin bu bəyanatının arxasında hansı amillər durur? Siyasi analitiklərin fikrincə, bununla Sarkisyan üç niyyət güdür: birincisi, erməni diasporunu səfərbər edərək daha çox maliyyə yardımı cəlb etmək, ikincisi, seçkilərdən əvvəl ölkə daxilində artan narazılığı azaltmaq üçün vətənpərvərlik şüarları ilə gündəmi dəyişdirmək və nəhayət, Suriya ermənilərinin bir hissəsini işğal altında olan Azərbaycan torpaqlarına yerləşdirmək. Digər tərəfdən, Suriyadakı ermənilər Ermənistan vətəndaşlarından daha varlıdırlar və onların pullarını da cəlb etmək olar. Sarkisyanın dəvətinə aldanmış erməni mənşəli suriyalılar üçün dünyada bənzəri olmayan bir addım - Dəməşqdən Yerevana təyyarə biletlərinin qiymətlərinin qaldırılması beynəlxalq aləmdə istehza doğurmuşdur. Nisbətən yoxsul ermənilər də çox gözəl anlayırlar ki, Ermənistan hökuməti onların ev, iş və digər sosial problemlərini həll etmək iqtidarında deyildir.
Bir sıra siyasi şərhçilər hesab edirlər ki, Rusiyanın forpostu olan Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğalını davam etdirmək və suriyalı erməniləri bu ərazilərə yerləşdirmək məqsədi güdür. Suriyadakı erməni icması Ermənistanın avantürist siyasətini aydın gördüyü üçün Yerevanın dəvətini rədd edir. Çünki ermənilər dərk edirlər ki, iqtisadi və hərbi gücü artan Azərbaycan yaxın zamanda torpaqlarını işğaldan azad edəcəkdir. Bununla da Ermənistan gələcəkdə daha ciddi problemlərlə üzləşəcəkdir. Sarkisyanın planına uymaqla Azərbaycan torpaqlarında yerləşmək onlara yalnız fəlakət vəd edir.
Suriyadakı vəziyyətin gec-tez düzələcəyini dərk edən ermənilər bütün qonşuları ilə düşmən olan Ermənistanda heç bir zaman sabitlik və rifah olmayacağını da bilirlər. Onların Yerevana köçmüş ermənilərdən mütəmadi məlumat aldıqları və buradakı sosial vəziyyətin ağır olmasını öyrəndikləri bildirilir. Bu məlumatlarda bildirilir ki, Ermənistan hökuməti öz xalqına çörək əvəzinə milliyyətçilik şüarları, azadlıq və insan hüquqları yerinə tarixi "soyqırımı" travması verir. Suriya vətəndaşlarını dəvət edən rəsmi Yerevan isə ölkəsindən demoqrafik fəlakət həddinə çatmış köçün qarşısını almaqda acizdir. Bunun əksinə, yaşadıqları Suriyada ağır günlər geridə qaldıqdan sonra, bu ölkənin Aralıq dənizi bölgəsinin ulduzuna çevriləcəyi ehtimallarını da gözardı etmək olmaz.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.-2013.-
29 yanvar.- S.3.