İsmayıllı Rayon İcra Hakimiyyətinin
məlumatı
Bu il yanvarın 23-də İsmayıllıda baş vermiş insident və bəzi destruktiv qrupların bu hadisəni siyasiləşdirmək, rayonda ictimai-siyasi sabitliyi pozmaq, dövlət orqanlarının fəaliyyətini iflic vəziyyətə salmaq cəhdlərinin qarşısının qətiyyətlə alınması əyani şəkildə təsdiq etdi ki, Azərbaycan dövlətçiliyinə sadiqliyi ilə seçilən və qanunçuluğa hörmət bəsləyən İsmayıllı əhalisi heç vaxt dağıdıcı qüvvələrə meydan verməyəcəkdir.
Azərbaycanın inkişafından, beynəlxalq nüfuzunun yüksəlməsindən narahat olan bəzi daxili destruktiv qruplar və xarici antiazərbaycan dairələr təəssüf ki, öz təxribatçı fəaliyyətini davam etdirir, müxtəlif vasitələrlə məkrli niyyətlərini reallaşdırmağa çalışırlar. Bu gün Rusiya Federasiyasının və Azərbaycanın bəzi kütləvi informasiya vasitələri guya İsmayıllı rayonunda yaşayan rus əhalinin, konkret olaraq, İvanovka kəndinin sakinlərinin sıxışdırılması, onların hüquqlarının pozulması və s. həqiqətə uyğun olmayan, tam yalan və qərəzli məlumat yaymışlar.
Bununla
əlaqədar bildiririk ki, Azərbaycan xalqı həmişə
öz tolerantlığı ilə seçilmiş, ölkəmizdə
mövcud olan birgəyaşayış modeli bütün
dünyada nümunə kimi qəbul olunmuşdur. Ölkəmizin
hər yerində olduğu kimi, İsmayıllı rayonunda bir
sıra xalqların nümayəndələri olduqca mehriban,
qarşılıqlı hörmət şəraitində
yaşayır, bu günə kimi onlara qarşı hər
hansı ayrı-seçkilik halı müşahidə
olunmamış, mövcud problemlərinin həlli
üçün zəruri tədbirlər
görülmüşdür. Buna görə də müxtəlif
maraqlı dairələrin belə dezinformasiyalarla Azərbaycanda
və ya onun ayrı-ayrı bölgələrində vəziyyəti
gərginləşdirmək, milli ayrı-seçkilik toxumu səpmək
cəhdləri heç vaxt baş tutmayacaqdır.
Azərbaycan.-2013.- 30 yanvar.- S.5.