Bol məhsulun əsası
Aqrar sahədə fasilələr olmur. İl boyu həmişə hər sahədə iş çoxdur. Gərək yayda payızın, qışın, qışda isə yazın qayğısına qalasan.
İndi qışın oğlan çağıdır. Vaxtaşırı quşbaşı qar yağır. Rayon üzrə isə minlərlə hektar sahəyə toxum səpilib, üzümlüklər də il boyu qayğı tələb edir. Buna görə də həmişə kanallar, arxlar təmiz, artezianlar saz olmalıdır.
Kollektivimiz hər il təqribən 40 min hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılmasını təmin edir. Rayon üzrə təqribən 5 min hektar arpa və buğdanın, 1370 hektar yoncanın, 451 hektar bostan, 1796 hektar çoxillik bitkilərin, habelə üzüm bağlarının taleyi xeyli dərəcədə kollektivimizin işindən asılıdır. Bundan əlavə, 3249 hektar həyətyanı sahələrə də su veririk. Həmişə çalışırıq ki, sel və daşqınların qarşısı alınsın, çayların məcrası, arxlar və kanallar təmiz olsun. Bu sahədə son vaxtlarda Nadel, Mollaosman, Qızılca və Bəhrambəy arxlarında xeyli iş görülmüşdür.
Torpaqlarımız əsasən Gəncəçay, Qoşqarçay və Kürəkçay su mənbələrindən istifadə olunmaqla müxtəlif kanallar və qapalı boru şəbəkələri vasitəsilə suvarılır. Qapalı boru şəbəkəsinin uzunluğu 17 kilometrdən çoxdur, suvarma kanallarının uzunluğu isə 1644 kilometrə çatır. Suötürücülər Xanarx, Xanlararx, Ərəbliarx, Balçılıarx, Bəhrambəyarx, Ortalıqarx, Şahsevənarx, Mollaosmanarx və digərləridir. Həmin arxların hər birinə mütəxəssislərimiz daim nəzarət edir, yeri gəldikcə təmizləmə və təmir-bərpa işləri aparırlar. Bundan əlavə, suvarma zamanı 189 ədəd subartezian quyusundan və 9 ədəd nasos stansiyasından istifadə edirik.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda meliorasiya və suvarma proqramlarının yerinə yetirilməsi üçün əlavə tədbirlər görülməsi məqsədilə dövlət büdcəsindən vəsait ayrılması, kənd təsərrüfatının intensiv yollarla inkişaf etdirilməsi, məhsuldarlığın artırılması ilə yanaşı, əkin sahələrinin genişləndirilməsi və torpağın hər qarışından səmərəli istifadə olunması üçün müvafiq tədbirlərin görülməsi bir vəzifə kimi qarşıya qoyulmuşdur.
Bu mühüm tədbirlərin yerinə yetirilməsində "Meliorasiya və Su Təsərrüfatı" ASC bizə yaxından kömək göstərir. Məhz onun köməyi ilə investisiya vəsaiti qoyuluşu hesabına Gəncəçaydakı Baş qurğuda və Ərəbli kanalında təmir-bərpa işləri görülmüşdür. Gəncəçay baş qurğusunda layihə üzrə işlər görülüb başa çatdırılmış, Ərəbli və Xan arxlarında 450 metr məsafə betonlaşdırılmışdır. İnvestisiya vəsaitləri hesabına Göygöl şəhərində və Bəhrambəy kəndində subartezian quyuları bərpa edilmiş, Topalhəsənli kəndində nasos stansiyası əsaslı surətdə təmir olunmuşdur. Ərəbli kanalı altında yerləşən əkin sahələrinin sudan itkisiz və səmərəli istifadə olunması üçün 4 kilometr uzunluğunda yeni arx çəkilmişdir. Bundan əlavə, qapalı boru şəbəkəsinin 6 kilometr hissəsində təmir işləri aparılmışdır. Kanal və arxların lildən təmizlənməsi həmişə kollektivin diqqət mərkəzindədir. Bu məqsədlə müxtəlif mexanizmlərlə 408 min kubmetr təmizləmə işi görülmüşdür.
Son vaxtlarda biz müxtəlif səbəblər üzündən istifadə olunmayan əkinəyararlı torpaqların əkin dövriyyəsinə cəlb edilməsi istiqamətində müəyyən işlər görürük.
Gəncəbasar bölgəsində suvarma sistemi yeni mərhələyə qədəm qoyur. Bəlli olduğu kimi, dövlət başçısının tapşırığı ilə Şəmkir dəryaçası da inşa edilir. Layihəyə uyğun olaraq bizim rayona da ayrıca kanal çəkilir. Nəticədə azı 1500 hektar torpaq sahəsi əkin dövriyyəsinə cəlb ediləcək.
Yaz tarla işlərinə hazırlıqla əlaqədar 44 hidrotexniki qurğu, 30 hidropost cari təmir edilmiş, arxlar və kanallar kol-kosdan təmizlənmiş, boru kəmərində 6, beton kanallarda 9 kilometrədək təmir işləri aparılmışdır.
Xanlar və Xan arxlarında cari təmir işləri başa çatdırılmış, həmin arxlarla əkin sahələrinin tam suvarılmasına təminat yaranmışdır. Kürəkçay və Qoşqarçayda qapalı boru şəbəkələri bərpa edilmiş, Topalhəsənli nasos stansiyası əsaslı təmir olunaraq istismara verilmişdir.
Yeri gəlmişkən bir məsələni də qeyd etmək istəyirəm. Rayonumuz dağətəyi bölgədə yerləşir. Yağışlar çoxalıb, sel-su artan kimi müəyyən sahələrdə daşqınlar yaranır və nəticədə istər torpaqlara, istərsə də kəndlərə, evlərə ziyan dəyir. Bu cür halların qarşısının alınması üçün kollektivimiz təşəbbüs yolu ilə xeyli sahədə qoruyucu kanal çəkmişdir.
Bir
sözlə, havalar soyuq keçsə də, hər yerdə
qızğın iş gedir. Qar altından boylanan yaşıl
cərgələr bol məhsullardan
xəbər verir. Bu da bizi daha həvəslə, daha
ürəklə çalışmağa ruhlandırır.
Namaz QULİYEV,
Göygöl Suvarma Sistemləri
İdarəsinin
rəisi
Azərbaycan.-2013.- 29 yanvar.- S.4.