Azərbaycan Bəstəkarlar İttifaqında III Beynəlxalq muğam simpoziumu ərəfəsində konfrans keçirilmişdir

 

Yanvarın 29-da Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) III Beynəlxalq muğam simpoziumu ərəfəsində "Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu" mövzusunda konfrans işə başlamışdır.

AzərTAc xəbər verir ki, tədbirdə ABİ-nin sədri, xalq artisti, professor Firəngiz Əlizadə artıq ənənəvi olaraq iki ildən bir ölkəmizdə keçirilən beynəlxalq muğam festivalının böyük maraq doğurduğunu və bu tədbirin milli musiqi irsimizin təbliğindəki mühüm rolunu diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, muğam festivalı çərçivəsində təşkil edilən üç mühüm tədbirin hər biri ayrı-ayrılıqda iştirakçıların marağına səbəb olur. Festival günlərində Azərbaycan və dünya alimlərinin iştirakı ilə beynəlxalq muğam simpoziumu, 35 yaşadək muğam ifaçılarının müsabiqəsi və şəhərimizin əsas səhnə salonlarında yerli və xarici ölkələri təmsil edən ifaçıların iştirakı ilə konsertlər təşkil olunur. Bu konsert proqramları zamanı musiqisevərlər Beynəlxalq Muğam Mərkəzində yeddi əsas muğamımızı tanınmış ifaçılarımız tərəfindən dinləmək imkanı da əldə edirlər.

Diqqətə çatdırılmışdır ki, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının "Maqam" Tədqiqat Qrupunun birgə təşkilatçılığı ilə Bakıda keçiriləcək "Muğam aləmi" III Beynəlxalq muğam festivalı martın 11-dən 19-dək davam edəcəkdir.

Festival çərçivəsində təşkil ediləcək beynəlxalq muğam simpoziumunun mövzusu artıq məlumdur. Əsasən musiqi alətləri haqqında elmi məruzələrin dinləniləcəyi simpoziumda Azərbaycanı təmsil edəcək alimləri müəyyən etmək üçün ABİ-də iki gün ərzində dinləmələr olacaqdır. Azərbaycanın 25 alimi bu simpoziumda iştirak etmək niyyətindədir.

Fevralın 21-də keçiriləcək son dinləmələrdən sonra bu mötəbər tədbirdə ölkəmizi təmsil edəcək alimlərin adları məlum olacaqdır.

Konfransa "Azərbaycan ifaçılığında tarzənlərin mizrab işlətmə üsulları", "Azərbaycan muğam ifaçılığı sənətində qanun aləti", "Kamançanın muğam ifaçılığında köklənmə xüsusiyyətləri" və digər mövzularda məruzələr dinlənilmiş və mövzular əyani olaraq musiqi alətləri vasitəsilə izah edilmişdir.

 

 

Azərbaycan.-2013.- 30 yanvar.- S.6.