«Gənclərin Avrointeqrasiya
modeli» mövzusunda müzakirələr
aparılmışdır
Yanvarın
28-də Bakıda Azərbaycan Gənclərinin Avropaya
İnteqrasiyası Təşkilatının (AGAT) təşkilatçılığı,
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə
"Gənclərin Avrointeqrasiya modeli" mövzusunda forum
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbirdə Milli Məclisin
deputatları, gənclər təşkilatlarının rəhbərləri,
ölkəmizdəki diplomatik korpusun nümayəndələri
iştirak etmişlər.
Tədbirdə
çıxış edən AGAT-ın sədri Gülsel Səfərova
bildirmişdir ki, dövlət müstəqilliyimiz bərpa
olunduqdan sonra Azərbaycanın Avropaya inteqrasiyası
başlanılmışdır və hazırda bu proses
uğurla davam etdirilir. O bildirmişdir ki, forumun məqsədi
Avrointeqrasiya prosesində gənclərin rolunu, Azərbaycanın
beynəlxalq nüfuzunun daha da möhkəmlənməsində
Avropaya inteqrasiyanın əhəmiyyətini
diqqətə çatdırmaqdır.
Sonra
Azərbaycan Respublikasının Prezidenti
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin ictimai-siyasi
təşkilatlarla iş sektorunun müdiri Elman
Paşayevin "Azərbaycanda vətəndaş cəmiyyətinin
quruculuğunda QHT-lərin rolu" mövzusunda məruzəsi
dinlənilmişdir.
Demokratiyanın
Azərbaycanda dövlət idarəçiliyinin, ictimai həyat
normalarının və vətəndaş cəmiyyətinin əsas
prinsiplərinə çevrildiyini bildirən E.Paşayev, ölkəmiz
müstəqillik əldə etdikdən sonra Azərbaycanın
Konstitusiyası və digər qanunvericilik aktlarının
Avropa standartlarına
uyğunlaşdırıldığını diqqətə
çatdırmışdır. Bildirmişdir ki, ölkədə
insan hüquq və azadlıqları, o cümlədən
söz azadlığı təmin olunmuşdur.
Vurğulanmışdır
ki, bu gün ölkəmizdə mətbuatın və vətəndaş
cəmiyyəti institutlarının inkişafına dövlət
səviyyəsində dəstək göstərilir. Bu məqsədlə
Prezident İlham Əliyevin təşəbbüsü ilə
yaradılmış Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Şurası vasitəsilə hər il QHT-lərin
müxtəlif layihələrinin maliyyələşdirilməsinə
on milyonlarla manat vəsait xərclənir. Bu gün Azərbaycanda
2700-dən çox QHT qeydiyyatdadır. Onların sayı cəmiyyətin
tələb etdiyi qədərdir.
Azərbaycanda
QHT rəhbərləri ilə hakimiyyət nümayəndələrinin
görüşlərinin təşkil
olunduğunu deyən E.Paşayev bildirmişdir ki, belə tədbirlər
bundan sonra da sistemli xarakter daşıyacaqdır.
Forumda
gənclər və idman nazirinin müavini İntiqam Babayev
"Avropaya inteqrasiya prosesində Azərbaycanda həyata
keçirilən dövlət gənclər siyasəti"
mövzusunda məruzə ilə çıxış
etmişdir. Məruzəçi demişdir ki, Azərbaycan
dövləti gənclərimizin avropalı həmkarları ilə əməkdaşlıq əlaqələrinə
həmişə dəstək verir. Bunun nəticəsidir ki,
2006-2012-ci illərdə Azərbaycan gənclərinin Avropa gənclər
təşkilatlarında 140 layihəsi dəstəklənmişdir.
Son 3 ildə isə onlar Avropa İttifaqının "Gənclər
fəaliyyətdə" proqramı çərçivəsində
220-dək layihədə iştirak etmişlər. Hazırda
Azərbaycan gəncləri 30-dan çox beynəlxalq təşkilatda
uğurla təmsil olunurlar.
Rabitə
və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə
Avrointeqrasiya prosesində informasiya-kommunikasiya
texnologiyalarının (İKT) rolundan və bu sahədə Azərbaycanın
təcrübəsindən danışmışdır.
Azərbaycanda
2013-cü ilin Prezident İlham Əliyevin müvafiq sərəncamı
ilə "İnformasiya-kommunikasiya texnologiyaları ili"
kimi təsdiq olunduğunu xatırladan nazir müavini
bildirmişdir ki, son illər
İKT-nin sürətli inkişafı internetin imkanlarının
genişlənməsinə şərait yaratmış və
ölkəmizdə müasir internet şəbəkəsi
formalaşmışdır. Hazırda ölkə üzrə
internet istifadəçilərinin sayı əhalinin 70 faizini
təşkil edir. Ölkə səviyyəsində provayder
xidmətləri və internet vasitələri, informasiya və
media strukturları çox sürətlə inkişaf edir.
Nazir
müavini qeyd etmişdir ki, Azərbaycan bu sahədə 144
ölkə arasında 46-cı yerdə, MDB məkanında isə
liderdir. Azərbaycanın beynəlxalq konvensiyalara
qoşulduğunu söyləyən E.Vəlizadə, İKT
sahəsində layihələrin həyata keçirilməsində
Avropa təcrübəsindən bəhrələndiklərini
diqqətə çatdırmışdır.
Tədbirdə
Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin
rəhbəri Roland Kobia çıxış edərək Azərbaycanın
Avropa üçün vacib ölkə olduğunu demişdir.
Türkiyənin,
Fransanın və Rumıniyanın Bakıdakı səfirləri
İsmayıl Alper Coşqun, Paskal Mönye və Daniel
Çiobanu Azərbaycan-NATO əlaqələrindən, Avropa təsisatlarında
Azərbaycan gənclərinin fəallıqlarından
danışmışlar. Qeyd edilmişdir ki, gənclərin
elm və təhsilinə qayğı ilə yanaşan Azərbaycan
hökuməti onların Avropaya inteqrasiya olunmasını da
daim diqqətdə saxlayır.
Forum
öz işini müzakirələrlə davam etdirmişdir.
Azərbaycan.-2013.- 29 yanvar.- S.6.