Sosial müdafiə sisteminin dəyərli
salnaməsi
Müstəqil Azərbaycan Respublikasının sosial müdafiə sisteminin mahiyyətinin öyrənilməsi, ölkədə həyata keçirilən sosial siyasətin həm praktiki, həm də elmi-nəzəri aspektlərinin hərtərəfli tədqiq edilməsi bu sahədə fəaliyyətin səmərəliliyinin yüksəldilməsində, sivil dünya təcrübəsinə uyğun sosial siyasətin qurulmasında böyük əhəmiyyətə malikdir. Son məqsədi əhalinin sosial güzəranının yaxşılaşdırılması, layiqli həyat səviyyəsinin yaradılması olan sosial müdafiəsi sistemi hər bir dövlətin fəaliyyətində əsas yer tutur, bilavasitə insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Bu baxımdan 2012-ci ilin oktyabr ayında MBM nəşriyyatında nəşr edilmiş Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadi Rəcəblinin "Azərbaycan Respublikasının sosial müdafiə sistemi" adlı dərs vəsaiti xüsusi əhəmiyyətə malikdir.
Dərs vəsaiti həm bu sahədə təhsil alan ali məktəb tələbələrinin, magistr və doktorantların, sosial müdafiə sistemində çalışan əməkdaşın, həm də sosial müdafiə sistemindən bəhrələnən hər bir Azərbaycan vətəndaşının, xüsusilə sosial müdafiəyə daha çox ehtiyacı olan əhali kateqoriyasının müvafiq biliklər əldə etməsinə, onların ölkədə həyata keçirilən sosial müdafiə tədbirlərinin mahiyyəti barədə daha məlumatlı olmasına xidmət edəcəkdir. Dərs vəsaiti təhsilalan-sosial müdafiə sistemi əməkdaşı-vətəndaş arasında koordinator rolunu da üzərinə götürə biləcəkdir. Dərs vəsaitində xronoloji ardıcıllıqla - Azərbaycan Respublikasının müstəqillik ərəfəsində sosial müdafiə sisteminin vəziyyəti, sosial siyasətin transformasiyası, keçid dövründə sosial siyasətin vəziyyəti, sosial islahatların mahiyyəti və məqsədləri araşdırılır, keçid dövründən sonrakı sosial müdafiə sisteminin vəziyyəti elmi və praktiki şəkildə təhlil olunur və onun təkmilləşdirilməsi yolları və qarşıda duran vəzifələr müəyyən olunur.
Dərs vəsaitinin aktuallığını qeyd etmək üçün onun bir sıra cəhətləri üzərində dayanmaq yerinə düşər. Belə ki, kitabda həm müstəqillikdən əvvəl, həm də sonra ölkənin sosial siyasətinin qarşısında duran vəzifələrin müqayisəli təhlili - həm də sosial siyasətin bir neçə istiqaməti üzrə (məşğulluq siyasəti, sosial sığorta və pensiya təminatı, sosial yardım, səhiyyə və s.) aparılmışdır. Müəllif hər bir mövzunu işləyərkən sosial sahədə qəbul edilmiş normativ hüquqi aktları diqqətlə təhlil etmiş, onların qəbul edilməsi şəraitini və səbəblərini araşdırmış, icrada olan çatışmazlıqları göstərmişdir. Kitabı daha mötəbər və əsaslı edən səbəblərdən biri də təhlil zamanı müəllifin statistik məlumatlardan və faktlardan bəhrələnə bilməsidir. Burada statistik məlumatlar elmi nöqteyi-nəzərdən istifadə olunmuşdur ki, bu da kitabdan istifadə edən şəxsin statistik rəqəmləri yadda saxlamaq kimi problemlə üzləşdirmir. Digər tərəfdən statistik rəqəmlərin mütəmadi köhnələ bilməsi amili də nəzərdən qaçırılmamışdır. Beləliklə, Azərbaycanda demoqrafik vəziyyətin, əhalinin sağlamlığının qorunması məsələsinin, məşğulluq siyasətinin araşdırılması zamanı statistik məlumatlardan səmərəli istifadə olunmuş və aktual elmi nəzəri və praktiki mülahizələr irəli sürülmüşdür.
Kitab ana dilində yazılmış ilk vəsait olmaqla müəllifin uzun illər həm elmi-nəzəri, həm də praktiki-qanunvericilik sahəsində əldə etdiyi təcrübəyə əsaslanmaqla əhalinin sosial müdafiəsi sisteminin bütün sahələrini və aspektlərini əhatə edir. Fikrimcə, kitabın müəllifinin müstəqil Azərbaycanın sosial siyasətinin qanunvericilik bazasının yaradıcılarından olan Hadi Rəcəbli olması onun dəyərinin və elmi-praktiki sanbalının vacib göstəricisi sayıla bilər. Çünki sosial müdafiə sistemi tətbiqi elm olduğundan, onun nəticələri bilavasitə insan həyatında özünü göstərdiyindən bu sahədə ən sanballı əsəri məhz sosial siyasətin həyata keçirilməsində iştirak edən şəxs ortaya qoya bilər.
Müəllif öz tədqiqatında haqlı olaraq bu qənaətə gəlir ki, sosial siyasət dövlətin iqtisadi qüdrətinin artması, demokratik və hüquqi dövlətin qurulması, qanunun aliliyi kimi dəyərlərlə sıx bağlıdır. Müəllif sosial siyasəti dövlət həyatının digər sahələrindən təcrid olunmuş şəkildə deyil, onlarla üzvi əlaqədə öyrənir. Çünki, sosial siyasətin uğuru dövlətin iqtisadi gücü, mükəmməl qanunvericilik bazasının mövcudluğu amillərindən də asılıdır. Tədqiqatçı ən müxtəlif mənbələrdən: yerli və xarici elmi nəşrlərdən, kütləvi informasiya vasitələrinin materiallarından, statistik məlumatlardan, qanunvericilik aktlarından səmərəli şəkildə bəhrələnmiş, ciddi araşdırma aparmışdır.
Müəllifin monoqrafiya, yaxud dərslik deyil, məhz dərs vəsaiti hazırlamaq məqsədi də xüsusi diqqətəlayiqdir. Dərs vəsaiti kimi nəzərdə tutulması müəllifə imkan yaradır ki, o yalnız elmdə dəqiq təsbit olunmuş mülahizələri, sosial müdafiə sisteminin mahiyyəti və vacib aspektlərini açıqlamasın, eyni zamanda bu və ya digər sosial anlayışa, hadisə və prosesə öz münasibətini də bildirsin. Bu da təbii qəbul edilməlidir. Çünki, dünyanın inkişaf etmiş ölkələrində sosial müdafiə sistemi özü bir elm kimi yeni formalaşır və bu elmin sosial iqtisadiyyat, sosiologiya, sosial müdafiə hüququ və digər elm sahələrindən ayrılaraq özünütənzimləmə predmeti meydana çıxır. Digər tərəfdən dünya ölkələri tərəfindən hələ ideal, birmənalı qəbul edilən sosial müdafiə sistemi, hər hansı bir məsələyə vahid baxış ortaya qoyulmamışdır və bu, bəlkə də mümkün deyildir. Məsələn, fikrimi ünvanlı sosial yardım sisteminin tətbiqinin üstünlükləri və çatışmazlıqları fonunda izah etmək istərdim. Üstünlük ondadır ki, hər bir ehtiyacı olan ailəyə (şəxsə) minimum yaşamağı təmin edən miqdarda yardım verilsin. Çatışmazlığı isə daha çox leqal, formal gəlirlərin nəzərə alına bilməsi fonunda bəzən ehtiyaclı insandan daha çox qeyri-leqal şəkildə fəaliyyət göstərən faktiki azmaaşlı şəxslərin bu yardımdan bəhrələnmə imkanının olmasıdır. Nəticədə isə, ünvanlılığı qarşısına məqsəd kimi qoyan ünvanlı sosial yardım sistemi ünvanlılıqdan yayına bilir. Bunun üçün də müəllif daha təkmil və inkişaf etmiş ölkələrdə geniş tətbiq olunmağa başlayan sosial reabilitasiya proqramlarının tətbiqinin üstünlüklərini və vacibliyini elmi cəhətdən izah edir.
Qeyd olunan misaldan da göründüyü kimi, konkret sosial müdafiə sistemi ilə bağlı elmdə birmənalı fikrin olmaması müəllifin "dərslik" statusunun məsuliyyətini dərk etməsi ilə əlaqələndirilməlidir. Qənaətimcə isə, kitab ali məktəblərin tələbələri, magistrantlar və tələbələr üçün qiymətli bir dərslikdir. Sosial müdafiə sisteminin əməkdaşları üçün stolüstü bir kitabdır.
Kitabın "Azərbaycan Respublikasının sosial müdafiə sistemi" adlandırılması da hesab edirəm ki, uğurlu və məqsədyönlüdür. Müəllifin fikrincə, burada məqsəd əsasən dövlətin sosial siyasətini açıqlamaq deyil, əsas niyyət əhalinin sosial müdafiəsi ilə bağlı forma, mexanizm və tədbirləri izah etmək, onun əhatə dairəsini müəyyən etmək, nəhayət bu sahədə dövlətin funksiya və vəzifələrini göstərməkdir.
Giriş və on fəsildən ibarət olan kitabın strukturu tam şəkildə tədris üçün uyğundur. Kitabın strukturunun təhlili göstərir ki, fəsillər öz mahiyyətinə görə nəzəri (I-V fəsillər) və praktiki (VI-X fəsillər) məsələləri əhatə edir. Yəni ilk fəsillərdə əldə edilən, öyrədilən biliklər bütünlüklə, sosial müdafiə sisteminin dərkinə, sonrakı fəsillərdə izah olunan ayrı-ayrı sosial müdafiə mexanizmlərinin məram və məqsədlərinin düzgün anlaşılmasına imkan yaradır. Bu struktur Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının sosial müdafiə sistemi" tematik planına da tam uyğundur. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, həmin tematik planın tərtibçisi və müəllifi də məhz professor Hadi Rəcəblidir.
Müəllif girişdə əhalinin sosial müdafiəsi sisteminin qarşısında duran vəzifələri olduqca aydın və səhih şəkildə açıqlayır. Bu sahədə ilkin biliklərə malik olmayan bir gənc - tələbə, magistrant və s. artıq ilk mövzudan aydın şəkildə fənnin predmetini, mahiyyətini anlamağa başlayır və ən əsası kitaba, kitabın əsasında isə tədris olunan fənnə marağı yaranır. Dilin aydınlığı və fikir axıcılığı bu kitaba tam mənasında aid edilə bilər.
Müəllif yazır: "Hər bir ölkədə əhalinin həyat səviyyəsini təyin edən başlıca meyar onun sosial müdafiə sisteminin vəziyyətidir. Əhalinin sosial müdafiə sistemi insanların sosial problemlərinin həllinə yönəldilən sosial və iqtisadi tədbirlər toplusu olaraq əhalinin elə təbəqəsini əhatə edir ki, onlar əmək qabiliyyətinin itirilməsi, işsizlik və digər səbəblərdən özlərinin və ailələrinin əmək qabiliyyətli olmayan üzvlərinin zəruri həyati tələbatlarını ödəyə bilmirlər. Əlverişsiz şərait yarandıqda belə vətəndaşlara qanunvericiliklə müəyyənləşdirilmiş sosial müdafiə sistemi çərçivəsində pul və ya natural yardımlar göstərilir. Sosial müdafiə sistemi eyni zamanda əlverişsiz şəraiti aradan qaldırmaq üçün profilaktik tədbirlərin həyata keçirilməsini də nəzərdə tutur." Hesab etmək olar ki, burada sosial müdafiə sisteminin həm əsas məqsədi, həm onun subyektləri, səbəblər, nəhayət isə sosial müdafiənin formaları ümumiləşdirilmiş şəkildə əhatə oluna bilmişdir. Əlbəttə, təbii ki, qeyd olunan hər bir məsələ sonrakı fəsil və paraqraflarda ətraflı araşdırılmışdır.
Müəllif qeyd edir ki, "sosial müdafiə" anlayışı geniş və dar mənada istifadə olunur. Geniş mənada, sosial müdafiə dedikdə fərdin özünü müstəqil şəkildə təmin edə bildiyi, özünə və uşaqlarına həyat fəaliyyəti üçün lazımi şəraiti yarada bildiyi sosial münasibətlər sistemi nəzərdə tutulur. Dar mənada sosial müdafiə dedikdə xüsusi olaraq çətin vəziyyətdə olan və kənar kömək olmadan maddi təminat vəziyyətlərini düzəltmək iqtidarında olmayan əhali qrupunun (sosial müdafiəyə ehtiyacı olanların) müvafiq və ya kafi yaşayışını təmin etməyə yönələn dövlətin sosial siyasəti başa düşülür.
Müəllif ümumiləşdirərək Azərbaycanda əhalinin sosial müdafiə sisteminin ümumi mənzərəsini yaradır və ölkəmizin sosial müdafiə sistemini aşağıdakı kimi xarakterizə edir:
- sosial müdafiə sisteminin ən həssas əhali qruplarına, yəni sosial müdafiəyə daha çox ehtiyacı olan şəxslərə ünvanlanması. Dünyada yoxsul və həssas əhalinin müəyyən edilməsi üçün ideal mexanizm mövcud olmasa belə bir mexanizmin yaradılması mümkündür;
-
sığorta-pensiya və sosial yardım sistemlərinin
bir-birindən ayrılması. Mövcud sığorta-pensiya
sistemi pensiya məbləğinin hesablanmasında əsas amil
olan sosial sığorta haqlarının vaxtında və tam məbləğdə
ödənilməsində hər bir sığortaolunanı
maraqlı edir.
Əvvəldə
də qeyd etdiyim kimi, müəllif nəzəri və praktiki
məqamları birləşdirərək uğurlu bir vəsait
ortaya qoymuşdur. Ölkəmizin sosial müdafiə sisteminin
həyata keçirilməsinin əsasları ölkənin
qanunlarında, ölkə başçısı tərəfindən
təsdiq edilmiş strategiya, dövlət proqramı və tədbirlər
planlarında əksini tapır və hökumət tərəfindən
icra olunur. Bu baxımdan ictimai həyatın bütün sahələrində
olduğu kimi, sosial müdafiə sistemində də uğurlar
heç şübhəsiz ölkə
başçısının birbaşa fəaliyyətinin nəticəsidir.
Müəllif
öz tədqiqatlarında belə bir nəticəyə gəlir
ki, Azərbaycanda sosial siyasətin dayanıqlı olması
üçün ölkənin iqtisadi bazisinin güclü
olması vacib amildir. Bu baxımdan biz ulu öndər Heydər
Əliyev sosial siyasətinin inkişaf tarixinə nəzər
yetirsək görərik ki, ilk dövrlərdə sosial
müdafiə sahəsində islahatların həyata
keçirilməsi istiqamətində kəskin qərarlar qəbul
edilməmişdir. Sosial siyasət sahəsində əhəmiyyətli
addımlar yalnız ölkə iqtisadiyyatının tənəzzüldən
çıxmasından, daxili sabitliyin təmin edilməsindən,
möhkəm dövlətçiliyin yaradılmasından sonra
atıldı. Nəhayət, 2006-cı ildən başlayaraq
ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
çox ciddi islahatlar həyata keçirildi, qərarlar qəbul
edildi.
Birinci fəsildə
(əhalinin sosial müdafiəsinin elmi-nəzəri aspektləri)
sosial siyasətin daha çox nəzəri aspektləri
araşdırılmış, dünyanın ən
tanınmış sosioloq və politoloqlarının fikir və
mülahizələri təhlil olunmuşdur. Buraya əhalinin
sosial müdafiəsi sahəsində anlayışlar, sosial sahələrin
təsnifatı, sosial müdafiəsinin təşkilati-hüquqi
formaları, sosial normativlər, sosial siyasətin iqtisadi-maliyyə
aspektləri kimi mövzular aiddir. Bu sahələrin mütəxəssisləri
yaxşı bilirlər ki, sosial sahələrin təsnifatını,
eləcə də sosial müdafiəsinin təşkilati-hüquqi
formalarını müəyyən etmək çox çətin
və problemli məsələdir. Bu sahədə sanballı tədqiqatlar
aparan hər bir alim bu məsələlərdə fərqli
elmi fikirlər irəli sürmüşlər. Hadi Rəcəbli
isə uzun illərin təcrübəsinə əsasən
sosial müdafiənin əhatə dairəsini özünəməxsus
şəkildə müəyyən etməyə nail
olmuşdur.
İkinci
fəsildə dövlətin sosial siyasətinin mahiyyəti, məqsədi
və qarşıda dayanan vəzifələr təhlil olunur.
Müəllif bu qənaətə gəlir ki, sosial siyasət
son anda sosial tələbatın təmin olunması vasitəsidir.
Burada dünyada mövcud olan sosial siyasətin modelləri
araşdırılır və onların üstün və
çatışmayan cəhətləri izah olunur. Bu fəslin
əsas nəticələri ondan ibarətdir ki, ölkəmiz
üçün sivil, dünyanın ən mütərəqqi
dəyərlərinə söykənən sosial siyasət
modeli irəli sürülür.
III fəsil
(sosial siyasətin subyektləri və obyektləri) sosial siyasətin
subyektlərini, cəmiyyətin sosial stratifikasiyası məsələlərini,
sosial siyasətin obyektlərini müəyyən edir.
Müəllif
eyni zamanda əlillər, şəhid ailəsi üzvləri,
müharibə veteranları, məcburi köçkünlər
və s. haqqında geniş elmi-nəzəri
araşdırmalar aparır və oxucunu qanunvericiliyin mövcud
vəziyyəti barədə məlumatlandırır. Bu və
sonrakı mövzular həm də praktiki əhəmiyyətə
malikdir, yəni hər bir şəxs bu fəsillərdən
qanunvericilikdə onun təmsil olunduğu əhali
kateqoriyası üçün mövcud təminatları
müəyyən edə bilər.
Sonrakı
fəsillərdə isə məşğulluq siyasəti və
onun sosial-iqtisadi mahiyyəti, dövlət məşğulluq
siyasətinin başlıca istiqamətləri, əmək
siyasəti və əmək hüquqlarının
qorunması, Azərbaycanda ailə siyasəti, Azərbaycanda
qadın siyasəti və qadın hüquqları, uşaqlara
qayğı dövlətin sosial siyasətinin prioritet istiqaməti
kimi, valideyn himayəsindən məhrum olmuş uşaqlar, gənclər
siyasəti, sosial sığorta və əmək
pensiyaları, məcburi dövlət sosial sığorta
ödəmələri, sosial müavinətlər,
ünvanlı dövlət sosial yardımı, sosial xidmətlər,
əhalinin sağlamlığının qorunması, fiziki tərbiyə
və idman məsələləri əhatə olunmuşdur.
Təbii
ki, kitabın ayrı-ayrı fəsil və mövzuları
haqqında məlumat vermək niyyətindən uzağıq. Bu
heç mümkün də deyildir. Bunun üçün ən
yaxşısı kitabı oxumaqdır. Bu kitab münasibəti
ilə hörmətli professor Hadi Rəcəblini təbrik
edir, ona daha böyük elmi uğurlar arzulayıram. Yekunda bir
daha onu vurğulamaq istəyirəm ki, müəllif
qarşısına qoyduğu məqsədlərə tam nail
olmuş, elmimiz üçün dəyərli kitab ərsəyə
gətirə bilmişdir.
Ziyad SƏMƏDZADƏ,
Milli Məclisin İqtisadi siyasət
komitəsinin sədri, akademik
Azərbaycan.-2013.- 29 yanvar.- S.6.