Rusiya Azərbaycanlı Gənclər Birliyinin «Liderlik və fəal vətəndaş mövqeyi» mövzusunda qış məktəbi açılmışdır

 

Yanvarın 29-da Moskvanın Beynəlxalq Ticarət Mərkəzində Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla xanım Əliyevanın təşəbbüsü və qurumun təşkilatçılığı, habelə Azərbaycan Gənclər və İdman Nazirliyi, Rusiya Təhsil və Elm Nazirliyi Gənclərin İşləri üzrə Federal Agentliyinin və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) dəstəyi ilə "Liderlik və fəal vətəndaş mövqeyi" mövzusunda qış məktəbinin açılışı olmuşdur.

Tədbiri RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev açaraq, Leyla xanım  Əliyevanın salamlarını və təbriklərini iştirakçılara çatdırmışdır. Müasir dövrdə Azərbaycan gənclərinin ölkəmizin həyatının bütün sahələrində fəal iştirak etdiyini deyən E.Hacıyev liderlik xüsusiyyətlərinə malik, mükəmməl vətəndaş mövqeyi olan gənclərin formalaşmasında bu cür tədbirlərin rolunu vurğulamışdır. O demişdir ki, Azərbaycanı və Rusiyanı təmsil edən gənclər qış məktəbinə qatılacaq, Avropa Şurasının və digər nüfuzlu təşkilatların nümayəndələrinin iştirakı ilə məşğələlər keçiriləcəkdir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək bildirmişdir ki, iki ölkənin gəncləri arasında daha sıx, işgüzar münasibətlərin qurulmasında, Rusiyada təhsil alan azərbaycanlı gənclərin təşkilatlanmasında Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış Rusiya Azərbaycanlı Gənclər Birliyi böyük işlər görür. Qeyd edilmişdir ki, SSRİ-nin süqutundan sonra müstəqil respublikalarda formalaşan gənc nəslin ünsiyyətə ehtiyacı vardır və RAGB onlar üçün belə bir şərait yaradır. Azərbaycan dövlətinin gənclərin xaricdə təhsil alması üçün geniş imkanlar yaratdığını və bu sahədə xüsusi proqramın həyata keçirildiyini qeyd edən səfir Rusiyada 6 mindən çox azərbaycanlı gəncin təhsil aldığını vurğulamışdır. O demişdir: "Bu gün gənclərə liderlik keyfiyyətlərinin aşılanması olduqca vacibdir. Azərbaycan gənclər ölkəsidir. Hazırda respublikamızda mövcud olan elitanı gələcəkdə əvəz edəcək liderlərin formalaşdırılması çox əhəmiyyətli məsələdir. Bu baxımdan gənclər dünyada baş verən hadisələrə daha geniş geosiyasi anlamda yanaşmalıdırlar. Odur ki, bu cür seminarların, disputların, fikir mübadilələrinin keçirilməsinə böyük ehtiyac vardır". Səfir məktəbin iştirakçılarına uğurlar arzulamışdır.

Rusiya Təhsil və Elm Nazirliyi Gənclərin İşləri üzrə Federal Agentliyinin beynəlxalq fəaliyyət və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aleksandr Selivanov, ÜAK aparatının rəhbəri Nemət Nağdəliyev, Rusiya Gənclər və Uşaq Birlikləri Milli Şurasının sədr müavini Vladimir Xarçenko müasir dünyada millətlər və sivilizasiyalar arasında əlaqələrin qorunub saxlanması, xalqlar arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi üçün gənclərin, xüsusilə də, gənc liderlərin üzərinə düşən vəzifələrdən danışmışlar.

Tədbirdə RAGB-nin fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.

Qış məktəbi fevralın 2-dək davam edəcəkdir.

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.-2013.- 30 yanvar.- S.5.