Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Albaniyada rəsmi səfərdədir

 

Azərbaycan Gənclər və İdman Nazirliyi (GİN) və Albaniya Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında 2013-2015-ci illərdə gənclər və idman sahələrində əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və genişləndirilməsi məqsədilə nazir Azad Rəhimovun rəhbərliyi ilə nümayəndə heyəti Albaniyada rəsmi səfərdədir.

AzərTAc GİN-in saytına istinadən xəbər verir ki, səfərin ilk günü nümayəndə heyəti Albaniyanın Baş naziri Sali Berişa, parlamentin spikeri Josefina Topallı, turizm, mədəniyyət, gənclər və idman naziri Aldo Bumçi və Tirana şəhərinin meri Lulzim Başa ilə rəsmi görüşlər keçirilmişdir.

Baş nazir S.Berişa ilə keçirilmiş görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq imkanları, gənclər və idman sahələrində gələcək inkişaf perspektivləri müzakirə edilmişdir.

Parlamentin spikeri xanım Josefina Topallı ilə görüş zamanı  Azərbaycanda həyata keçirilmiş gənclər və idman siyasətinin nümunəvi bir model olduğu və bu sahələrdə təcrübə və məlumat mübadiləsinin Albaniya üçün vacibliyi qeyd etmişdir.

Sonra Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Albaniya Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında "2013-2015-ci illərdə gənclər və idman sahələrində əməkdaşlıq proqramı" imzalanmışdır.

Tirana şəhərinin meri Lulzim Başa nümayəndə heyəti ilə görüşündə gənclərlə iş üzrə keçirilmiş islahatlar haqqında məlumat verilmişdir.

Səfərin ikinci günü Tirana Universitetinin rektoru professor Dhori Kule və İdman Universitetinin rektoru professor Vesel Rizvanolli ilə görüşlərin keçirilməsi və hər iki ölkənin tələbələri arasında təcrübə mübadiləsi, eyni zamanda Albaniya universitetlərində təhsil alan gənclər arasında "Mən Azərbaycan haqqında nə bilirəm" inşa müsabiqəsinin təşkili ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılmışdır.

 

 

Azərbaycan.-2013.- 30 yanvar.- S.5.