Saki KOSUQİ: Azərbaycan zəngin təbiəti, nadir meşələri və qonaqpərvər insanları ilə məni heyran etmişdir

 

İsmayıllı şəhərinin mərkəzində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkındakı "Yapon bağı"nın müəllifi, Yaponiyanın "Kosugi Zohen Co.LTD" landşaft dizaynı şirkətinin prezidenti Saki Kosuqi AzərTAc-ın bu ölkədəki xüsusi müxbirinə müsahibə vermişdir.

Uzun müddət yapon landşaft mədəniyyəti, bağçılıq təcrübəsinin dünyada tətbiqi ilə məşğul olmuş S.Kosuqi bildirmişdir ki, Azərbaycan zəngin təbiəti, nadir meşələri və qonaqpərvər, səmimi insanları ilə onu heyran etmişdir. Mənim Azərbaycan ilə ilk tanışlığım Almaniya şirkəti vasitəsilə olmuşdur. Azərbaycana gəldikdən sonra bu ölkənin iqtisadi inkişafı ilə yanaşı, böyük təbii ehtiyatlara, zəngin meşələrə malik olmasının şahidi oldum, onun inkişaf etdirilməsinin zəruriliyini duydum. Sizin məftunedici təbiətiniz vardır. Yerli əhali Azərbaycan təbiətinin gözəlliyindən istifadə etməli, onu daha da zənginləşdirməlidir. Azərbaycanda yaşıllıqların zənginləşdirilməsi buraya turistlərin axınını daha da artıra bilər. Biz bu sahədə öz zəngin təcrübəmizi azərbaycanlı həmkarlarımızla bölüşməyə həmişə hazırıq.

Azərbaycan Prezidenti İlham Əliyevin bölgələrə xüsusi diqqətlə yanaşdığını vurğulayan S.Kosuqi ölkəmizə hər səfərində bunun canlı şahidi olduğunu qeyd etmişdir. Bildirmişdir ki, hazırda paytaxt Bakı ilə yanaşı, Azərbaycanın rayonları da sürətlə inkişaf edərək öz görkəmini dəyişir. Mən Azərbaycan meşələrinin gözəlliyini xüsusi qeyd etmək istəyirəm. Bu meşələrin tayı-bərabəri dünyanın heç bir yerində yoxdur.

2011-ci ilin noyabrında Bakıda keçirilmiş Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 7-ci iclasını xatırladan S.Kosuqi burada iki ölkə arasında turizmin inkişaf etdirilməsi ilə bağlı xüsusi təqdimatla çıxış etdiyini bildirmişdir. Mən təqdimatımda Azərbaycana turistlərin axınını gücləndirə biləcək təbii ehtiyatları xüsusi vurğuladım. Burada nadir palçıq vulkanları, valehedici gözəlliyə malik dağlar, tarixi abidələr, müasir infrastruktur, qonaqpərvərlik, təbii müalicəvi vasitələr və zəngin mətbəx vardır. Bütün bunlar turistləri Azərbaycana cəlb edən vasitələrdir və siz onlardan daha yaxşı faydalana bilərsiniz.

Bəzi ekzotik ağacların Azərbaycana xaricdən gətirilməsinə diqqəti cəlb edən S.Kosuqi qeyd etmişdir ki, ölkənin iqlimi buranın  özündə həmin ağacların yetişdirilməsinə imkan verir. Bu isə o deməkdir ki, yerli şəraitdən bacarıqla istifadə edərək Azərbaycanı ekzotik yaşıllıqların idxalçısından ixracatçı ölkəyə çevirmək olar. Bunun üçün konkret plan hazırlanmalı və həyata keçirilməlidir.

Dünyanın bir çox ölkələrində yapon bağ mədəniyyətinin təbliği ilə məşğul olduğunu bildirən S.Kosuqi qeyd etmişdir ki, bununla bağlı biliklərini Azərbaycanda tədris etmək fikrindədir. Həmin məqsədlə xüsusi məktəbin yaradılması çox yaxşı olardı. Bu məktəbin yetirmələri Azərbaycanda landşaft mədəniyyətinin və bağçılığın inkişafına, nadir ağacların yetişdirilməsinə və mühafizəsinə öz töhfələrini verərdilər.

Azərbaycana olan xüsusi rəğbətini dönə-dönə dilə gətirən S.Kosuqi Yaponiyanın müxtəlif mətbu orqanlarında ölkəmiz haqqında çoxsaylı məqalələrlə çıxış etmişdir.

 

 

Vüqar AĞAYEV,

AzərTAc-ın xüsusi müxbiri

Tokio

 

Azərbaycan.-2013.- 30 yanvar.- S.5.