Sosial-iqtisadi uğurlarla zəngin mərhələ
2012-ci ildə
ölkə iqtisadiyyatının bütün sahələrində ciddi nailiyyətlər əldə
olunmuşdur
Modernləşmə istiqamətində
davamlı tədbirlər həyata keçirən Azərbaycanın
bütövlükdə regionun ən aparıcı dövlətlərindən
birinə çevrilməsi ilk növbədə elmi əsaslar
üzərində gerçəkləşdirilən milli
iqtisadi inkişaf modelinə əsaslanır. Beynəlxalq maliyyə
qurumlarında da maraqla qarşılanaraq ciddi elmi müzakirələrə
səbəb olan bu model özünəməxsus cəhətləri
ilə əlverişli coğrafi və geoiqtisadi məkanda yerləşən
respublikamızı yeni iqtisadi fenomenə çevirmiş,
sabit inkişaf yoluna çıxarmışdır.
2003-cü
ildən ölkəyə inamla rəhbərik edən dövlət
başçısı İlham Əliyevin elmi təmələ
əsaslanan iqtisadi siyasəti respublikanın inkişafı
prosesində dinamizmi və məqsədyönlülüyü
təmin etmiş, qarşıda duran vəzifələrin həllinə
real imkanlar açmış, cəmiyyətin ümumi
potensialının milli məqsədlər naminə səfərbər
olunmasına etibarlı zəmin
formalaşdırmışdır. Azərbaycan Prezidentinin sədrliyi
ilə Nazirlər Kabinetinin 2012-ci ilin yekunlarına və
2013-cü ildə qarşıda duran vəzifələrin
müzakirəsinə həsr olunmuş iclası Avratlantik məkana
inteqrasiya kursunu uğurla davam etdirən, transmilli enerji və
kommunikasiya layihələrinin lokomotivinə çevrilən,
demokratikləşmə yolunda atdığı ardıcıl
addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi
kimi tanınan respublikamızın bütün sahələrdə
dinamik inkişaf etdiyini təsdiqləmişdir. Bir sıra
dünya ölkələrinin qlobal maliyyə böhranı ilə
üzləşməsinə rəğmən, Azərbaycanın
2012-ci ildə də mühüm nailiyyətlərə imza
atması - makroiqtisadi sabitliyin qorunub saxlanılması,
qeyri-neft sektorunun nəzərəçarpacaq dərəcədə
artması, inflyasiyanın optimal həddə saxlanılması
hökumətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin
əyani göstəricisidir.
Beynəlxalq reytinq agentlikləri
inkişafı təsdiqləyir
Nazirlər Kabinetinin son iclasında
da qeyd olunduğu kimi, 2012-ci il ölkə
iqtisadiyyatının bir sıra mühüm sahələrində
nəzərəçarpacaq irəliləyişlərin əldə
olunması, biznes mühitinin liberallaşdırılması tədbirləri
ilə yanaşı, həm də respublikanın investisiya
reytinqinin yüksəlməsi ilə əlamətdar
olmuşdur. Cənubi Qafqaz geoiqtisadi məkanında cərəyan
edən prosesləri diqqət mərkəzində saxlayan
dünyanın aparıcı maliyyə-iqtisadi qurumları, o
cümlədən nüfuzlu reytinq agentlikləri öz
hesabatlarında Azərbaycanı regionda yüksək investisiya
cəlbediciliyinə və makroiqtisadi sabitliyə malik ölkə
kimi səciyyələndirmişlər.
Müasir
dövrdə bu pozitiv dəyərləndirmələrin Azərbaycan
üçün təkcə təbliğati-siyasi deyil, həm
də iqtisadi nüfuz baxımından mühüm əhəmiyyət
kəsb etdiyini xüsusi vurğulamağa ehtiyac yoxdur.
Nüfuzlu reytinq agentliklərinin və maliyyə
qurumlarının bu cür hesabatları müasir dövrdə
hər bir ölkənin iqtisadiyyatına investisiya və kapital
qoyuluşlarının strukturuna təsir göstərən,
xarici iqtisadi əlaqələri, müştərək biznes
layihələrini stimullaşdıran başlıca amillərdən sayılır. Təkcə
xarici investisiyalı deyil, həm də yerli şirkətlər
fəaliyyət prioritetlərini müəyyənləşdirərkən
ölkənin investisiya reytinqinin beynəlxalq səviyyədə
necə dəyərləndirildiyini ciddiliklə nəzərə
alırlar.
Ötən
il həmin reytinq qurumlarının
açıqladığı hesabat və proqnozlar
respublikamızın iqtisadi böhranın ən son
fazasını da başa vuraraq yeni keyfiyyət göstəricilərinə
nail olduğunu göstərir. 2012-ci ilin yanvar ayında
"Standard & Poor's" beynəlxalq reytinq agentliyi Azərbaycanın
uzunmüddətli yerli və xarici valyutada reytinqini
"BBB-" investisiya səviyyəsinə
qaldırmış, reytinq üzrə proqnozunu "sabit" səviyyəsində
saxlamışdır. "Moody's Investors Servises" beynəlxalq
reytinq agentliyi isə aprel ayında yaydığı məlumatda
Azərbaycanın suveren kredit reytinqini bir pillə -
"Ba1"-dən "Baa3"-ə kimi
qaldırmışdır. Beləliklə, daha bir reytinq
agentliyi respublikanın uzunmüddətli yerli və xarici
valyutada reytinqi investisiya səviyyəsinə yüksəltmişdir.
2012-ci ilin mayında "Fitch" reytinq agentliyi də
respublikamızın uzunmüddətli yerli və xarici valyutada
reytinqini "BBB-" investisiya səviyyəsində təsdiqləmişdir.
Agentlik qərarında göstərirdi ki, Azərbaycanın
reytinqinin investisiya səviyyəsində saxlanması
aparılan davamlı islahatlar sayəsində ölkənin
iqtisadi qüdrətinin əhəmiyyətli dərəcədə
güclənməsini, dinamik sosial-iqtisadi inkişafı,
insanların rifah halının yaxşılaşmasını
özündə əks etdirir.
2012-ci
ildə Azərbaycanın sürətli inkişaf yolunda
olduğu, respublikada biznes mühitinin əvvəlki illərlə
müqayisədə əhəmiyyətli dərəcədə
liberallaşdırıldığı Dünya Bankı
və Beynəlxalq Maliyyə Korporasiyasının birgə
hazırladığı "Qlobal Rəqabət Qabiliyyəti
İndeksi"ndə bir daha təsdiqini tapmışdır.
Hesabata əsasən, Azərbaycan dünyanın 140 ölkəsi
arasında 46-cı yerdə qərarlaşmış və
ötənilki mövqeyini (55-ci yer)
yaxşılaşdıraraq 9 pillə irəliləmişdir.
Dünya İqtisadi Forumu milli rəqabət qabiliyyətliliyi
ölkənin və onun institutlarının ortamüddətli
perspektivdə iqtisadi artım templərini təmin etmək
qabiliyyəti kimi xarakterizə edir. Respublikamızın son bir
ildə bu göstərici üzrə 9 pillə irəliləməsi
ölkədəki əlverişli investisiya mühitinin
göstəricisi kimi dəyərləndirilir.
Hökumətin
son iclasında Prezident İlham Əliyev ölkə
iqtisadiyyatındakı müsbət meyillərin gücləndiyini,
ümumilikdə ölkənin kredit reytinqinin beynəlxalq
maliyyə qurumları tərəfindən müsbət qiymətləndirildiyini xüsusi
vurğulamışdır: "Ümumdünya Davos
İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan
iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə
46-cı yerdədir, MDB məkanında 1-ci yerdədir. Bax budur
görülmüş işlərin nəticəsi və əlbəttə,
biz bu müsbət dinamikanı gündəlik həyatda da
görürük. Bizim maliyyə imkanlarımız artır.
Bu ilin büdcəsi də rekord səviyyədədir, 20
milyard manata yaxın olan vəsait xərclənəcəkdir".
Azərbaycanın investisiya cəlbediciliyi
artır
Dünya ölkələrində
iqtisadi böhranın hələ də səngimədiyi bir
dövrdə Azərbaycanın rəqabət qabiliyyətinin
artması və investisiya reytinqinin yüksəlməsi biznes mühitinin
sağlamlaşdırılması sahəsində həyata
keçirilən ardıcıl tədbirlərin nəticəsi
kimi dəyərləndirilə bilər. Son illər kiçik
və orta sahibkarlıq subyektlərinə dövlət
büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə
artırılması, iş adamlarının fəaliyyətinə
süni müdaxilələrin aradan qaldırılması,
sahibkarlıq subyektlərinin qeydiyyatı sisteminin sadələşdirilərək
"vahid pəncərə" prinsipi əsasında
aparılması, gömrük orqanlarında da bu sistemin təşkili,
texnoparkların yaradılması, korrupsiyaya qarşı
mübarizə tədbirlərinin gücləndirilməsi və
digər addımlar bu baxımdan xüsusi
vurğulanmalıdır. 2012-ci ildən ölkə
iqtisadiyyatına yatırılan sərmayələrin həm kəmiyyət,
həm də keyfiyyət baxımından artımı Azərbaycanda
yerli və xarici sərmayələri stimullaşdıran normal
makroiqtisadi mühitin mövcudluğunu bir daha təsdiqləyir.
Nazirlər
Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrin
müzakirəsinə həsr olunmuş iclasında
vurğulandığı kimi, ötən il respublika
iqtisadiyyatına investisiya qoyuluşları rekord səviyyədə
artaraq 22 milyard dolları ötmüşdür. Bunun 13 milyard
dollarını daxili, 9 milyard dollarını xarici sərmayələr
təşkil etmişdir. Müqayisə üçün bildirək
ki, 2010-cu ildə ölkə iqtisadiyyatına 15,5 milyard, 2011-ci
ildə 20 milyard dollar investisiya qoyulmuşdur. Son illər
ümumi investisiya portfelində daxili sərmayələr
prioritetliyini qorumaqla, təxminən 65-70 faiz təşkil
etmişdir. İnvestisiyaların yüksək artım tempi
2012-ci ildə qeyri-neft sektorunun 9,7, ümumi daxili məhsulun isə
2,2 faiz artımını təmin etmişdir. Hesabat
dövründə qeyri-neft sektorunun ÜDM-dəki payı 52,7
faizə çatmışdır.
Dünya
Bankının bir neçə gün əvvəl
açıqladığı "Qlobal iqtisadi perspektivlər"
("Global Economic Prospects") məruzəsinə əsasən,
2013-cü ildə Azərbaycanda ÜDM-in artımının
4,2 faiz səviyyəsində olacağı
proqnozlaşdırır. Qurum 2014-cü ildə Azərbaycanda
ümumi istehsalın artımını 3,7, 2015-ci ildə isə
3,6 faiz səviyyəsində proqnozlaşdırır. Bu
müsbət proqnozlar hökumətin investisiyaların şaxələndirilməsi
sahəsində yürütdüyü siyasətin səmərəliyinə
dəlalət edir. Bir sıra dövlətlərin təcrübəsində
uğurla sınaqdan çıxmış, özünü
doğrultmuş bu siyasət neftdən əldə olunan gəlirlərin
qeyri-neft sektoruna, istehsal sahibkarlığının
inkişafına yönəldilməsini, özəl sektorun
ümumi daxili məhsulda xüsusi çəkisinin
artırılmasını təmin edir.
Hesabat
dövründə respublikanın iqtisadi resurslarının
düzgün və məqsədyönlü realizə edilməsi,
antiböhran tədbirlərinin gücləndirilməsi, real
sektorun dəstəklənməsi, sənayeləşmənin
stimullaşdırılması, maliyyə-bank sektorunun fəaliyyəti
üçün daha əlverişli şəraitin
yaradılması, vergi mühitinin
liberallaşdırılması tədbirləri də ölkənin
investisiya cəlbediciliyinin artmasına öz təsirini
göstərmişdir. Əgər əvvəllər ölkə
iqtisadiyyatında investisiyalar əsasən neft-qaz sektoruna
yatırılırdısa, indi əcnəbi iş adamları
daha çox qeyri-neft sektorunun sənaye, İKT, turizm və digər
sahələrinə maraq göstərirlər.
Azərbaycanda
daxili investisiyaların yüksək artım tempi ilk növbədə
respublikanın sosialyönümlü siyasətinin mahiyyətindən
irəli gələrək cəmiyyət həyatının
bütün sahələrində modernləşməyə
nail olmaq, iqtisadi potensialın səmərəli realizəsinə
etibarlı zəmin formalaşdırmaq məqsədindən irəli
gəlir. Başqa sözlə, cəmiyyətin gələcəkdə
əldə edəcəyi faydalar nəzərə alınaraq
müəyyən məqamlarda böyük maliyyə
hesabına başa gələn infrastruktur layihələri də
gerçəkləşdirilir. Əgər 2008-ci ilin dövlət
büdcəsində əsaslı kapital qoyuluşuna cəmi
3,3 milyard manat ayrılmışdısa, 2012-ci ildə bu rəqəm
5,7 milyard manat təşkil etmişdir. 2013-cü ilin dövlət
büdcəsi xərclərinin strukturunda da ilk yeri məhz
dövlət əsaslı vəsait qoyuluşları tutur. Bu məqsədlə
büdcədən 6 milyard 915,2 milyon manat və ya ümumi
büdcə xərclərinin 34,9 faizi həcmində vəsait
nəzərdə tutulmuşdur. Bu ilə dövlət əsaslı
vəsait qoyuluşları üçün nəzərdə
tutulmuş investisiya 2012-ci illə müqayisədə 1 milyard
14,1 milyon manat və ya 19,18 faiz, 2011-ci ilin faktiki icrasına
nisbətən 1 milyard 63,6 milyon manat və ya 18,2 faiz
çoxdur.
Bu təsnifat
üzrə dövlət büdcəsindən
ayırmaların yüksək templə artımı həm də
obyektiv reallıqlarla şərtlənir. Köhnə
infrastrukturla müasir Azərbaycanın artan
ehtiyaclarını təmin etməyin, iqtisadi inkişafda
davamlı və sabit inkişafa nail olmağın,
sahibkarlığı inkişaf etdirməyin, əhalinin həyat
səviyyəsini yüksəltməyin
qeyri-mümkünlüyü yaxşı məlumdur. Dövlət
vəsaitləri hesabına kommunal xidmətlərin səviyyəsinin
yüksəldilməsi, əhalinin fasiləsiz olaraq elektrik
enerjisi, təbii qaz, içməli su ilə təmin
olunması, yolların bərpası və yenidən çəkilişi,
zəruri abadlıq işlərinin aparılması və s. həyata
keçirilir.
Azərbaycanda
qeyri-neft sektorunun sürətlə inkişafı, xüsusən
də yeni enerjitutumlu istehsal müəssisələrinin fəaliyyətə
başlaması elektrikə, mavi yanacağa, suya olan tələbatı
da kəskin surətdə artırır. Bu mənada dövlət
əsaslı kapital qoyuluşları həm də biznes
mühitinin yaxşılaşdırılmasına xidmət
edir. Digər tərəfdən, hökumətin regional inkişaf
məqsədilə həyata keçirdiyi dövlət
proqramlarında nəzərdə tutulmuş tədbirlər də
kapital qoyuluşlarının artırılmasını zəruri
tələb kimi önə çıxarır. Bu prosesə
dövlətlə yanaşı, özəl sektor da aktiv dəstək
verir və bunu 2012-ci ilin statistik göstəricilərindən
də aydın görmək mümkündür. Ötən il
iqtisadi və sosial sahələrin inkişafı
üçün bütün maliyyə mənbələrindən
əsas kapitala 14 milyard manat həcmində vəsait yönəldilmiş,
7,6 milyard manatlıq tikinti-quraşdırma işləri
görülmüşdür.
Bundan
başqa, ölkə iqtisadiyyatı əcnəbilər
üçün də investisiya cəlbediciliyini qoruyub
saxlamışdır. 2012-ci ildə əvvəlki ilin
müvafiq dövrünə nisbətən xarici mənbələrdən
əsas kapitala yönəldilən sərmayənin həcmi 30
faizədək artmışdır. Xarici ölkələrdən
və beynəlxalq təşkilatlardan əsas kapitala yönəldilmiş
vəsaitin 90 faizdən çoxu Böyük Britaniya, ABŞ,
Yaponiya, Norveç, Türkiyə, Çexiya və Fransa
investorlarının olmuşdur.
Yerli
və xarici sərmayələrə dövlət təminatının
gücləndirilməsi, habelə biznes strukturlarının
müştərək layihələrə marağının
artırılması məqsədilə yaradılmış
Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) bu
istiqamətdəki fəaliyyəti də praktik nəticələr
verir. AİŞ ötən illərdə yerli və xarici
investorlarla birgə bir neçə böyük layihə həyata
keçirmiş, bu günə kimi ölkə iqtisadiyyatına
90 milyon manata yaxın investisiya yatırmışdır.
Qurumun təşəbbüskarı olduğu layihələrə
xarici və yerli investorlar 900 milyon manatdan çox investisiya
yatırmışlar.
Sənaye potensialının
möhkəmləndirilməsinə töhfə
Ötən
il ölkənin sənaye potensialının möhkəmləndirilməsi
sahəsində də bir sıra tədbirlər həyata keçirilmişdir. 2012-ci il
dekabrın 21-də təsdiqlənmiş Vergi Məcəlləsinə
əlavə və dəyişikliklər bu baxımdan
mühüm əhəmiyyətə malikdir. Dəyişikliklərin
bir istiqaməti də sənaye texnoparklarında güzəştli
vergi rejiminin tətbiqi ilə bağlıdır. Həmin dəyişikliklə
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları
ilə yaradılmış sənaye və texnologiyalar
parklarında sahibkarlıq fəaliyyəti göstərən
fiziki şəxslərin gəlirləri 7 il müddətinə
gəlir vergisindən azad olunmuşdır.
Azərbaycanın
yaxın onillikdə qarşısında duran əsas məsələlərdən
biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarının ixracından
asılılığı aradan qaldırmaq və iqtisadi
artımın lokomotivi kimi neftdənkənar sahələrin,
xüsusilə də qeyri-neft sektorunun aparıcı bölməsi
hesab olunan sənaye sektorunun inkişafını təmin etməkdir.
Hökumət qeyri-neft sektorunun inkişaf bazalarından biri kimi sənaye
sektoruna daha böyük üstünlük verir. Sənayenin
innovasiyalar əsasında inkişafının təmin
olunması, texnoparkların sənayeləşmədə əsas
strateji layihələr kimi yer alması "Azərbaycan - 2020:
gələcəyə baxış" İnkişaf
Konsepsiyasında da başlıca hədəflər
sırasındadır. Konsepsiyada qeyd olunur ki, sənaye müəssisələrində
innovasiyayönümlü texnologiyaların tətbiqi
stimullaşdırılacaq, ixtisaslaşmış və
ümumi təyinatlı sənaye şəhərcikləri
yaradılacaqdır. İqtisadi rayonlar üzrə sənaye
şəhərciyi infrastrukturunun
formalaşdırılması qeyri-neft emal sənayesinin
inkişaf etdirilməsi ilə bağlı dövlət
investisiya siyasətində əsas istiqamət olacaqdır.
Hazırda
Sumqayıtda neft-kimya məhsullarının emalı,
Balaxanıda məişət tullantılarının emalı
və Gəncədə metal (alüminium) məmulatlarının
istehsalı üzrə sənaye şəhərcikləri və
digər texnoparkların yaradılması sənaye texnoparkları
layihələrinin genişləndirilməsi üçün
başlıca zəmin hesab olunur. Bu baxımdan hər bir
iqtisadi rayonun potensialı nəzərə alınmaqla,
xüsusi iqtisadi zonaların yaradılması və sənaye
şəhərciklərinin qurulması üçün
müxtəlif iqtisadi təşviqedici və stimullaşdırıcı
addımların atılması prioritet vəzifələrdəndir.
Orta və uzunmüddətli perspektivdə sənayeləşmənin
bir çox sahələrinin, o cümlədən
texnoparkların yüksək inkişafına impuls vermək
üçün vergi güzəştləri ilə
yanaşı, digər həvəsləndirici addımların
da atılması nəzərdə tutulur. Güclü texnopark
kompleksləri şəbəkəsini genişləndirmək
üçün investisiyaların artırılması, yeni sənaye
mərkəzlərinə investorların cəlb olunması,
daha əlverişli biznes mühitinin təmin edilməsi
iqtisadi stimullaşdırma vasitələrinin əsas istiqamətlərini
təşkil edir.
Vergi
Məcəlləsinə texnoparklarla bağlı edilmiş əlavə
və dəyişikliklər iqtisadiyyatın inkişafına
töhfə verəcək, layihələrin miqyasının
artmasına, bu sahəyə investorların cəlb
olunmasına, yeni iş yerlərinin yaradılmasına və
son nəticədə məşğul əhalinin
sayının artımı fonunda insanların sosial
rifahının yaxşılaşmasına zəmin
yaradacaqdır. Yeni vergi rejimi, həmçinin texnoparklarda
yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli
sənaye məhsullarının istehsalının və
ixracının güclənməsinə də imkan verəcəkdir.
Nazirlər
Kabinetinin son iclasında səslənən rəqəmlər
ötən ilin sahibkarlığın inkişafı
baxımından da uğurlu il olduğunu göstərir. Dövlət
Statistika Komitəsinin məlumatlarına görə, özəl
bölmənin inkişafı üçün
yaradılmış azad rəqabət və əlverişli
investisiya mühiti 2012-ci ildə ölkədə 5417
hüquqi şəxsin qeydiyyatdan keçməsi ilə nəticələnmişdir.
Onlardan 154-ü dövlət mülkiyyətinə, 4653-ü
xüsusi mülkiyyətə, 483-ü tam xarici investisiyalı
müəssisələrə, 124-ü birgə müəssisələrə,
3-ü isə bələdiyyə mülkiyyətinə aiddir.
2012-ci ildə 66957 fiziki şəxs sahibkarlıq fəaliyyəti
ilə məşğul olmaq üçün qeydiyyatdan
keçmişdir. Artıq yeni müəssisə yaratmaq istəyən
sahibkarlar qeydiyyat prosesinə 3 gün deyil, elektron formada cəmi
bir neçə dəqiqə vaxt sərf edirlər.
Ölkədə
istehsal müəssisələrinin sayının
artımına müsbət təsir göstərən amillərdən
biri də güzəştli kreditlərin həcminin
artırılmasıdır. Ötən il Sahibkarlığa
Kömək Milli Fondunun vəsaitləri hesabına 2400
sahibkara 218 milyon manat güzəştli kredit verilmişdir.
Bunun da 128 milyon manatı və ya təqribən 60 faizi
qaytarılan vəsaitlər hesabınadır. Kreditlərin 68
faizi aqrar sektorun, 32 faizi isə sənaye və turizmin
inkişafına yönəldilmişdir. Bu kreditlər
hesabına 9 mindən çox yeni iş yerinin
yaradılması nəzərdə tutulur.
İşsizliyin səviyyəsi
azalır
Qlobal iqtisadi böhranın mənfi
təsirləri geridə qalmış 2012-ci ildə bir
çox ölkələr üçün ciddi problemlər
yaratmış, dövlət strukturlarının saxlanma xərclərinin
azaldılması, biznes qurumlarının iflic vəziyyətinə
düşməsi işsizliyin səviyyəsinin yüksəlməsinə
gətirib çıxarmışdır. İlin yekunları
xüsusən də Avropa İttifaqı ölkələri
üçün ürəkaçan olmamışdır: bu
geoiqtisadi məkanda işsizlik 2011-ci ilin eyni dövrü ilə
müqayisədə 1,2 faiz artaraq 11,8 faizə
çatmışdır. Avropa ölkələrindən fərqli
olaraq 2012-ci ili Azərbaycanda işsizlik probleminin ləğvi
baxımından uğurlu mərhələ kimi dəyərləndirmək
olar. Ötən ilin yanvarında 5,6 faiz təşkil edən
işsizik səviyyəsi ilin yekunlarına görə 5,2 faizə
enmişdir.
Bu
göstəricilər bir daha təsdiqləyir ki, ölkədə
əhalinin həyat səviyyəsi və onun keyfiyyətinin
yüksəldilməsi üçün mövcud insan
resurslarından, ilk növbədə əmək qabiliyyətli
əhalinin potensialından səmərəli istifadə edilir.
2004-cü ildən regionların sosial-iqtisadi inkişafı ilə
bağlı qəbul edilmiş proqramların həyata
keçirilməsi nəticəsində respublikada məşğulluq
probleminin həllində əsaslı dönüş
yaranmışdır. Əgər 2000-ci ildə məşğul
əhalinin 33,2 faizi dövlət sektorunda
çalışırdısa, 2012-ci ildə bu rəqəm 26,1
faizə enmişdir. Bu da ilk növbədə özəl
sektorun inkişafı ilə əlaqədar qeyri-dövlət
sektorunda məşğulluğun səviyyəsinin yüksəlməsinin
göstəricisi sayıla bilər. Həyata keçirilən
tədbirlər sayəsində işsizliyin səviyyəsi
2003-cü ildəki 28 faizdən 2012-ci ilin yekunlarına görə
5,2 faizə enmişdir. Başqa sözlə, Azərbaycanda əhalinin
məşğulluq səviyyəsi 94,8 faiz olmuş, iqtisadi fəallıq
səviyyəsi isə 74,2 faiz təşkil etmişdir.
Bununla
yanaşı, müəyyən yaş qrupları üzrə,
xüsusən də ali təhsilli gənc mütəxəssislərin,
o cümlədən yaşı 50-ni keçmiş
insanların məşğulluğunun təmin edilməsində
problemlər mövcuddur. Bu cür çətinliklərin
mövcudluğu isə bəzi hallarda insanları qeyri-leqal məşğulluğa,
əmək müqaviləsi olmadan işləməyə
sövq edir. Əksər hallarda işçilərlə əmək
müqavilələrinin deyil, mülki-hüquqi müqavilənin
imzalanması da özünü ciddi problemlərdən biri
kimi göstərir. Qanunvericiliyə görə, işçi
ilə mülki-hüquqi müqavilə müəyyən
müddət üçün imzalana bilər. Lakin bəzən
işəgötürənlər işçiləri uzun illər
ərzində mülki-hüquqi müqavilə əsasında
işlədirlər. Nəticədə işçilər əmək
müqaviləsinin yaratdığı bir sıra hüquqlardan
məhrum olurlar.
Nazirlər
Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi
yekunlarına həsr olunmuş iclasında ölkə rəhbəri
İlham Əliyev ölkədə qeyri-leqal məşğulluğun
aradan qaldırılmasını, iş yerlərinin rəsmiləşdirilməsini,
işəgötürənlərlə işçilər
arasında əmək müqavilələrinin
imzalanmasını aidiyyəti dövlət
strukturlarının qarşısında ciddi vəzifələr
kimi qoymuşdur: "Azərbaycan nadir inkişaf templərini
nümayiş etdirir... Bu tədbirlər daha da səmərəli
olmalıdır ki, biz ilk növbədə Azərbaycan vətəndaşlarının
əmək bazarında işlə təmin edilməsi məsələlərinə
baxaq, onları tamamilə həll edək... Çünki
heç kəs üçün sirr deyil ki, qeydiyyata
düşməyən, amma müəyyən işlərdə,
tikintidə işləyənlər, maaş alanlar vardır.
Ancaq heç yerdə bunun qeydiyyatı aparılmır. Yəni
belə hallar var və müvafiq göstərişlər
verilibdir ki, bu sahədə də şəffaflıq tam şəkildə
təmin edilsin və beləliklə, ölkə büdcəsinə
daha da böyük vəsait daxil ediləcəkdir, o cümlədən
pensiya fonduna. Beləliklə, bu sahədə də qayda-qanun
yaradılmalıdır, birdəfəlik və tam şəkildə".
Əlbəttə,
obyektiv səbəblərlə bağlı bu gün aidiyyəti
dövlət qurumlarının bütövlükdə əmək
bazarını tam nəzarətdə saxlaması, işəgötürənlərlə
işçilər arasında münasibətlərin əmək
müqaviləsi əsasında rəsmiləşdirilməsinə
nail olması mümkün deyil. Çünki Azərbaycanda
çoxlu sayda hüquqi və fiziki şəxslərlə
yanaşı, qeyri-leqal şəkildə sahibkarlıq fəaliyyəti
ilə məşğul olanlar, gəlir əldə etmək məqsədi
güdməyən işəgötürənlər var.
Bununla belə, aidiyyəti dövlət qurumları bu sahədə
səmərəli nəticələrə nail olmaq
üçün 2012-ci ildə bir sıra ciddi tədbirlər
həyata keçirmişlər. Nəticədə Vergilər
Nazirliyi 180 minə, Dövlət Əmək Müfəttişliyi
Xidməti isə 47 minə yaxın əmək müqaviləsinin
bağlanmasına nail olmuşdur.
Sosial müdafiə tədbirləri
diqqət mərkəzindədir
Bir
sıra Avropa ölkələrində qlobal böhranla
bağlı büdcə xərclərinin
azaldıldığı və ciddi sosial gərginliyin
müşahidə edildiyi halda ötən il Azərbaycanda
sosialyönümlü layihələrin
reallaşdırılmasında hansısa ləngiməyə,
yaxud çətinliyə rast gəlinməmişdir. Bu gün
ölkədə bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə
möhkəm dayaqlar tapması, iqtisadiyyatın
liberallaşdırılması sosial himayəyə ehtiyacı
olan vətəndaşların maraqları ilə qətiyyən
ziddiyyətə girmir. Əksinə, əldə edilən
dividendlər insanların sosial problemlərinin həllinə,
vətəndaşların həyat səviyyəsinin
yaxşılaşdırılmasına yönəldilir.
Dünya Bankının hesabatına əsasən, milli gəlirin
ədalətli bölgüsünə görə Azərbaycan
110 inkişaf edən ölkəni geridə qoyur və bu da
iqtisadi inkişafın səmərəliliyini göstərir.
Bankın hesabatına görə, Azərbaycan dünyanın
153 ölkəsi arasında ən aşağı yoxsulluğa
malik 20 ölkədən biridir.
2012-ci
ildə sosial məsələlərin xüsusi diqqət mərkəzində
olması respublikamızın sosialyönümlü iqtisadi
siyasətinin mahiyyətindən irəli gəlir. Ötən
ilin ən mühüm sosial hadisələrindən biri də
iyun ayından vətəndaşların SSRİ dövründən
əmanət bankında qalmış əmanətlərinin
qaytarılmasına başlanılması olmuşdur. İyunun
1-dən dekabrın 31-dək "KapitalBank" tərəfindən
1 milyon 448 min 941 əmanət hesabı üzrə ümumilikdə
554 milyon 711 min 653 manatlıq ödəniş
aparılmışdır.
Ölkə
başçısı əvvəlki illərdə olduğu
kimi, 2012-ci ildə də milli ənənələri qorumaqla
Avropa təhsil məkanına inteqrasiya prosesinin sürətləndirilməsi,
inkişaf etmiş dövlətlərin bu sahədəki
qabaqcıl təcrübəsinin mənimsənilərək
yayılması, ümumtəhsil məktəblərində,
ali təhsil müəssisələrində kompyuter və informasiya
texnologiyalarının geniş tətbiqi və digər istiqamətlərdə
kompleks tədbirlər həyata keçirmişdir.
2012-ci
il həm də təhsil sistemində keyfiyyətin forma və
məzmunca daha da yüksəldilməsinə, bu sahədə
özünü göstərən problemlərin həllinə
xidmət edən prinsipial tədbirlərlə yaddaqalan
olmuşdur. Bu baxımdan ölkə Prezidentinin 19 aprel 2012-ci
il tarixli fərmanı ilə ümumtəhsil sistemində təhsilalanların
biliyinin yekun qiymətləndirilməsi (attestasiyası), yəni
orta məktəblərdə buraxılış
imtahanlarının həyata keçirilməsi Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) həvalə
olunmuşdur. Eyni tarixli digər bir fərmanla ümumtəhsil
müəssisələrində ümumtəhsil fənləri
üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin
və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin
həyata keçirilməsi TQDK-nın səlahiyyətlərinə
verilmişdir. Bu yeniliklər təhsilin keyfiyyətinin yüksəldilməsinə
xidmət etməklə, məntiqi baxımdan da reallığa
tam cavab verir. Yekun qiymətləndirmənin test
imtahanlarının təşkili sahəsində daha böyük
potensiala, təcrübəyə, texnoloji imkanlara malik, həm
də əhalinin etimadını qazanmış bir qurum tərəfindən
aparılması isə daha məntiqəuyğundur. Bunun
müsbət nəticələri 2012-ci ildə TQDK-nın
keçirdiyi ilk buraxılış imtahanında
özünü göstərməklə, həm də təhsilalanların
mənafeyinə cavab vermişdir. Belə bir obyektivlik, şəffaflıq
ölkə ictimaiyyətinin dövlətə inam və
etimadını daha da artırmışdır.
Nəhayət,
Vergi Məcəlləsinə edilmiş dəyişikliklər
nəticəsində ali təhsil müəssisələrinin əlavə
dəyər vergisindən azad olunması ölkə təhsilinə
və elminə böyük töhfələrdən biridir. Bu
dəyişiklik nəticəsində dövlət ali təhsilin
inkişafına dolayısı ilə böyük həcmdə
maliyyə yardımı göstərmişdir.
Prezident
İlham Əliyevin neftdən əldə olunan vəsaitlərin
böyük qisminin insan kapitalına yönəldilməsini təmin
etmək istiqamətində yeritdiyi məqsədyönlü
strategiya inkişaf etmiş bir sıra dövlətlərin təcrübəsində
özünü tam doğrultmuşdur. İntellektual potensial əhəmiyyətinə
və gətirdiyi dividendlərə görə bu gün hətta
zəngin təbii sərvətləri belə üstələyir.
Azərbaycanda inamla həyata keçirilən tədbirlər
deməyə əsas verir ki, respublikamız yaxın gələcəkdə
dayanıqlı iqtisadi inkişaf tempini heç də neft gəlirləri
hesabına deyil, məhz bilik, müasir informasiya
texnologiyaları, elmtutumlu sahələrin dinamik
inkişafı, güclü insan kapitalının
formalaşması sayəsində təmin edəcəkdir.
Müşfiq ATAKİŞİYEV,
iqtisad elmləri doktoru,
professor
Azərbaycan.-2013.- 30 yanvar.- S.4.