Nyu-Meksiko ştatının Nümayəndələr
Palatası Azərbaycan – ABŞ strateji tərəfdaşlığına dair qətnamə
qəbul etmişdir
Qətnamədə Azərbaycanın
ABŞ-ın və Avropanın enerji təhlükəsizliyinə
verdiyi töhfə yüksək qiymətləndirilir
ABŞ-ın Nyu-Meksiko
ştatının Nümayəndələr Palatasının
yanvarın 28-də keçirilən plenar iclasında Azərbaycan-ABŞ
strateji tərəfdaşlığının önəminə
dair qətnamə qəbul olunmuşdur.
Azərbaycanın
Loc-Ancelesdəki baş konsulluğundan AzərTAc-a verilən məlumata
görə, yekdilliklə qəbul olunmuş qətnamədə
1991-ci ildə müstəqilliyini yenidən bərpa etmiş
Azərbaycanın son 20 ildə
suverenliyini gücləndirdiyi və regionun ən sürətlə
inkişaf edən dövlətlərindən birinə
çevrildiyi bildirilir. Vurğulanır ki, 2011-ci ildə Azərbaycanın
BMT Təhlükəsizlik Şurasının üzvü
seçilməsi ölkənin Yaxın Şərqdə
sülhün və təhlükəsizliyin qorunmasında artan
rolunun və genişlənən imkanlarının bariz
göstəricisidir.
Sənəddə
xüsusi qeyd olunur ki, Dağlıq Qarabağ və
Naxçıvan da daxil olmaqla Azərbaycanın suverenliyi və
ərazi bütövlüyü ABŞ və BMT tərəfindən
tanınır.
Qətnamədə
vurğulanır ki, ABŞ ilə Azərbaycan arasında vahid
dəyərlərə, ümumi maraqlara əsaslanan
güclü strateji tərəfdaşlıq münasibətləri
mövcuddur. Azərbaycan ABŞ-ın Xəzər dənizi
kimi çox önəmli bir regionda güclü müttəfiqi
və strateji tərəfdaşıdır. On bir sentyabr terror
aktlarından sonra Azərbaycan ABŞ-a hərtərəfli dəstək
vermiş, Əfqanıstana sülhməramlı qüvvələr
göndərmiş, hər iki ölkə kütləvi
qırğın silahlarının yayılmaması və
terrorçuluğa qarşı mübarizə sahəsində
uğurla əməkdaşlıq edir.
Sənəddə
Azərbaycanın ABŞ-ın və Avropanın enerji təhlükəsizliyinə
verdiyi töhfə yüksək qiymətləndirilir, Azərbaycanın
qədim etnik və dini tolerantlıq ənənələrinə
malik olan dünyəvi ölkə olması xüsusilə
vurğulanır. Ölkəmizin Nyu-Meksiko ilə münasibətlərin
inkişafına böyük önəm verməsi və
ştatın paytaxtı Santa Fe şəhərində Azərbaycanın
fəxri konsulunun fəaliyyət göstərməsi, eləcə
də ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlərlə
münasibətləri bundan sonra da inkişaf etdirməsinin
vacibliyi xüsusi qeyd olunur.
Qətnamə
qəbul edildikdən sonra onun nüsxəsi plenar iclasda
iştirak edən Azərbaycanın Los-Ancelesdəki baş
konsulu Nəsimi Ağayevə təqdim edilmişdir. Baş
konsul deputatlara bu cür qətnamənin qəbuluna və Azərbaycan-ABŞ
münasibətlərinə verdikləri önəmə
görə təşəkkürünü bildirmişdir.
Qeyd
edək ki, bu, Nyu-Meksiko ştatının parlamenti tərəfindən
Azərbaycan barədə qəbul edilən ilk qətnamədir.
Nyu-Meksiko
ştatı Azərbaycanın Los-Ancelesdəki baş
konsulluğunun konsulluq dairəsinə daxildir.
Azərbaycan.-2013.- 30 yanvar.- S.1.