Bakı beynəlxalq tədbirlərə ev sahibliyi edən məkana çevrilib

 

Dünya İqtisadi Forumu bu ilin aprelində Bakıda keçiriləcək

 

 Azərbaycanın beynəlxalq təşkilatların işində fəal iştirak etməsi onun təhlükəsizliyi və xarici siyasəti üçün mühüm əhəmiyyət kəsb edir. Miqyas və nüfuzundan asılı olmayaraq, beynəlxalq təşkilatlar dünyada yaranan yeni təhdidlərlə mübarizədə getdikcə daha çox rol oynayırlar. 

Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumu da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. İsveçrənin kurort şəhərində keçirilən Dünya İqtisadi Forumunda müasir dövrün siyasi-iqtisadi problemləri, qlobal inkişafın doğurduğu əsas çətinliklərin həlli, enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə predmeti oldu. Forumda bir sıra dövlət və hökumət başçıları, tanınmış şirkətlərin təmsilçiləri, iqtisadçılar, ekspertlərin iştirakı tədbirin böyük əhmiyyət kəsb etdiyini təsdiqlədi.

 Forum çərçivəsində Prezident İlham Əliyev bir sıra dövlət və hökumət başçıları, tanınmış şirkətlərin nümayəndələri ilə səmərəli görüşlər keçirdi. Ölkə başçısı Davosda ABŞ-ın "Booz&CO" şirkətinin baş icraçı direktoru Çezare Maynardi, "McKinsey&Company" şirkətinin rəhbəri Dominik Barton, "Holcim Group" şirkətinin rəhbəri Bernard Fontana ilə geniş fikir mübadiləsi apardı. Görüş zamanı dövlətimizin başçısı neftdən əldə olunan gəlirlərin bir hissəsinin yüksək texnologiyaların inkişafına yönəldildiyini vurğulayaraq, informasiya-kommunikasiya texnologiyaları sahəsində özəl sektorun iştirakının daha da genişləndirilməsinin önəmini qeyd etdi.

Prezident İlham Əliyev Davosda "CNN-İnternational" televiziya kanalına müsahibəsində bildirib: "Bu gün bizim iqtisadiyyatımız çox sabitdir. Biz iqtisadi böhran illərində belə inkişafımızı davam etdirə bilmişik. Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Biz 10 ildən də az müddətdə ümumi daxili məhsulu üç dəfə, yəni 300 faizdən çox artıra bilmişik. Hazırda iqtisadiyyatımız daha da şaxələndirilib. Bu, təkcə enerji sahəsinə aid deyil. Hazırda bizim əsas məqsədimiz Azərbaycanın qeyri-enerji sektoruna, xüsusilə yüksək texnlologiyalar, informasiya-kommunikasiya texnologiyaları və xidmət sahələrinə investisiyaları cəlb etməkdir".

Azərbaycanda əlverişli biznes mühitinin olduğunu deyən "Holcim Group" şirkətinin rəhbəri ötən il Bakıda sement zavodunun açılışını xatırladaraq bu istiqamətdə perspektiv işlərin həyata keçirildiyini bildirdi.

Prezident İlham Əliyev Davosda BP şirkətinin sədri Karl-Henrik Svanberq və "Total" şirkətinin rəhbəri Kristof de Majeri ilə görüş keçirdi. Görüşdə Azərbaycan ilə adıçəkilən şirkətlər arasında uzun illər uğurlu əməkdaşlığın davam etməsindən məmnunluq ifadə olundu. "Azəri-Çıraq-Günəşli", "Şahdəniz", Trans-Anadolu qaz boru kəməri (TANAP) layihələri üzrə əməkdaşlığın uğurla həyata keçirildiyi qeyd olundu. Həmçinin görüşdə dünyanın ən nüfuzlu şirkətləri ilə ölkəmiz arasında əməkdaşlığın perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparıldı.

Dünya İqtisadi Forumu çərçivəsində "Mərkəzi Asiya üçün yeni üfüqlər" mövzusunda sessiya keçirildi. Bir sıra ölkələrin rəsmilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi sessiyada enerji sahəsində Azərbaycanın əldə etdiyi uğurlardan danışan Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə qeyri-enerji sektorunun da inkişafı diqqət mərkəzində saxlanılır və bununla bağlı bir çox layihələr həyata keçirilir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə toxunan Prezident İlham Əliyev ölkəmizin qlobal iqtisadi və enerji layihələrində iştirakının əhəmiyyətindən ətraflı bəhs edib.

"Neft və qaz idarəçilərinin toplantısı" mövzusunda sessiyada da çıxış edən Prezident İlham Əliyev Azərbaycanın neft-qaz sektorunda kibertəhlükəsizliyin və ümumilikdə təhlükəsizliyin təmin olunması məsələlərinə toxunub. Dövlət başçısı uzun illərdir Azərbaycanın qlobal enerji layihələrində iştirakına diqqət çəkərək ölkəmizin bu sahədə qazandığı uğurlardan danışıb. Azərbaycanda bu sahədə təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.

Ölkə başçısı Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə də görüşüb. Forumun Azərbaycan ilə Avropa İttifaqı arasında  əməkdaşlığın daha da güclənməsinə müsbət təsir göstərdiyi qeyd olunub. Ümumi razılıq əsasında Davos Dünya İqtisadi Forumunun bu ilin aprelində Bakıda keçiriləcəyi qərara alınıb. Bakıda keçiriləcək Dünya İqtisadi Forumu Cənubi Qafqaz və Orta Asiya regionlarında əməkdaşlığın və inteqrasiyanın inkişafına töhfəsini verəcəkdir.

Prezident İlham Əliyev ulu öndərin böyük müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Cənab İlham Əliyevin prezidentliyi dövründə məhz bu postulat əsas götürülmüş, iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini təşkil etmişdir. Başqa sözlə, praqmatik liderlik keyfiyyətlərinə malik olan dövlət başçısı keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Nəticədə respublikada daha bir məsələ də müsbət həllini tapmış, Azərbaycan iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq iqtisadi və sosiomədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur.

Uğurlu iqtisadi siyasət nəticəsində 2003-2011-ci illərdə ümumi daxili məhsulun (ÜDM) orta illik artım tempi 14,2 faiz, qeyri-neft sektorunda isə 10,7 faiz olmuşdur. 2003-2011-ci illərdə ölkənin strateji valyuta ehtiyatları 25,3 dəfə, dövlət büdcəsi 16,6 dəfə, bank aktivlərinin həcmi 10,4 dəfə, nominal əməkhaqqı 5,9 dəfə, nominal orta aylıq pensiya 6,1 dəfə artmışdır. Ötən illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və sosial rifah sahələrində mühüm nailiyyətlər əldə etmişdir. Beləliklə, Azərbaycan keçid dövrünü başa vuraraq qlobal və regional çağırışlar fonunda kəmiyyət və keyfiyyət etibarilə yeni dövrün astanasına qədəm qoymuşdur.

Dünya İqtisadi Forumunun dərc etdiyi "Qlobal rəqabətədavamlılıq hesabatında" Azərbaycan dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutmaqla, MDB məkanında ən rəqabətədavamlı iqtisadiyyata malik olduğunu sübut etmişdir. 20 il əvvəl Azərbaycan ilə eyni səviyyədə qərarlaşan postsovet ölkələri indi iqtisadi inkişaf səviyyəsinə görə respublikamızla rəqabətdə çətinlik çəkirlər. Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Bəzən ölkəmiz dünya iqtisadiyyatında yeni təmayülləri hətta Avropa ölkələrini qabaqlamaqla mənimsəyir. Məsələn, Azərbaycan resursla zəngin olan ölkələr sırasında enerji səmərəliliyi sahəsində ən yüksək nailiyyət qazanmış və Şərqi Avropada "yaşıl iqtisadiyyat"ın tədqiqini aparan ilk ölkə olmuşdur.

Azərbaycanın neftlə yanaşı, böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna müvafiq olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa imkan yaradır. Xəzərin zəngin karbohidrogen ehtiyatlarının daha böyük həcmdə dünya bazarlarına çıxarılması ölkəmizin iqtisadi potensialını gücləndirməklə qarşıda yeni perspektivlərə yol açır.

 

 

 Elnur HACALIYEV

 

Azərbaycan.-2013.- 30 yanvar.- S.3.