2012: makroiqtisadi sabitlik və davamlı
inkişaf ili
Bu gün Azərbaycan
iqtisadiyyatı güclü iqtisadiyyatdır və bizim gözəl
gələcəyimiz vardır.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
2012-ci il ölkəmizin hərtərəfli inkişafı istiqamətində görülən genişmiqyaslı işlərlə, qazanılmış böyük nailiyyətlərlə Azərbaycanın çağdaş tarixinə uğurlu dövr kimi həkk olunmuşdur. Dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da qeyd edildiyi kimi, ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin daha da möhkəmlənməsi, iqtisadi inkişafın davamlılığı və diversifikasiyasının sürətləndirilməsi, yeni müəssisələrin yaradılması, minlərlə iş yerinin açılması, səhiyyə, təhsil və digər sahələrdə qazanılmış nailiyyətlər, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsi ötən ilin səciyyəvi cəhətləridir.
Azərbaycan iqtisadiyyatının davamlı inkişafı və yüksəliş prosesinin dövlətimizin daha da qüdrətlənməsi, əhalinin sosial rifah halının artması ilə müşayiət olunması son onilliyin əsas nailiyyət göstəricisidir. Əvvəlki illərdə qazanılan bu uğur tendensiyası 2012-ci ildə də ardıcıl davam etmiş, ötən il makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi və milli valyutanın sabitliyi təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, biznes mühiti daha da yaxşılaşmışdır. Bütün bunlar əsası ümummilli liderimiz tərəfindən qoyulmuş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük inamla həyata keçirdiyi uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir.
Tərəqqi hər bir sahədə - dövlətin beynəlxalq məkanda nüfuzunun artmasından sadə vətəndaşların sabaha inamının daha da möhkəmlənməsinədək bütün istiqamətlərdə özünü aşkar büruzə verir. Milli intibah prosesinin faktloji əsaslarını real göstəricilərdə, rəqəmlərdə də aydın görmək olar. Belə ki, 2012-ci ildə ümumi daxili məhsulun artımı 2,2 faiz, onun adambaşına düşən həcmi 5884,5 manat (7490,5 ABŞ dolları) təşkil etmiş, ÜDM-nin artımı qeyri-neft sektoru hesabına təmin olunmuşdur. Ötən il qeyri-neft sektoru üzrə artım 9,7 faiz olmuş və bu sahənin ÜDM-də payı artaraq 52,7 faizə çatmışdır. Orta illik inflyasiya 1,1 faiz, ölkənin strateji valyuta ehtiyatları 46 mlrd. ABŞ dolları təşkil etmişdir. Ötən il dövlət büdcəsinin gəlirləri 2011-ci illə müqayisədə 10,1 faiz artaraq 17,3 milyard manat, xərcləri isə 10,8 faiz artaraq 17,1 milyard manat təşkil etmiş və dövlət büdcəsi profisitlə icra olunmuşdur.
Son illər ölkəmizdəki davamlı inkişaf, iri regional və beynəlxalq layihələrin həyata keçirilməsi, müxtəlif infrastruktur layihələrinin icrası Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu üçün əlverişli şərait yaratmış, ölkəmizi investorlar üçün daha cəlbedici etmişdir. 2012-ci ildə 13,3 milyard dolları daxili və 8,8 milyard dolları xarici olmaqla ölkə iqtisadiyyatına 22,1 milyard ABŞ dolları həcmində investisiya yatırılmışdır. Ümumiyyətlə, müstəqillik illərində ölkə iqtisadiyyatına 140 milyard ABŞ dollarından çox investisiya qoyulmuşdur. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı ölkənin maliyyə ehtiyatlarının artmasına səbəb olmuş, bu isə, öz növbəsində, xarici ölkələrə sərmayə qoyuluşu üçün əlverişli şərait yaratmışdır. Təsadüfi deyildir ki, artıq Azərbaycan sərmayədar ölkə kimi tanınır. Hazırda Azərbaycanın dövlət və özəl şirkətləri xarici ölkələrdə neft-kimya, qaz, yol və digər layihələrdə uğurla iştirak edir, xaricdə yatırılan investisiyaların dinamikasında müsbət irəliləyiş müşahidə olunur.
2012-ci ilin 11 ayında 154 ölkə ilə xarici ticarət dövriyyəsi 39,5 mlrd. dollar, xarici ticarət saldosu müsbət 22,6 milyard dollar təşkil etmişdir. İqtisadiyyatın diversifikasiyasının nəticəsidir ki, qeyri-neft ixracı 11,2 faiz artmışdır.
Beləliklə, möhtərəm Prezidentin uzaqgörən və çevik siyasəti nəticəsində ölkə iqtisadiyyatı 2012-ci ildə də mənfi xarici iqtisadi təsirlərə dayanıqlılıq nümayiş etdirmiş, iqtisadi artımın davamlılığı təmin olunmuşdur.
Sənayeləşmə siyasətinin uğurlu davamı qeyri-neft sənayesinin dinamik inkişafını təmin etmişdir. Ötən il qeyri-neft sənayesində məhsul istehsalı 7,8 faiz, o cümlədən emal sənayesi 5,4 faiz artmışdır. 2012-ci ildə qeyri-neft sektorunun inkişafında mühüm rol oynayacaq Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, Gəncədə alüminium, Naxçıvan və Qaradağda sement zavodları, bərk məişət tullantılarının çeşidlənməsi və yandırılması zavodları da daxil olmaqla, 100-ə yaxın sənaye müəssisəsi istifadəyə verilmişdir. Hazırda 90-dan çox sənaye müəssisəsinin inşası davam etdirilir.
Həm alternativ enerji mənbəyi, həm ekoloji mühit və həm də qeyri-neft sənayesi üçün böyük əhəmiyyət kəsb edən və ötən il istifadəyə verilmiş Bərk məişət tullantılarının yandırılması zavodu istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında ən iri bu tipli müəssisədir. Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə qurulmuş bu zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verir. 20 hektar ərazidə inşa olunmuş və illik emal gücü 500 min ton məişət tullantısı və 10 min ton tibbi tullantı olan zavodun fəaliyyəti nəticəsində ildə 60 milyon kubmetr-dən artıq təbii qaz ekvivalentində enerjiyə qənaət olunacaq, 231,5 milyon kv-saat elektrik enerjisi istehsal ediləcək. Bu isə, on minlərlə ailənin elektrik enerjisi ilə təmin olunmasına imkan verəcəkdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, yaradılan Balaxanı Sənaye, Sumqayıt Kimya Sənaye və Sumqayıt Yüksək Texnologiyalar parkları müasir texnologiyalardan istifadə etməklə rəqabət qabiliyyətli və ixrac yönümlü yeni məhsul istehsalının artırılması, iş yerlərinin açılması, xarici investisiyaların cəlb edilməsi baxımından xüsusi önəm kəsb edir. Ötən ilin dekabr ayında dövlət başçısı tərəfindən Balaxanı Sənaye Parkının təməli qoyulmuş və hazırda parkların yaradılması istiqamətində zəruri təşkilati işlər, normativ-hüquqi bazanın hazırlanması və digər tədbirlər həyata keçirilir.
Ötən il ölkədə elektrik enerjisi istehsalı 6,8 faiz artmış, elektrik verilişi xətlərinin çəkilişi davam etdirilmiş, yaşayış məntəqələrinə qaz xətlərinin çəkilişi və ya əsaslı təmiri aparılmış, Alternativ və Bərpa Olunan Enerji ilə təminat sahəsində Azgüntex Günəş panelləri, Füzuli və Qusar-1 su elektrik stansiyaları istifadəyə verilmişdir.
Kənd təsərrüfatı qeyri-neft sektorunun aparıcı sahələrindəndir və bu sahənin inkişafı ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin olunması və məşğulluğu baxımından xüsusi əhəmiyyət daşıyır. 2012-ci ildə kənd təsərrüfatında 5,8 faizlik artıma nail olunmuş, ərzaq təhlükəsizliyi daha da gücləndirilmiş, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi yüksəlmişdir. Aqrar sektora dövlət dəstəyi tədbirləri, o cümlədən vergi azadolmaları, lizinq xidmətləri, güzəştli kreditlərin və subsidiyaların verilməsi davam etdirilmiş, müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı məhsulları istehsalı və emalı genişləndirilmiş, müasir quşçuluq, heyvandarlıq kompleksləri yaradılmış, aqrar sektorun infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Ötən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kreditlərin 68 faizi aqrar sektora ayrılmışdır. Hazırda kənd təsərrüfatının əsas sahələrindən olan üzümçülüyün inkişafı ilə yanaşı, emal sənayesinin inkişafına da təkan verəcək "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın icrası davam etdirilir.
2012-ci ildə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramının icrası davam etdirilmiş, quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması və emalı kompleksləri, aqroservislər yaradılmış, su təminatı və meliorativ tədbirlər görülmüş, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artmış, mövsümlə əlaqədar istehlak qiymətləri kəskin dəyişməmiş və bu sahədə sabitliyə nail olunmuşdur.
Dövlət başçısının iri özəl taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlı tapşırığına əsasən, Ağcabədi və Beyləqan rayonlarında pilot taxılçılıq təsərrüfatı yaradılmışdır ki, artıq bu il həmin təsərrüfatda yüksək məhsuldarlıq əldə olunacaqdır. Layihə çərçivəsində həmçinin taxıl anbarı, heyvandarlıq kompleksi, bitki yağları istehsalı zavodu və aqroservisin yaradılması nəzərdə tutulur. Bu layihələrdə əsasən məcburi köçkün və yerli sakinlər işlə təmin olunur. İri özəl taxılçılıq təsərrüfatlarının ölkənin digər rayonlarında da yaradılması istiqamətində işlər aparılır.
Nəqliyyat sektorunda 2012-ci ildə 5 faizlik artıma nail olunmuşdur. Regional və yerli əhəmiyyətli iri infrastruktur layihələrinin reallaşdırılması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Gəmiqayırma zavodunun, yeni metro stansiyalarının, TRASEKA və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində avtomobil yollarının, körpülərin tikintisi davam etdirilmişdir.
2012-ci ildə İstanbulda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyənin Baş naziri cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə iki ölkə arasında Trans Anadolu Qaz Kəməri (TANAP) layihəsinin reallaşdırılmasına dair Hökumətlərarası Sazişin imzalanması mühüm tarixi hadisədir. Azərbaycanda hasil olunan təbii qazın Türkiyə ərazisi ilə Avropaya nəql edilməsini nəzərdə tutan bu layihə Avropanın enerji təhlükəziliyinin təmin olunmasında ölkəmizin rolunu daha da artıracaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında layihənin əhəmiyyətini xüsusi olaraq qeyd etmişdir: "TANAP layihəsi də bundan sonra onilliklər ərzində Azərbaycanın iqtisadi və digər maraqlarını eyni dərəcədə təmin etmək üçün çox ciddi vasitə olacaqdır".
İnformasiya və rabitə xidmətlərinin həcmində ötən il 15,9 faiz artım müşahidə edilmiş, ən yeni mobil texnologiya - 4G xidməti istifadəyə verilmiş, "Elektron Hökumət"ə dair Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında, o cümlədən İqtisadi İnkişaf Nazirliyində elektron xidmətlərin tətbiqi genişlənmişdir.
Yüksək Texnologiyalar Parkının yaradılması ölkəmizdə İKT sahəsində ilk xüsusi rejimli zona olmaqla elmtutumlu texnoloji məhsulların istehsalının əhəmiyyətli dərəcədə artmasına təkan verəcəkdir. Hazırda ölkə əhalisinin 70 faizi internet, 50 faizi isə genişzolaqlı istifadəçidir. Dünya İqtisadi Forumunun "The Global İnformation Technology Report - 2012" hesabatında Azərbaycan bu göstərici üzrə MDB ölkələri arasında liderdir və ümumdünya orta göstəricisini 2 dəfə üstələyir. Hesabatda Azərbaycan şəbəkələşmə hazırlığı indeksinə görə dünyanın 142 ölkəsi arasında 61-ci yerdədir. Beynəlxalq Telekommunikasiya İttifaqının hesabatında isə İKT inkişaf indeksi üzrə 68-ci yerdə olan Azərbaycan 10 ən dinamik inkişaf edən ölkələr qrupuna daxil olmuşdur.
Dövlət başçısı tərəfindən 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi, Azərbaycanın ilk telekommunikasiya peykinin bu yaxınlarda orbitə çıxarılması, həmçinin İKT sahəsinin inkişafı istiqamətində görülən digər işlər bu il informasiya-kommunikasiya texnologiyaları sahəsində ciddi nailiyyətlərin əldə ediləcəyini deməyə əsas verir.
Azərbaycandakı siyasi və makroiqtisadi sabitlik, davamlı və dayanıqlı iqtisadi inkişaf, ölkəmizin dünyada nüfuzunun artması, həmçinin zəngin coğrafi landşafta və mədəni-tarixi irsə malik olması turizm sektorunun inkişafına əlverişli şərait yaratmışdır. Bu baxımdan 2012-ci il də turizmin, xüsusilə də işgüzar turizmin inkişafı üçün əhəmiyyətli illərdən olmuş, ümumilikdə turizm sektoru 18,8 faiz artmışdır. Ölkəmizin turizm sahəsində böyük potensiala malik olması, son illərdə turizm infrastrukturunun inkişafı istiqamətində görülən işlər, "Şahdağ" Qış-Yay Turizm Kompleksinin tikintisi, paytaxt Bakıda və regionlarda yeni, müasir standartlara cavab verən mehmanxanaların istifadəyə verilməsi və s. bu sahənin davamlı inkişafı üçün zəmin yaradır.
Ötən il məqsədyönlü dövlət proqramları çərçivəsində iqtisadiyyatın diversifikasiyası, regionların və Bakı qəsəbələrinin inkişafı, yeni istehsal və emal müəssisələrinin yaradılması və mövcud istehsal sahələrinin genişləndirilməsi, ixracyönümlü məhsul istehsalının artırılması, məşğulluğun səviyyəsinin yüksəldilməsi istiqamətində ciddi irəliləyişlərə nail olunmuşdur.
Prezident İlham Əliyevin regionlara mütəmadi səfərləri, ötən il ərzində 250-dək müxtəlif təyinatlı obyektlərlə tanış olması, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakı, verdiyi tapşırıq və tövsiyələr, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələri müəyyən edərək imzaladığı sərəncamlar respublikanın bölgələrinin, eləcə də Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafına əlavə vəsaitin ayrılması regionların tarazlı inkişafının təmin edilməsində müstəsna rol oynamışdır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, zəruri infrastrukturun qurulması, o cümlədən nəqliyyat, qaz, enerji, su, meliorasiya layihələri və təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial sahələrdə layihələr həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin kənd yolları üzrə müvafiq sərəncamlarına uyğun olaraq, ötən il 18 layihə üzrə işlərə başlanılmışdır ki, 2013-cü ildə bu işlərin tamamlanması nəzərdə tutulur. Nəticədə 634 km kənd yollarının və 42 körpünün təmir-tikintisi başa çatdırılacaqdır ki, bu da respublikanın 18 rayonunun 450 min nəfər əhalisi olan 400 yaşayış məntəqəsini birləşdirir. Bununla yanaşı, 61 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması layihələri həyata keçirilir. Bu layihələrin bir hissəsi 2013-cü ildə başa çatdırılacaqdır.
İnsan kapitalının inkişafı, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması və digər sosial sahələr üzrə işlər diqqət mərkəzində saxlanılmış, il ərzində 268 məktəb, 65 bağça, 40 səhiyyə, 27 idman, 29 mədəniyyət və digər sosial obyekt tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda 420-dən çox sosial obyektin təmir-tikintisi davam etdirilir.
Ümumilikdə, ötən il ərzində regionlarda 410-dan çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlamış, 400-dən çox müəssisənin isə tikintisi davam etdirilir.
Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşdırılmasında mühüm rolu olmuşdur. Fondun rəhbəri, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin miqyası on minlərlə insanın sosial durumunu əhatə edir. Bu gün Azərbaycan xalqının ən etibarlı inam və etimad ünvanlarından birinə çevrilən Heydər Əliyev Fondunun fəaliyyəti Azərbaycan Respublikasının iqtisadi və sosial qüdrətinin möhkəmlənməsində, insanların güzəranının daha da yaxşılaşmasında xüsusi önəm kəsb edir.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın uğurlu icrası Bakı qəsəbələrinin inkişafını sürətləndirmiş, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir. Qaz, su, kanalizasiya, enerji təminatı sahəsində mühüm işlər görülmüş, yaşayış binaları və istifadəyə verilmiş sosial obyektlərin istilik sistemi yenidən qurulmuş, qəsəbələrarası yollar təmir olunmuş, rayon və qəsəbədaxili yollara asfalt örtüyü salınmışdır. Proqram çərçivəsində 134 məktəb və 74 uşaq bağçası, 27 səhiyyə, 9 mədəniyyət və idman obyektində tikinti və əsaslı təmir işləri başa çatdırılmış, hazırda onlarla sosial obyektin təmir-tikintisi davam etdirilir.
Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən olmuşdur. Ötən il sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, özəl sektora dövlət dəstəyinin artırılması, sahibkarların hüquqlarının müdafiəsi və sahibkarlığa əsassız müdaxilələrin aradan qaldırılması istiqamətində işlər davam etdirilmişdir. Belə ki, İqtisadi İnkişaf Nazirliyi tərəfindən sahibkarlara göstərilən xidmətlər tamamən elektronlaşdırılmış, o cümlədən lisenziya və sertifikatların verilməsi və bu xidmətlərə görə dövlət rüsumlarının on-line rejimində elektron qaydada ödənilməsi təmin edilmişdir.
Ötən ildən başlayaraq fərdi sahibkarlarla yanaşı, hüquqi şəxslərin də qeydiyyatı elektron qaydada həyata keçirilir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, fiziki şəxslərin gəlir vergisi üzrə vergi dərəcələri azaldılmış, sənaye və texnologiyalar parklarına vergi güzəştləri nəzərdə tutulmuşdur.
Sahibkarlığın maliyyə təminatı yaxşılaşmış, güzəştli kreditlərin həcmi artmışdır. Ötən il Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2400-dən çox sahibkara 218 milyon manat güzəştli kredit verilmişdir ki, bunun da 128 milyon manatı və ya təqribən 60 faizi qaytarılan vəsaitlər hesabınadır. Bu kreditlər hesabına maliyyələşdirilmiş layihələrin reallaşdırılması 9100-dək yeni iş yerinin açılmasına imkan verir.
Ötən il 2011-ci illə müqayisədə layihələrin sayı 47,2 faiz, güzəştli kreditlərin məbləği 58 faiz, yeni iş yerlərinin sayı isə 40,2 faiz artmışdır.
2012-ci ildə yeni texnologiyalara əsaslanan 88 layihəyə 188 milyon manat güzəştli kredit verilmişdir.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın qəbulundan ötən dövr ərzində 400 investisiya layihəsinin maliyyələşdirilməsinə 72 milyon manat güzəştli kredit verilmişdir.
Ümumilikdə, ötən il ərzində fond tərəfindən güzəştli qaydada maliyyələşdirilmiş 94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlamışdır ki, bunun da 84-ü aqrar sənaye kompleksləri, o cümlədən 15 quşçuluq, 7 heyvandarlıq, 4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı kompleksi, 11 çörək zavodu, 7 üzümçülük, 2 iri taxılçılıq və 5 meyvə-tərəvəz emalı müəssisəsi, 10-u isə digər sənaye sahələri - metal konstruksiyalar zavodu, toxuculuq, parça boyama, tikiş, kağız və karton məhsulları istehsalı fabrikləridir.
Yeni iqtisadi şəraitdə sahibkarlığın inkişafına dövlət dəstəyinin vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsi, onlara zəruri biliklərin, praktiki bacarıqların, beynəlxalq təcrübənin aşılanması, konsaltinq xidmətlərinin göstərilməsidir. Bu baxımdan sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərin maarifləndirilməsi məqsədilə 2012-ci il ərzində 70-ə yaxını regionlarda olmaqla, 90-dan çox seminar və treninqlər keçirilmiş, 41 azərbaycanlı sahibkar və gənc menecer Almaniyada ixtisasartırma kurslarında iştirak etmiş, müvafiq müəssisələrdə təcrübə keçmişdir. Bu cür tədbirlərin 2013-cü ildə daha geniş formatda keçirilməsi nəzərdə tutulur.
Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, qeyri-neft məhsullarının mövcud və potensial xarici bazarlara ixrac imkanlarının, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkəmizin investisiya imkanlarının təbliği məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən 2012-ci ildə ölkəmizdə və xaricdə 300-dən çox tədbir (biznes forumlar, sərgilər, işgüzar görüşlər və s. ) təşkil edilmişdir.
Ölkəmizdə özəl bölmənin inkişafında əhəmiyyətli mexanizmlərdən olan Azərbaycan İnvestisiya Şirkətinin iştirakı ilə ötən il ərzində Hövsanda süd emalı zavodu, "Holcim-Azərbaycan" yeni sement zavodu və "Ağstafa Aqroservis" müəssisəsi fəaliyyətə başlamış, Səngəçal Neft və Qaz terminalının və Duz İstehsalı zavodunun uğurlu fəaliyyətləri nəzərə alınaraq, şirkət öz sərmayə payını digər tərəfdaşlara satmaqla bu layihələrdə missiyasını başa çatdırmışdır.
İstehlak bazarında keyfiyyətsiz və təhlükəli malların satışının və süni qiymət artımının qarşısının alınması məqsədilə həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində insanların həyat və sağlamlığı üçün təhlükəli olan ərzaq malları dövriyyədən çıxarılmış, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektlərinə qarşı qanunamüvafiq tədbirlər görülmüş, istehlakçıların və sahibkarların maarifləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilmişdir.
Əhalinin daha çox istifadə etdiyi malların (57 adda ərzaq malları, 26 adda tərəvəz məhsulları və 49 adda tikinti materialları) orta bazar qiymətlərinin səviyyəsi, dinamikası və dəyişmə meyilləri barədə məlumatların toplanması və təhlili məqsədilə Bakı şəhərində və regionlarda mütəmadi olaraq monitorinqlər aparılmış, nəticələri müvafiq qaydada təhlil edilmişdir.
Ötən il müxtəlif bayramlar zamanı əhalinin artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması və qiymət artımının qarşısının alınması məqsədilə aidiyyəti dövlət orqanları və sahibkarlıq subyektləri ilə birlikdə Bakıda satış-yarmarkaları təşkil olunmuşdur.
İstehlakçıların hüquqlarının qorunması baxımından vacibliyini nəzərə alaraq istehlakçıların maarifləndirilməsi məqsədilə Bakıda və 12 rayonda konfrans, 7 ali məktəbdə seminarlar keçirilmiş, istehlakçıların hüquqlarına dair minlərlə müxtəlif bukletlər çap olunaraq paylanmış, insanların gündəlik həyatında geniş istifadə olunan mal və xidmətlər üzrə maarifləndirici məlumatlar müxtəlif kütləvi informasiya vasitələrində dərc edilmiş, sosial reklam çarxları televiziya kanallarında yayımlanmışdır.
Qazanılmış uğurlar, davamlı iqtisadi inkişaf ölkə vətəndaşlarının həyat səviyyəsinin daha da yaxşılaşmasına şərait yaratmış, 2011-ci illə müqayisədə əhalinin gəlirləri 13,8 faiz artmış, əhalinin gəlirlərinin artımı inflyasiyanı təxminən 13 faiz bəndi üstələmişdir. Yoxsulluq 6 faiz, işsizlik 5,2 faiz olmuş, 117 min yeni iş yeri açılmışdır. Son 10 ildə isə yoxsulluq səviyyəsi 7,8 dəfə azalmışdır.
2012-ci ilin 11 ayı ərzində orta aylıq əməkhaqqı 2011-ci ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artaraq, 391,4 manat təşkil etmiş, əhalinin banklardakı əmanətləri isə 24,4 faiz artmışdır. Keçmiş SSRİ Bankının əmanətçiləri olan Azərbaycan vətəndaşlarına fərdi birdəfəlik ödəmələrin verilməsi, Azərbaycan Respublikası Prezidentinin ölkə əhalisinin sosial rifah halının yaxşılaşdırılmasına yönəldilmiş siyasətinin tərkib hissəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu sahədə qarşıya qoyulmuş məqsədi müəyyənləşdirmişdir: "2013-cü ildə görüləcək işlər, yeni infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində əminəm ki, yoxsulluq səviyyəsi daha da düşəcək və beləliklə, 10 il bundan əvvəl qarşımıza qoyduğumuz vəzifə - Azərbaycanda yoxsulluğu tamamilə aradan götürmək vəzifəsi də artıq təmin ediləcəkdir".
Qazanılmış sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapmış, "Doing Business, 2013" hesabatında Azərbaycanın mövqeyi yaxşılaşmışdır. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan dünyanın 50 ən rəqabətqabiliyyətli iqtisadiyyatları qrupuna daxil olmuş və son 4 ildə olduğu kimi, MDB ölkələri arasında birinci mövqeyini saxlamışdır. Hesabatda əks etdirilmiş bəzi göstəricilər üzrə isə xüsusi ilə yaxşı nəticələr əldə edilmişdir. Belə ki, "əmək bazarının səmərəliliyi" göstəricisi üzrə ölkəmiz dünya sıralamasında 26-cı, "makroiqtisadi sabitlik" göstəricisi üzrə isə 18-ci olmuşdur.
Azərbaycanın gündən-günə artan beynəlxalq nüfuzunun təzahürüdür ki, 2012-ci ildə ölkəmizdə bir sıra beynəlxalq tədbirlər keçirilmişdır. Ötən il Azərbaycan Bakı Beynəlxalq Humanitar Forumu, Beynəlxalq İnternet İdarəçilik Forumu kimi tədbirlərə, beynəlxalq səviyyəli idman yarışlarına uğurla ev sahibliyi etmişdir. Paytaxt Bakıda "Eurovision-2012" kimi mötəbər musiqi yarışmasının böyük uğurla və yüksək təşkilatçılıqla keçirilməsi ilə Azərbaycan siyasi sabitliyini, iqtisadi qüdrətini dünyaya bir daha nümayiş etdirmişdir.
2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi barədə Avropa Olimpiya Komitəsinin qərarı ölkəmizdəki siyasi-iqtisadi sabitliyin, beynəlxalq imicinin yüksək səviyyədə olmasının, eləcə də Azərbaycanın mühüm beynəlxalq tədbirlərin, yarışların keçirilməsində böyük təcrübəyə malik olmasının nəticəsidir.
"Güclü dövlət, yüksək rifah" prinsipinə əsaslanan, uğurları dünyada yüksək qiymətləndirilən Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti gələcəkdə də Azərbaycanın davamlı inkişafını təmin edəcəkdir. Heç şübhəsiz ki, əvvəlki illərdə olduğu kimi, bu siyasətin ana xətti yenə də vətəndaşlarımızın həyat səviyyəsinin daha da yüksəldilməsi olacaqdır. Bütün bunlar isə ölkənin gələcək sosial-iqtisadi inkişafına yeni yanaşma tələb edir. Bu baxımdan Azərbaycanın perspektiv inkişafının hədəf və istiqamətlərinin müəyyən edilməsi məqsədilə dövlət başçısı tərəfindən təsdiq olunmuş "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası müstəsna əhəmiyyət kəsb edir. Konsepsiyada müəyyən edilmiş hədəflər bir daha göstərir ki, bütün sahələri əhatə edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi bundan sonra da ölkəmizin davamlı inkişafını, onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və xalqımızın rifahının yaxşılaşmasını təmin edəcək və 2013-cü il də əvvəlki illər kimi, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi milli inkişaf strategiyasının ən uğurlu dövrlərindən olacaqdır. Dövlət başçısının dediyi kimi: "Azərbaycan iqtisadiyyatı keçən il öz dinamik inkişafını qoruya bilmişdir və bu il görüləcək işlər əminəm ki, ölkəmizi daha da böyük nailiyyətlərə gətirib çıxaracaqdır".
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli inkişaf konsepsiyası Prezident İlham Əliyev tərəfindən uğurla təkmilləşdirilərək dünya birliyində örnək layihə kimi qəbul edilən mükəmməl "İnkişafın Azərbaycan modeli"ndə məntiqi nəticəsini tapmışdır. Bu modelin mahiyyətinə uyğun olaraq, Azərbaycan artıq sosial-iqtisadi inkişafının, hərtərfli intibah strategiyasının yeni mərhələsinə, daha genişmiqyaslı nailiyyətlərin əldə olunacağı dövrə qədəm qoymuşdur. Regional güc mərkəzi kimi beynəlxalq məkanda aparıcı faktora çevrilən Azərbaycan postsovet respublikaları arasında iqtisadi sahədə keçid dövrünü başa vuran ilk dövlət olduğu kimi, şübhəsiz ki, inkişaf etmiş ölkələrin cərgəsinə də ilk qoşulan ölkə olacaq. Bu hədəf indiyədək qazanılan nailiyyətlər kontekstində şərh olunanda, onun da tezliklə gerçəkləşəyinə tam əminlik yaranır. Bəli, qazandığımız uğurlar qazanacağımız müvəffəqiyyətlərin zəminidir.
Əldə
etdiyimiz, eləcə də nail olacağımız zəfərlər
isə birmənalı olaraq dövlət
başçısının müdrik, uzaqgörən fəaliyyətinə
və bu fəaliyyətə olan ümummilli inama söykənir.
Əminik ki, xalqımızın Heydər Əliyev siyasi
kursuna böyük etimadı, Prezident İlham Əliyevin Azərbaycanın
sürətli inkişafını gələcəkdə də
təmin edəcək uzaqgörən siyasəti ölkəmizin
siyasi-iqtisadi qüdrətini, beynəlxalq aləmdə
nüfuzunu daha da yüksəldəcək, qarşıdakı
illərdə də xalqımız möhtərəm Prezidentin
rəhbərliyi ilə daha möhtəşəm qələbələrin,
böyük iqtisadi nailiyyətlərin sevincini
yaşayacaqdır.
Şahin MUSTAFAYEV,
Azərbaycan Respublikasının
iqtisadi inkişaf naziri
Azərbaycan.-2013.- 30 yanvar.- S.2.