Məktəblinin çantaya sığmayan "yük"ü

 

Hər bir uşaq inkişafda olan yaş dövrünü yaşayır. Onların həyat tərzi elə qurulmalıdır ki, bu inkişafa heç nə mane olmasın. Uşağın üzərinə düşən yük - istər  fiziki, istərsə də zehni olsun - düşünülmüş halda normallaşdırılmalıdır. Çünki uşaq çox yükləndikdə, ilk növbədə onun sağlamlığına ciddi ziyan dəyir. Nəticədə  nevroz, əsəb gərginliyi, daha sonra isə miopiya (yəni görmə zəifliyi), qamət pozğunluğunun müxtəlif növləri, həzm orqanlarının xəstəlikləri, yorğunluq və s. patologiyalar meydana çıxa bilər. Beləcə kiçik yaşlı məktəblilərdə ilk günlərdən tədrisə, oxumağa, yazmağa, öyrənməyə mənfi münasibət formalaşır.

Bu gün çoxumuzun gördüyü, müşahidə etdiyi, lakin əhəmiyyət vermədiyi bir problem haqqında söhbət açmaq istəyirik. Bu, məktəbli çantaları ilə bağlıdır. Biz bilirik ki, hər bir şagirdin geyimini tamamlayan əsas əşyalardan biri onun çantasıdır. Buraya dərsliklər, iş dəftərləri, rəsm albomları, rəngli karandaşlar, qələmlər, digər dərs ləvazimatları yerləşdirilir və məktəblilər həmin çantanı piyada, avtobuslarda, metroda, marşrut taksilərdə, soyuqda, yağışda, qarda daşımalı, səkidən-səkiyə keçirməli, nəhayət, məktəbin pilləkənləri ilə yuxarı çıxarmalı, sonra da aşağı düşürməlidirlər. Söylənən mövzu barədə hərdən danışılsa da, əslində bu mühüm məsələ hamını düşündürməlidir. Təbii ki, ilk növbədə valideynləri.

Ölkəmizdə uşaqlar məktəbə 6 yaşında göndərilir. Bütün ata-analar isə övladları üçün hər şeyin ən yaxşısını arzulayır. Bu istək özünü uşaqların geyimində, məktəb aksessuarlarında da göstərir. Valideynlər mümkün qədər daha cəlbedici aksessuarlara üstünlük verirlər. O cümlədən çantaların da böyüyünü, genişini, dəmir qollusunu, bəzəklisini seçirlər. Amma düşünmürlər ki, həmin ağır çantalar kitab, dəftər, dərs ləvazimatları ilə yükləndikdən sonra onun daşınması övladlarının fiziki imkanları xaricində olur. Ümumiyyətlə, məktəb çantası məktəb yaşlı uşaqların yük və ağırlıqla tanışlığının ilkin mərhələsi hesab edilir. Ağır çanta məktəb uşaqlarının inkişaf etməkdə olan oynaq və əzələ strukturlarında müəyyən problemlərə səbəb olur.

Mövzu ilə bağlı həmsöhbətimiz Azərbaycan Tibb Universitetinin Uşaq və yeniyetmələrin gigiyenası, əmək gigiyenası kafedrasının müdiri, dosent Səyyad Gürzəliyev oldu. O bildirdi ki, məktəbli çantasının ağırlığı şagirdin öz çəkisinin 15 faizindən çox olmamalıdır. 1-2-ci siniflərdə məktəbli çantaları 1,2 kiloqram, 3-4-cü siniflərdə 2,2, 5-6-cı siniflərdə 2,3, 7-8-ci siniflərdə 3,2 kiloqrama qədər olmalıdır. Lakin bu çantaların ağırlığı hazırda normanı 3-4 dəfə keçir. Uşaqlar 4-5, yuxarı siniflərdə isə hətta 10-12 kiloqramdan çox yük daşımalı olurlar. Bir dərsliyin çəkisi isə 500 qramdan artıq olmamalıdır. Bu gün hətta aşağı siniflərdə 4-5 saat dərs keçilir. Əgər bir fənn üçün dərslik və iş dəftərinin çəkisi 1 kiloqram edirsə, deməli, 3 fənn üçün uşaq məktəbə 3 kiloqram yük daşımalıdır, əlavə digər dərs ləvazimatları da nəzərə alınmalıdır. Dünya standartlarına görə, 12 yaşına qədər olan uşaqlar 3,2 kiloqramdan artıq yük götürməməlidirlər. Bir çantanın çəkisi isə 700 qramdan çox olmamalıdır. Fikrini bir qədər də inkişaf etdirən S.Gürzəliyev dedi ki, ağır məktəbli çantasının gündəlik daşınması kiçik yaşlılarda şiddətli bel ağrılarına, onurğa sütununun əyilib C və ya S şəkli almasına və başqa qüsurların, xəstəliklərin ortaya çıxmasına səbəb olur. Unutmaq olmaz ki, aşağı siniflərdə oxuyan uşaqlarda sümükləşmə prosesi hələ tam başa çatmayıb. Onun sümüyü hələ çox kövrək, elastik olduğundan bu əyilmə sonra bərpa edilməyə də bilər. Səyyad müəllim hələ bu fəsadların hamı tərəfindən aşkar görünən, müşahidə edilən qüsurları barədə danışdı. O, məsələnin daha geniş izahını verərək bildirdi ki, hazırda ölkəmizdə təhsil sistemi bütün səviyyələrdə modernləşmə prosesindədir. Avropa təhsil məkanına inteqrasiya aparılır, kurikulum üsulunun tətbiqi geniş vüsət alır. Lakin bu sistemin özünəməxsus xarakterik xüsusiyyətləri də mövcuddur. Belə ki, ümumtəhsil müəssisələrində, gimnaziyalarda, liseylərdə tədris yükü rekord şəkildə artırılır. Uşaqların dərs yükünün analizi göstərir ki, hər yeni tədris ilində məktəblilər böyük həcmdə bilik əldə etməlidirlər: çoxsəhifəlik dərslikləri, ədəbiyyat mənbələrini oxumalı, 400-500-ə qədər anlayış öyrənməli, 700-dən çox təyinat yerinə yetirməlidirlər. Məsələn, V-VII siniflərdə həftəlik tədris yükü 56 saata qədərdir. Yalnız tədris fəaliyyətinə və onun statistik komponentlərinin öyrənilməsinə məktəblinin sərbəst vaxtının təxminən 68 faizi sərf edilir, yəni əlindən alınır. Bu qədər informasiya yükünün altına girmək isə hər bir yeniyetməyə nəsib olmur. Bu, böyük bir faktordur və hansı fəsadlara gətirib çıxarır, bax o barədə ciddi düşünməliyik. Əgər təhsil sahəsində qarşıya qoyulan məqsədə nail olunursa, bu, məktəblinin həddindən artıq yüklənməsi hesabına başa gəlir. Digər tərəfdən, həmin bilikləri mənimsəmə texnologiyası hazırda istənilən səviyyədə deyil. Odur ki, ümumtəhsil müəssisələrində həddindən artıq dərs yükünün yüksəldilməsi, informasiya çoxluğu qarşısında təhsil müddətinin bir il uzadılması zərurəti qarşıya çıxır. Mütəxəssislərin fikrincə, orta ümumtəhsil müddətinin uzadılması yeniyetmələrin öz qabiliyyətlərinə görə peşə seçimində, ali məktəblərə hazırlanmasında da müsbət rol oynaya bilər. İnkişaf etmiş bir çox ölkələrin rəsmi nümayəndələri hesab edirlər ki, ali təhsil müəssisələrinə hazırlıq ancaq 18 yaşa qədər aparılmalıdır. Buna uşaqların fizioloji-funksional qabiliyyətləri də  yalnız həmin yaşda imkan verir. Dünyanın əksər ölkələrində birinci növbədə gənclərin sosial müdafiəsi üçün 12 və ya 13 illik orta təhsil sistemi həyata keçirilir. Məsələn, Böyük Britaniyada təhsil müddəti 10-13 il, Fransa, İspaniya, Polşa, Yaponiya, Litva, Latviya, Estoniya və Moldovada 12 il, İtaliya, İsveçrə, Almaniyada 13 ildir. Ölkələrin yalnız 25 faizində orta təhsil 10-11 illikdir ki, Azərbaycan da bu qrupa daxildir. Tədris illəri artırılsa, mütənasib olaraq hər ilə düşən yük, hər günə düşən saatlar da azalar. Saat az olduqda, təbii ki, çantaya yığılan dərsliklər, iş dəftərləri, dərs vəsaitləri və ləvazimatlar da ixtisara düşər. Əksər valideynlər, ictimaiyyətin çoxu təhsil müddətinin artırılmasına etiraz edirlər. Amma bu, reallıqdır və onunla razılaşmaq lazımdır.

Səyyad Gürzəliyev bir faktı da xüsusi vurğuladı ki, ağır çanta uşağın enerji itkisinə də səbəb olur: "Əgər yük normadan iki dəfə çoxdursa, deməli, enerji itkisi də iki dəfədən artıq olacaq və bu zaman fiziki yorulma baş verəcək. Belə bir vəziyyət əqli yorulmaya gətirib çıxaracaq. Nəticədə dərsi qavrama çətinləşəcək. Psixi yorulma isə hafizənin zəifləməsinə, diqqətin cəmlənməsinin aşağı düşməsinə səbəb olur. Beləliklə, uşağın inkişafı həm fiziki, həm də əqli cəhətdən ləngiməyə başlayır. Burada ağciyərin funksiyasını da nəzərə almaq lazımdır. Ağır yük bu orqanın da fəaliyyətini pozur. Biz bilirik ki, hər bir uşağın yaş dövrünə görə ağciyərin müəyyən tutumu var. Döş qəfəsinin dairəsi kifayət qədər genişlənmirsə, ağciyər inkişaf etmirsə, 6-7 yaşlı uşaq 4-5 kiloqramlıq çantanı necə daşıya bilər? Ağır yük boy problemini də ortaya çıxarır. Bu gün bütün dünyada gənclərin boyu, çəkisi, zehni inkişafı birinci dərəcəli problem kimi daim nəzarətdə saxlanılır, müzakirə edilir".

Səyyad müəllim söhbət əsnasında dedi ki, 2010-cu ildə Amerikada 13.200 uşaq baş, bel, qol, ayaq ağrılarından, onurğa əyriliklərindən həkimə müraciət edib. Müayinələr zamanı məlum olub ki, həmin şikayətlərin əsas səbəbi yüklü məktəbli çantaları ilə bağlıdır. Çünki çantalar kürəyə və belə, eləcə də onurğa sütununa olduqca çox ağırlıq salır, əzələlər bu yükə davam gətirmir.

Bu gün digər bir problem - uşaqların kompyuterdən düzgün istifadə məsələsi də meydana çıxıb. Kompyuterə həddindən artıq aludə olan yeniyetmələrimiz, gənclərimiz var. Düzgün olmayan istifadə, arzu edilməyən müxtəlif oyunlar onların baş-beyin orqanlarına mənfi təsir göstərir, nevroz vəziyyətinə düşmələrinə səbəb olur. Səyyad müəllim uşaq və yeniyetmələrin yaş dövrünə uyğun kompyuterlə işləmə qaydaları və müddəti barədə də məlumat verdi. Dedi ki, birinci siniflər kompyuterlə 10 dəqiqə, II-V siniflər 15, VI-VII siniflər 20, VIII-IX siniflər 25, X-XI siniflər birinci dəfə 30, müəyyən fasilədən sonra 20 dəqiqə məşğul ola bilərlər. I kursda oxuyanlar bir saat, yuxarı kurs tələbələri 2 saat 15-20 dəqiqəlik fasilələrlə kompyuterdən istifadə edə bilərlər. Hazırda bizdən nə tələb olunur? Hər bir məktəblinin fiziki cəhətdən inkişafını təmin etmək. Bu isə oxumaq, qavramaq problemi ilə yanaşı, daha çox uşaqların bioloji imkanlarından asılıdır.

Mövzu ilə bağlı söhbətimizi Zərifə Əliyeva adına məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Mehriban Vəliyeva ilə davam etdirdik. O, fikirlərini qısa və konkret şəkildə ifadə etdi:

- Birincisi, cədvəllərin tərtibinə fikir verilməlidir ki, ağır fənlər, yəni dərsliyi, iş dəftəri mütləq gətirilən fənlərin əksəriyyəti eyni günə düşməsin, uşaqların fiziki yükü ağır olmasın. İkinci, müəllimin səriştəsi mühüm rol oynamalıdır. Müəllim çalışmalıdır ki, dərsi elə məktəbdə öyrətsin. Bu, kurikulumun əsas şərtlərindəndir. Üçüncüsü, burada vərdiş, bacarıq, dərsi qavrama texnikası düzgün aparılmalıdır.

Tamamilə doğrudur. Hələ sovet dönəmində, kurikulumun adı belə məlum olmayanda onun metodlarından istifadə edən müəllimlər və bəhrələnən şagirdlər vardı. Yaxşı yadıma gəlir, müəyyən dərslərdə müəllim bizə mövzunu elə başa salırdı ki, ev tapşırıqlarını dərs zamanı yerinə yetirirdik. Bu gün də belə müəllimlər və uşaqlar var. Amma bu, yeni tələblərə uyğun olaraq kütləviləşməlidir. Ona görə də vərdiş, bacarıq əsas rol oynayır. Onda uşaqlarımızın çantası da yüngül olar, mənimsəmə də yüksək səviyyəyə çatar. 

Təhsil Nazirliyinin idarə rəisi Faiq Şahbazov məsələyə münasibət bildirərkən bir çox məqamlara toxundu:

- Dünyanın ən inkişaf etmiş ölkələrində ibtidai sinif uşaqlarına ev tapşırıqları verilmir. Kitablar çox vaxt sinifdə qalır. Kurikulumun tələblərinə görə keçilən mövzu elə dərs prosesində öyrədilir.

Qaldı dərsliklərin çəkisinə, çantaları ağırlaşdıran heç də onlar deyil.  Çünki bizim dərsliklər texniki-gigiyenik standartlara tam uyğundur. Kağızın keyfiyyəti, səhifələrin sayı, kitabın çəkisi, ölçüsü, şriftlər hər bir yaş dövrünə, hər bir sinfə görə müəyyənləşdirilir və çap olunur. Eyni zamanda, şəkillərin həcmi, ölçüsü, rənglərin seçimi, hətta rənglərin keyfiyyəti də yoxlanılır ki, uşaqların orqanizminə, sağlamlığına, əsasən gözünə, dərisinə, nəfəsinə - burun, boğaz orqanlarına ziyan etməsin. Çünki bu dərs kitabları ilə uşaqlar hər gün 4-5 saat məşğul olurlar. Birinci sinfin dərsliklərinin hamısı bir yerdə 1 kiloqram 145 qramdır. Bura Azərbaycan dili, riyaziyyat, həyat bilgisi, informatika, xarici dil dərslikləri daxildir. Kitabların üzlükləri yüngüldür. Bu ildən birinci sinfin iş dəftərləri dərslik komplektinə daxil olmur. Eyni  zamanda beşinci sinifdə də iş dəftərləri komplektdən çıxarılıb. Nəzərdə tutmuşuq ki, gələn il ikinci sinifdən iş dəftərləri çıxarılsın. Bu addım atılmaqla həm ağırlıq, həm də maliyyə vəsaiti nəzərə alınır. Bir də ki, iş dəftərləri əsasən sinifdə işləmək üçündür. Elə valideynlər var ki, onların maddi imkanı məhduddur. Əgər bir ailədə iki-üç uşaq məktəbə gedirsə, onda vəziyyət daha da ağırlaşır. Çantaların ağırlığı məsələsində isə valideynlərin də üzərinə məsuliyyət düşür. Elə valideynlər var ki, heç həftədə bir dəfə uşaqların çantalarını yoxlamırlar. Bundan əlavə, ora müxtəlif meyvələr, su, yemək qoyulur. Hətta idman formasını da yerləşdirirlər. Kitablar cədvəl üzrə gətirilmir. Uşağın nə qədər kitabı varsa, hamısı çantada olur. Bir də ki, indi əksər uşaqları məktəbə valideynlər aparıb-gətirir, çantaları da onlar daşıyırlar.

Faiq müəllimin mövzu ilə bağlı gətirdiyi arqumentlərlə razılaşırıq, yalnız birindən başqa. Sual olunur: məktəbli çantasını kim daşımalıdır - valideynlər, yoxsa şagirdlər? Düzdür, əksər hallarda aşağı sinif şagirdlərinin çantasını uşaqlardan çox valideynlərin götürdüyünü görürük. Bu isə, təbii ki, çantaların ağırlığından irəli gəlir. Lakin çantaların uşaqların özləri tərəfindən daşındığını da görürük: bu zaman onlar ağır yük daşıyan fəhləni xatırladırlar...

Bu günlərdə bir mənzərə ilə rastlaşdıq. Dərsdən gələn balaca bir oğlan (şübhəsiz ki, birinci-ikinci sinif şagirdi idi) məktəbin qarşısındakı küçədən səkiyə keçən kimi dayandı, kürəyindəki çantanı hirslə asfaltın üstünə qoydu. Yorulmuşdu... Səkinin kənarında əyilib oturdu. Çantaya qəzəblə baxırdı. Bir neçə dəqiqədən sonra uşaq çantanı kürəyinə almaq istədi. Amma bacarmadı, nə fikirləşdisə, çantanın qulpundan tutaraq yol boyu sürüyə-sürüyə apardı. Bunu ətrafda olanların hamısı gördü. Hətta ilıq bir təbəssümlə onun yanından ötüb keçənlər də oldu. Amma dərindən düşündükdə məsələnin ciddi bir problemə çevrildiyini, yəqin ki, hamı dərk etdi.

Bu problemlə bağlı "Zəngi" liseyinin ibtidai sinif müəllimi Lətifə Məcidovanın da fikrini öyrəndik. Onun aşağı sinif şagirdləri ilə zəngin iş təcrübəsi var və təsadüfi deyil ki, 2010-cu ildə "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olub. Lətifə xanım dedi:

- Aşağı sinif şagirdlərinin çantasının yığılmasına ilk növbədə valideyn nəzarət etməlidir. Əksər hallarda uşaqları valideynlər dərsə gətirib-aparır. Ona görə də sözügedən məsələnin onların diqqətində olması o qədər də çətin deyil. Lakin təəssüf ki, valideyn nəzarətindən günlərlə, bəzən həftələrlə kənarda qalan çantalar var. Məsələn, həyat bilgisi, texnologiya, ingilis dili, təsviri incəsənət dərslərinin həftədə bir-iki saat olmasına baxmayaraq, bu fənlərə aid vəsait günlərlə, bəzən həftələrlə uşağın çantasından çıxarılmır. Şagirdin çantası gündəlik cədvələ əsasən nizamlanmalıdır.

Digər bir məsələ məktəblinin qidasının yaratdığı ağırlıqdır. Yemək götürmək üçün 200 qramlıq qabın içərisinə ən azı 100 qram qida qoyulur. Üstəlik, uşaq 200 qram su, yaxud şirə də götürür. Elə şagird var ki, valideyni onun çantasını "mətbəx"ə çevirir. Bunun çantaya ağırlıq gətirməkdən başqa daha bir mənfi təsiri də var. Belə ki, şagirdin fikri qalır gətirdiyi yeməklərin yanında, o, tənəffüsün tez olmasını gözləyir və dərsə ciddi fikir vermir. Elə çantaların özü də əksər hallarda çox ağır olur. Sual edilir: məktəblinin çantası bazarlıq edib qayıdan insanların zənbilindən fərqlənməlidir, ya yox?! Yeri gəlmişkən deyim ki, uşağın geyimi də ağır olmamalıdır, valideyn bunu da düzgün nizamlamalıdır.

Mövzu ilə bağlı valideynlərlə də söhbət etdik. Valideyn Ruxsarə Məmmədova bildirdi ki, çanta ağırdır, ona görə də özümüz daşıyırıq:

-  Uşaq bir çantaya nə qədər yük yığar? Əvvəla, çantanın öz ağırlığı, daha sonra 3 kitab, dəftər, üstəlik hər fənnin iş dəftəri. Heç bu iş dəftərlərini almağa imkan da yoxdur və nəyə lazım olduğunu anlamırıq.

Söhbətə müdaxilə edən digər valideyn adını söyləməsə də, xüsusi vurğuladı ki, V sinfə gedən qızının çantası düz 7 kiloqramdır, II sinifdə oxuyan oğlunun çantası isə 5 kiloqram gəlir. Məktəbin qarşısında durub nəvəsini gözləyən Sona xanım isə dedi ki, övladı üçün məktəbə yemək də, su da qoyur: "Əgər şagirdlər məktəbdə təmiz qida ilə təmin olunsaydı, əlavə yükdən də azad olardılar. Biz ehtiyat edirik. Məktəb bufetlərində normal, sağlamlığa ziyan vurmayan qida məhsulları satılmalıdır. Uşaqlar çantaların ağırlığından şikayət edir, müəllimlər isə valideynləri günahkar çıxarırlar. Bu ciddi məsələyə hamımız diqqət verməliyik".    

Deyilənlərdən bəzi nəticələrə gəlmək mümkündür. Məktəbli çantalarının ağır olmasının əsas səbəblərindən biri də bundan ibarətdir ki, məktəbli bazarında satışda olan çantaların böyük bir qismi Çin istehsalıdır və müxtəlif ölçülərə malikdir. Valideynlərin də əksər hissəsi əsasən qiymətdə ucuz olan bu çantaları almağa üstünlük verir. Həmin çantaların ibtidai siniflərdə təhsil alan şagirdlərin səhhətinə nə qədər ziyan vurduğunu, onların onurğa sütununda ciddi problemlər yaratdığını söyləməyə ehtiyac yoxdur. Skalioz xəstəliyinin başlanğıcını da məhz kiçik yaşda onurğanın zədə alması, ağırlıq səbəbi ilə boy qısaldığından, görünüş eybəcərliklərindən, ağciyər problemlərindən, psixoloji pozğunluqlardan götürməsini deyən mütəxəssislər valideynləri diqqətli olmağa çağırırlar. Ona görə də bir daha üzümüzü ata-analara tutub deyirik ki, uşaqlara çanta alarkən qənaət etməyin! Yüngülünü, övladlarınızın yaşına uyğun olanını, standartlara cavab verənini alın!

Məktəblilərin hər gün çoxlu sayda dərsliyi evə aparıb-gətirməməsi üçün bəlkə onların eyni dərsliklərinin həm evdə, həm sinifdə olması gərəkdir? Bu da valideynə əlavə maddi yükdür. Amma hər halda qələmin, xətkeşin, pozanın, məktəbli çantasına qoyulan hər bir ləvazimatın da yüngül olmasına çalışmaq lazımdır.      

Elə məsələlər var ki, onlar bizdən asılı deyil. Məsələn, dərs yükünün ağır olması, fənlərin artırılması, ekoloji problemlər və s. Amma elə məsələlər də var ki, hər birimiz - həm valideyn, həm müəllim imkanı daxilində bunun həllinə kömək edə bilər.  O cümlədən yüklü çantaların yüngülləşməsinə də...

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan.-2013.- 29 yanvar.- S.7.