Azərbaycanla təzyiq dilində danışmaq olmaz

 

Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda böyük uğurlar əldə edən Azərbaycanın Avropa Şurasına üzvlüyünün bir neçə gün əvvəl 12-ci ili tamam oldu. 2001-ci ilin yanvar ayında AŞ-nin Nazirlər Komitəsi respublikamızın təşkilata tamhüquqlu üzvlüyü məsələsini müzakirəyə çıxarmış və müsbət qərar qəbul etmişdir. Bununla da rəsmi Bakı xarici siyasətdə qarşıya qoyduğu əsas məqsədlərdən daha birini uğurla gerçəkləşdirmiş oldu.

Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzvlükdə əsas məqsədi, ölkənin milli maraq və mənafelərinin bu geosiyasi arealda etibarlı qorunmasından, habelə Ermənistanın təcavüzkar siyasətinin ifşası və ona qarşı ciddi sanksiyaların qəbulundan ibarət olub. Bu istiqamətdə mühüm uğurlar qazanan Azərbaycan, həmçinin AŞ-də əməkdaşlıq təşəbbüslərinin birbaşa iştirakçısına çevrilib, demokratik dəyərlər əsasında inkişaf etdiyini təsdiqləyib.

Bütün bunlarla yanaşı, Azərbaycanın üzləşdiyi haqsızlıqlar da olmuşdur. Xüsusən bir sıra hallarda qurumun parlament assambleyasının tribunasından ölkəmizlə bağlı həqiqətdən uzaq olan əsassız tənqidi fikirlər də səsləndirilib. Məruzəçilər hazırladıqları bəzi hesabatlarda, demək olar ki, subyektiv amillərə yol veriblər, Azərbaycanın hər uğuruna qara yaxmağa çalışan bəzi qeyri-hökumət təşkilatlarının, "hüquq müdafiəçilərinin" rəylərinə əsaslanıblar. Xüsusilə antiazərbaycançı dairələrin sifarişi ilə qondarma "siyasi məhbus" məsələsini zaman-zaman ortaya ataraq Azərbaycana təzyiq etməyə çalışıblar. Lakin Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasətin qətiyyəti nəticəsində bu cür qərəzli niyyətlərin hamısı puç olub. Avropa Şurası Parlament Assambleyasının bir neçə gün əvvəl keçirilən qış sessiyasında da bir daha təsdiq olundu ki, Azərbaycanla təzyiq dilində danışmaq olmaz.

Almaniyalı deputat Kristofer Ştrasser bir müddət idi ki, Azərbaycanda "siyasi məhbus" məsələsi ilə bağlı layihə hazırlayırdı. K.Ştrasser bu məsələdə ilk gündən Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe tutmuşdu. Belə ki, o, məqsədyönlü şəkildə bu məsələni siyasiləşdirməyə cəhd göstərir, Azərbaycanın müvafiq dövlət qurumları ilə dialoqdan və əməkdaşlıqdan imtina edir, yalnız hər şeyə qara yaxmağa vərdiş etmiş bir-iki qeyri-hökumət təşkilatlarının qeyri-obyektiv məlumatlarına əsaslanırdı. Bunun nəticəsi idi ki, onun hazırladığı siyahıda terrorçuların, qatillərin, xüsusilə ağır cinayətlər törətmiş şəxslərin, hətta həbsdə olmayan insanların adları "siyasi məhbus" kimi təqdim edilmişdi. Azərbaycanın müvafiq dövlət qurumlarının və AŞ PA-dakı ölkəmizin nümayəndə heyətinin konstruktiv əməkdaşlıq çağırışlarına baxmayaraq, K.Ştrasser bunların heç birinə məhəl qoymadı və öz ampluasına qapılaraq Azərbaycana qarşı qərəzli mövqeyini hər addımda ortaya qoydu.

Avropalı deputatların böyük əksəriyyəti də anlayırdı ki,  bu məruzə Azərbaycana qarşı subyektiv və qərəzli mövqedən hazırlanıb və əsas məqsəd də bu ölkədə gedən prosesləri başqa tərzdə təqdim etməkdir. Ona görə də AŞ PA-nın qış sessiyasının yanvarın 23-də keçirilən plenar iclasında K.Ştrasserin Azərbaycanda "siyasi məhbus" məsələsinə dair hesabatı qəbul edilmədi. Deputatların əksəriyyəti hesabatın əleyhinə səsə verdilər.

Bu qərəzli məruzənin qəbul edilməməsi haqqın və ədalətin zəfəridir. Hesabata səs verməyənlər, əslində, Avropa dəyərlərinə, ədalətə, hüququn aliliyinə hörmət nümayiş etdirdilər. Ən əsası bu qərəzli məruzənin rədd edilməsi Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasətin növbəti möhtəşəm qələbəsidir. Bununla həm də bir daha təsdiqləndi ki, beynəlxalq miqyasda söz sahibinə çevrilmiş Azərbaycanla təzyiq dilində danışmaq olmaz.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 27 yanvar.- S.3.