Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə
üzrə komissiyasının məlumatı
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Nazirlər
Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında
korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini
aidiyyəti qurumlardan tələb etmişdir.
Prezident
İlham Əliyev tapşırmışdır ki, xüsusi
olaraq təhsil sahəsində bu mübarizəni daha səmərəli
təşkil etmək məqsədi ilə Azərbaycan
Respublikasının Korrupsiyaya qarşı mübarizə
üzrə komissiyasında bu məsələ müzakirə
olunsun. Komissiyanın 2013-cü il yanvarın 26-da təhsil idarəçiliyinə
məsul vəzifəli şəxslərin iştirakı ilə
geniş tərkibli iclası keçirilmişdir.
İclasda
geniş məruzə ilə çıxış edən Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
Korrupsiyaya qarşı mübarizə üzrə
komissiyanın sədri Ramiz Mehdiyev təhsildə olan problemlərə
toxunmuş, islahatların və xüsusilə, korrupsiyanın
qarşısının alınması məqsədilə əlavə
tədbirlərin daim və davamlı şəkildə həyata
keçirilməsinin çox mühüm olmasını qeyd
etmişdir. O, təhsildə həm idarəçiliyin təşkili,
həm də məzmunun keyfiyyəti ilə bağlı
problemlərin olmasını vurğulamış və bu
halların aradan qaldırılması üçün təxirəsalınmaz
tədbirlərin görülməsinə ehtiyac olduğunu
vacib saymışdır.
Komissiyanın
sədri ali təhsil müəssisələrində
dekanlıqların məsuliyyətinin
artırılmasını və şəffaflığın
təmin olunmasını, kafedraların, müdafiə
şuralarının fəaliyyəti, dərsliklərin keyfiyyəti
və müasir tələblərə uyğun olmaması,
kitabxanaların elektron xidmət potensialının və
universitetlərin internet səhifələrinin
aşağı səviyyəsi, müasir ixtisaslara tələbin
olması kimi məsələləri vurğulamış və
tədrisin keyfiyyətinin artması üçün bu istiqamətdə
təxirəsalınmaz tədbirlərin görülməsinin
zəruriliyini bildirmişdir.
Tələbələrin
ərizə və müraciətlərinin
araşdırılmasından danışan komissiya sədri
universitetlərin idarə edilməsində tələbələrin
ehtiyaclarının nəzərə alınması, sosial
şəbəkələrdə təhsillə bağlı
fikirlərinin təhlil edilməsi və buna adekvat tədbirlərin
həyata keçirilməsi ilə bağlı məsələlərə
toxunmuşdur. Bundan əlavə, komissiyanın sədri orta və
texniki peşə təhsili sahəsində
çatışmazlıqların qalmasını və bu barədə
iradlarını iclas iştirakçılarına
çatdırmışdır. İclasda xüsusi olaraq ali təhsil
müəssisələrində müəllimlərin
maaşlarının artırılması ilə bağlı
fikirlərini qeyd edən komissiyanın sədri ödənişli
təhsildən daxil olan vəsaitlərdən müəllimlərin
əməkhaqlarına edilən əlavələr üzrə
vahid qaydalara ehtiyac olmasını bildirmişdir.
Komissiya
sədri həmçinin universitetlərdə fəaliyyət
göstərən tələbə gənclər təşkilatlarının
fəaliyyətinə toxunmuş, təşkilatların rəhbərliyinə
nüfuzlu gənclərin cəlb olunmasını və
onların fəaliyyətlərinin genişləndirilməsi
üçün zəruri şəraitin yaradılmasını
vurğulamışdır. Sədr başqa universitetlərdən
olan tələbə köçürmələri və təkrar
ali (ikinci) təhsilin təşkili ilə bağlı məsələlər
üzrə də ciddi iradları səsləndirmişdir.
Komissiyanın
sədri çıxışında ümumtəhsil məktəblərinin
fəaliyyətində olan nöqsan və problemlərə
geniş yer ayıraraq, əmin olduğunu bildirmişdir ki,
qısa müddətdə görülmüş tədbirlər
nəticəsində bu sahədə dönüş
yaranacaqdır.
İclasda
çıxış edən komissiyanın üzvü, Azərbaycan
Respublikasının baş prokuroru Zakir Qaralov təhsil sahəsində
korrupsiya və digər mənfi hallar barədə vətəndaşlar
tərəfindən daxil olan müraciətlər və bu sahədə
aparılan cinayət işləri barədə məlumat
vermişdir. O bildirmişdir ki, 2010-2012-ci illər ərzində Baş Prokurorluq tərəfindən
təhsil sahəsində qanun pozuntuları ilə bağlı
536, o cümlədən "161-Qaynar xətt" əlaqə
mərkəzinə daxil olmuş 429 müraciətə
baxılmış, 72 cinayət işi istintaq olunmaqla, bir
sıra hallarda təxirəsalınmaz əməliyyat tədbirləri
keçirilərək təqsirli şəxslər cinayət
başında yaxalanmışlar. Baş prokuror daxil olmuş
müraciətlərin və istintaq edilmiş işlərin
ümumiləşdirilməsi əsasında təhsil sahəsindəki
mənfi halların qarşısının alınması
üzrə bir sıra təkliflər vermişdir.
İclasda
çıxış edən təhsil naziri Misir Mərdanov
ali təhsildə 2010-2011-ci təhsil ilindən tətbiq edilən
yeni maliyyələşmə mexanizminin məqsədləri və
səmərəsindən danışmış, qeyd
etmişdir ki, bu mexanizmin tətbiqi nəticəsində maliyyə
vəsaitlərinin ayrılması prosesində şəffaflıq
təmin edilmişdir. Müəllimlərin işə qəbulu
məsələsinə toxunan nazir qəbulun şəffaf və
obyektiv keçirilməsini bildirmişdir. O, 2012-ci ildə Təhsil
Nazirliyinə 7156 şikayət daxil olması, onlardan
1734-nün müsbət həll edilməsi, 1924-ü ilə əlaqədar
müvafiq izahat verilməsi, 1247 müraciətlə
bağlı aidiyyəti üzrə tabe təşkilatlara
tapşırıqlar verilməsi, 2251 müraciətin əsassız
olması barədə məlumat vermişdir. Nazir həyata
keçirilən tədbirlər nəticəsində ali təhsil
müəssisələrində imtahanlarda əvvəlki illərə
nisbətən şəffaflıq və obyektivliyin xeyli
artdığını, şikayətlərin sayının isə
azaldığını bildirmişdir.
İclasda
çıxış edən komissiyanın üzvü,
Prezident Administrasiyasının hüquq-mühafizə
orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov
korrupsiyaya qarşı mübarizə sahəsində həyata
keçirilən tədbirlər barədə məlumat
vermiş, bu tədbirlərin təhsil sahəsini də əhatə
etdiyini bildirmişdir. O, təhsil idarəçiliyində
korrupsiyaya şərait yaradan bir sıra halları qeyd
etmiş və bu halların aradan qaldırılması ilə
bağlı tədbirlərin davam etdiriləcəyini bildirmişdir. Komissiya üzvü həmçinin
informasiya-kommunikasiya sistemlərinin təhsilə
inteqrasiyası ilə bağlı məsələlərə
toxunmuş, yeni fəaliyyətə başlayan Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin İnnovasiya mərkəzinin innovativ təcrübəsinin
bir neçə ali təhsil müəssisəsində və
orta məktəblərin yuxarı siniflərində tətbiq
edilməsi barədə təklif vermişdir.
Komissiyanın
sədri sonda təhsildə informasiya texnologiyalarının tətbiqi
məsələsini xüsusi olaraq vurğulamış, bu
vasitələrin tədrisin keyfiyyətinə və korrupsiyaya
qarşı mübarizədə səmərəli alət
olacağını qeyd etmişdir.
İclasda
həmçinin çıxış edən Dövlət
İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov
və Bakı Şəhər Təhsil İdarəsinin
müdiri Nailə Rzaquliyeva təhsil sahəsində korrupsiya
hallarının qarşısının alınması üzrə
həyata keçirilmiş tədbirlər barədə ətraflı
məlumat vermişlər.
İclasın
sonunda Korrupsiyaya qarşı mübarizə üzrə
komissiya müzakirə edilən məsələlər barədə
qərar qəbul etmişdir.
Azərbaycan.-2013.- 30 yanvar.- S.1.