Yeraltı yollar şaxələnir

 

Bu gün paytaxt şəhərimizin həyatını metrosuz təsəvvür etmək çətindir. Yeraltı xətlərin getdikcə artması, onların şəhərin ayrı-ayrı qəsəbə və massivlərinədək uzanması Bakının sakinlərinin, eləcə də qonaqlarının rahatlığına xidmət edir.

Təqdirəlayiq haldır ki, Bakıda metro tikintisi heç vaxt yekunlaşmır, sərnişinlərin istifadəsinə yeni-yeni xətlər verilir. Yaxın gələcəkdə Bakı Beynəlxalq Avtovağzalının yanında yeni bir stansiya da olacaq.

"Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyəti 2 saylı tunel-tikinti idarəsinin bir qrup əməkçisi hazırda 1400 metrlik xidməti xəttin çəkilişi ilə məşğuldur.

Bura 3-cü yeni xəttin Depo-3 tikinti sahəsi adlanır. Metro inşaatçıları avtovağzala gedən sağ hərəkət tunelinin çəkilişini həyata keçirirlər. Tikinti gedən yeraltı ərazidə dördnövbəli rejimi yaradılıb. Tunelin 280 metri artıq hazırdır. İndi sahədə 140 nəfər çalışır. Sahə rəisi Xanlar Məmmədov deyir ki, metro tikintisində çalışdığı 36 il ərzində bir həqiqəti tam dərk etmişəm: yerin altında yol çəkən gərək zərgər dəqiqliyi ilə işləsin. Yoxsa, hər an təhlükəli ola bilər. Bəzən "səhv" indi ortaya çıxmasa da, gələcəkdə qəza törədər.

X.Məmmədov sahə rəisi işlədiyi illər ərzində bu fikri onun rəhbərliyi altında çalışan inşaatçıların hamısına aşılaya bilib. Odur ki, inşaatçıların hər biri gördükləri işin məsuliyyətini yaxşı dərk edir. Fərqan Əliyevin, Rəşad Əliyevin, Vüsal Hüseynovun Əli Hüseynovun başçılıq etdiyi briqadalar bu gün sahədə gedən işlərin məhz yüksək keyfiyyətlə aparılmasına nail olurlar.

 

 

Azərbaycan.-2013.- 30 yanvar.- S.1.