Uşaqlara qayğı
artırılır
Ölkəmizdə uşaq və gənclərin hərtərəfli inkişafı, onların intellektual səviyyəsinin yüksəldilməsi, məktəbəqədər təlim və tərbiyəsinin səmərəli təşkili dövlətin xüsusi diqqət ayırdığı məsələlərdən biridir.
Naxçıvan Muxtar Respublikasında da bu sahədə lazımi tədbirlər görülür. Məktəbəqədər, məktəbdənkənar tərbiyə müəssisələri üçün yeni binalar tikilir, onların maddi-texniki bazaları gücləndirilir, uşaqların əlverişli sosial-mənəvi mühitdə böyüməsi üçün hərtərəfli şərait yaradılır. Bunlar isə ilk növbədə ümummilli lider Heydər Əliyevin "Cəmiyyətdə uşaqlara qayğı hər bir vətəndaşın müqəddəs borcudur" müdrik fikrindən irəli gələrək muxtar respublikada həyata keçirilən dövlət uşaq-gənclər siyasətinin uğurlarıdır.
Bu günlərdə Naxçıvan şəhərindəki bir neçə bağçada olduq və burada uşaqlara qulluq, onların fiziki, əqli, zehni, psixoloji inkişafı ilə bağlı həyata keçirilən işlərlə maraqlandıq.
İlk olaraq üz tutduğumuz məkan Naxçıvan şəhər 1 nömrəli uşaq bağçası oldu. Hələ binaya daxil olmamışdan insanda xoş təəssürat yaranır. Cari ilin iyun ayında - Milli Qurtuluş Gününün ərməğanı kimi uşaqların istifadəsinə verilən bağça müasir dizaynda inşa olunmuş dördmərtəbəli binada yerləşir. Bağça müdiri Səadət Qasımova söhbət əsnasında bildirdi ki, bu məktəbəqədər müəssisə Naxçıvan şəhərində fəaliyyətə başlayan ilk bağça olub. 1 nömrəli uşaq bağçası 1928-ci ildə bir qrup və 2 nəfərlik heyətlə işə başlayıb. İndi isə burada 280 yerlik müasir bina istifadəyə verilib.
Bağçada 14 qrup fəaliyyət göstərir. Onlardan 4-ü körpə, 4-ü böyük, 3-ü orta, 3-ü isə məktəbə hazırlıq qruplarıdır. Hər qrupun ayrıca soyunub-geyinmə (hər uşaq üçün ayrı qarderob), yataq otaqları, mətbəxi var. Hər mərtəbədə olan oyun zalları yüksək zövqlə quraşdırılıb. Bağçanın hər cür ləvazimatla təchiz edilmiş tibb otağında həkim və tibb bacıları tərəfindən uşaqların vaxtaşırı müayinəsi və peyvəndlənməsi işi aparılır. Bundan başqa, metodiki kabinet, valideyn və iş otaqları da təlim və tərbiyə proseslərində valideyn-müəllim-uşaq münasibətlərinin hərtərəfli qurulmasında mühüm rol oynayır. Tədbirlər və şənliklər zalında isə əlamətdar günlərin qeyd olunması üçün yüksək şərait yaradılıb. Bağçada uşaqların tərbiyəsinə, sağlamlığına və qidalanmasına ciddi nəzarət yetirilir, həkim-dietoloqlar tərəfindən müəyyənləşdirilmiş yeməklər ümumi qrafik üzrə verilir.
Bağçada ayrıca mətbəx, ərzaq anbarı, işçilər üçün yeməkxana, camaşırxana, dərzi və yardımçı otaqlar da vardır. Binanın həyətindəki oyun konstruksiyaları, istirahət guşələri də uşaqların istifadəsi üçündür. Bina fərdi qazanxana vasitəsilə qızdırılır.
Bağçada Tərlan Orucova, Pərvanə Məmmədova, Təranə Hüseynzadə və digər tərbiyəçilər uşaqların zehni inkişafına xüsusi diqqət yetirirlər. Valideynlər balaca övladlarının intellektual inkişafından, fəallıqlarından çox razıdırlar.
Naxçıvan şəhərindəki 3
nömrəli uşaq
bağçasında da olduq.
Bu bağça da 2012-ci ilin yanvar ayında
istifadəyə verilib.
Dördmərtəbəli binada yerləşən məktəbəqədər
müəssisə hər
cür lazımi avadanlıqla təchiz olunub. Burada 14 qrup var. Onlardan 11-i 1-5 yaş arası, 3-ü isə 5-6 yaş arası uşaqlar üçün nəzərdə
tutulub.
Gün ərzində üz tutduğumuz 4 və 7 nömrəli bağçalarda
da uşaqları müəllimləri ilə
müxtəlif bilik, intellektual oyunlarla məşğul olarkən
gördük.
Əliabad qəsəbə bağçasında
müdir Zülfiyyə
Əsədova ilə tədbirlər keçirilən
zalda qarşılaşdıq. Məktəbəhazırlıq
qrupunun müəllimi
Sevda Rzayeva həvəslə uşaqlara
müxtəlif rəqs
elementlərini göstərir,
digər tərbiyəçi
müəllim Təranə
Qasımova şeir söyləyəcək uşaqlarla
məşğul olurdu.
Uşaqlardan Sirac Məmmədlinin ümummilli
lider Heydər Əliyevə həsr olunmuş şeiri xüsusi intonasiya ilə deməsi, Aynur Bəylərlinin, Turac Məmmədlinin, Rəşaiq Abdullayevin, Nuray Məmmədovanın,
Cansu Məmmədsoyun,
Filiz Qasımovanın
milli rəqsləri ifa etmələri xoş təsir bağışlayırdı. Bu da onu göstərirdi
ki, bağçada uşaqlara milli dəyərlərimiz
aşılanır.
Öyrəndik ki, Əliabad qəsəbə bağçasında
5 müxtəlif yaş
qruplarında olan 100 uşağın təlim və tərbiyəsinin günün tələbləri
səviyyəsində təşkili
üçün hərtərəfli
şərait var. Təlim
prosesində əyani vəsaitlərdən istifadə
edilərək uşaqlar
gündəlik keçirilən
nitq inkişafı, bədii ədəbiyyatla tanışlıq, riyaziyyat,
rəsm, idman və musiqi məşğələlərində yaş səviyyəsinə
uyğun bilik, bacarıq və vərdişlərə yiyələnirlər.
Hazırda muxtar respublikada
15 uşaq bağçası
fəaliyyət göstərir
ki, onların da 13-ü yeni binalarda yerləşir. Bu gün muxtar respublikanın uşaq bağçalarında
2000 uşağın təlim-tərbiyəsi
ilə 500-dən artıq
müəllim və tərbiyəçi məşğul
olur.
Elxan MƏMMƏDOV
Azərbaycan.-2013.- 29 yanvar.- S.4.