Azərbaycanda həyata keçirilən daha bir layihənin icrası başa çatdı

 

Bakıda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən həyata keçirilmiş "Kəhriz bərpası" layihəsinin başa çatmasına həsr olunmuş yekun tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbiri açan BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri əvəzi Serhan Aktoprak layihənin əhəmiyyətindən, əməkdaşlıq əlaqələrindən danışmışdır.

Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi Li Von-sik iki ölkə arasında uğurlu əməkdaşlıq əlaqələrindən danışmış, layihənin nəticələrini yüksək qiymətləndirmiş, təmsil etdiyi səfirliyin bundan sonra da dövlətlərimiz arasında əlaqələrin genişləndirilməsində maraqlı olduğunu demişdir.

Nazirlər Kabineti Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri üzrə şöbəsinin müdiri Qurban Sadıqov Azərbaycan və Koreya hökumətləri arasında əlaqələrin uğurlu inkişafından, habelə BMqT ilə əməkdaşlığın tərəqqisindən danışmış, layihənin nəticələrini yüksək qiymətləndirmişdir.

Qurban Sadıqov bundan sonra da əməkdaşlığın davam edəcəyinə əminliyini bildirmiş, Azərbaycan hökumətinin yeni layihələrin həyata keçirilməsinə daim dəstək verəcəyini demişdir. Daha sonra layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, 2010-cu ilin iyul ayından başlanan layihənin məqsədi Azərbaycanın kənd ərazilərində kəhrizlərin bərpası vasitəsilə icmaların su ilə təminatını genişləndirmək, su bölgüsü infrastrukturu yaradaraq kənd təsərrüfatının məhsuldarlığını artırmaqla kənd ərazilərindən məcburi  iqtisadi miqrasiyanın qarşısını almaq və azaltmaqdır. Ümumilikdə 1 milyon 200 min ABŞ dolları dəyərində olan bu layihə Koreya hökumətinin Azərbaycanda dəstəklədiyi bir çox layihələrdən biridir.

Vurğulanmışdır ki, layihənin icrası müddətində Göygöl, Goranboy, Lerik, Naftalan, Şəmkir və Şəkidə 20 kəhriz bərpa edilmiş və yenidən "həyata qaytarılmış" kəhrizlərin su sərfiyyatı orta hesabla 5 dəfə artmışdır. Bununla da 6 mindən çox ailənin içməli və suvarma suyu ilə təminatı yaxşılaşdırılmış və əlavə 3500 hektar torpağın suvarılması üçün şərait yaradılmışdır. Layihə çərçivəsində peşəkar kəhriz işçiləri (kankanlar) üçün bacarıqların artırılması təlimləri də təşkil edilmişdir.

Qeyd edilmişdir ki, BMqT gələcəkdə də kəhriz bərpası layihələrinin icrasını davam etdirmək niyyətindədir.

Tədbirdə "Suyun nəbzini tutanlar" sənədli filmi nümayiş etdirilmişdir.

 

 

Azərbaycan.-2013.- 30 yanvar.- S.5.