Milli informasiya
agentliklərinin Azərbaycan-Yunanıstan əlaqələrinin
inkişafındakı rolu müzakirə edilmişdir
Son
illərdə Yunanıstan mətbuatı Azərbaycanın
siyasi-iqtisadi uğurları barədə daha çox məlumatlar
dərc etməyə başlamışdır.
Bu
fikri Yunanıstanın Azərbaycandakı səfiri İoannis
Metaksas yanvarın 29-da Azərbaycan Dövlət Teleqraf
Agentliyində (AzərTAc) baş direktor Aslan Aslanov ilə
görüşdə söyləmişdir.
Görüşdə
milli informasiya agentliklərinin Azərbaycan-Yunanıstan əlaqələrinin
inkişafındakı rolu müzakirə edilmişdir.
AzərTAc-ın keçdiyi inkişaf yolu barədə qonağa məlumat verən Aslan Aslanov agentliyin ölkənin informasiya həyatındakı rolu barədə danışmışdır. Xüsusi qeyd olunmuşdur ki, AzərTAc Yunanıstanın milli xəbər agentliyi - AMNA ilə yaxşı əlaqələr qurmuş, digər nüfuzlu media qurumları ilə yaxından əməkdaşlıqda maraqlıdır. Bildirilmişdir ki, agentliklər Avropa Xəbər Agentlikləri Alyansı (EANA) və Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasında (PANİA) təmsil olunurlar və bu, birgə əməkdaşlıq üçün yaxşı imkanlar yaradır.
İkinci Bakı Beynəlxalq Humanitar Forumunun işi barədə də məlumat verən Aslan Aslanov sabiq xarici işlər naziri, Afinanın keçmiş meri, Avropa Şurası Parlament Assambleyasında Yunanıstanın nümayəndə heyətinin rəhbəri Dora Bakoyannisin forumdakı iştirakını və çıxışını yüksək qiymətləndirmişdir.
Görüşdə
milli informasiya agentlikləri arasında mətnli xəbərlərdən
başqa, multimedia məhsullarının da mübadiləsi sahəsində
əməkdaşlığın inkişaf etdirilməsinə
dair fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.-2013.- 30 yanvar.- S.3.