Ombudsmanın Ahıllar üçün Resurs Mərkəzində seminar
BMT-nin İqtisadi
və Sosial Şurası ilə xüsusi məsləhətçi
statusuna malik ilk və yeganə qadın təşkilatı
olan Azərbaycan Qadın və İnkişaf Mərkəzinin
(AQİM) nəzdində formalaşmış
Ahıllar üçün
Resurs Mərkəzində
növbəti seminar keçirilmişdir.
AzərTAc xəbər verir
ki, ombudsman Elmira Süleymanovanın
sədrliyi ilə
"Yaşlı insanların
reabilitasiya, qabaqlayıcı
və şəfaverici
xidmətlərdən faydalanması"
mövzusunda keçirilən
seminarda iştirakçılara
AQİM haqqında məlumat
verilmişdir.
Qeyd olunmuşdur ki, E.Süleymanova 2001-ci ildən
rəhbərlik etdiyi qeyri-hökumət təşkilatının
- Azərbaycan Qadın
və İnkişaf Mərkəzinin nəzdində
"Ahılların Resurs
Mərkəzi"ni yaratmış və bununla, xeyirxah bir missiyanın əsasını qoymuşdur.
Bu mərkəz ahılların
fiziki və psixi sağlamlığının
qeydinə qalmağa yardımçı olan, fasiləsiz, ödənişsiz
tibbi, psixoloji, hüquqi xidmətin göstərildiyi, eyni zamanda, istirahətlərinin,
asudə vaxtlarının
mənalı keçirildiyi
ölkəmizdə analoqu
olmayan yeganə məkandır.
Ahılların Resurs Mərkəzində
ödənişsiz həyata
keçirilən fərdi
və kollektiv məşğələ saatlarının,
o cümlədən psixoloji
seminar-treninqlərin, hüquqşünas
və həkim məsləhətlərinin nəticələri
göstərir ki, həqiqətən, yaşından
asılı olmayaraq, insan öyrənməyə
meyillidir və öyrəndiklərinin tətbiqi
onun həyatına yeni rəng verir, çox vaxt hətta həyatını, yaşayışını
dəyişməyə imkan
yaradır, xüsusilə,
ahıl insanı fəal həyat mövqeyinə sövq edir. Mərkəzin tədbirlərinə qaçqın və məcburi köçkün,
tənha analar və şəhid ailələrindən olan ahıllar da qatılmışlar. Xeyirxah
işə xidmət edən bu qurum
az müddətdə
faydalı fəaliyyəti
və uğurları ilə tanınmışdır.
Təcrübə göstərir ki,
belə mərkəzlərin,
həmçinin zorakılıq
qurbanları üçün
sığınacaqların təşkilinə ehtiyac vardır.
Nəsillər arasında körpü
yaratmaq, bir-birinə inam, hörmət, diqqət kimi nəcib hisslərin tərbiyə olunması müvəkkilin təşəbbüslərinin
ana xəttini təşkil edir və bunlar müvəkkilin daha bir resurs mərkəzi
olan "Uşaq və Gənclərin Sülh Şəbəkəsi"ndə
geniş formada həyata keçirilir. Şəbəkənin uşaqları nəsillər
arasında öz təcrübələri və
nəsihətləri ilə
körpü yaradan ahıllarla birgə tədbirlər həyata keçirirlər. Bayram günlərində
təşkil olunan tədbirlər, yaşlıların
yanında olmaq onları cəmiyyətin həyatında iştirak etməyə daha da həvəsləndirir.
"Ahılların Resurs
Mərkəzinin" və
"Uşaq və Gənclərin Sülh Şəbəkəsi"nin
fəalları şeir,
mahnı və səhnəciklərlə qonaqları
sevindirmişlər.
Sonda müvəkkil
qonaqlara seminara qatıldıqları üçün
təşəkkürünü bildirmişdir.
E.Süleymanova Azərbaycan Prezidentinin
27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan
Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin
səmərəliliyini artırmaq
sahəsində Milli Fəaliyyət Proqramı"nın,
"Ahılların hüquqlarının
müdafiəsi üzrə
Dövlət Proqramı"nın,
eyni zamanda, 2002-ci ildə Madriddə qəbul olunmuş Əhalinin qocalması problemləri üzrə Beynəlxalq Fəaliyyət
Planının 10 illiyinə
həsr olunmuş nazirlər səviyyəsində
keçirilən Vyana
konfransının (Vyana,
2012) prinsiplərini nəzərə
alaraq, ölkəmizdə
yaşlı insanların
sağlamlıq və
rifahının qorunmasının
prioritet olduğunu vurğulamış, adı
çəkilən resurs
mərkəzinin təcrübəsinə
istinadən rayon icra hakimiyyətlərinin nəzdində
ahıl insanların sosial, psixoloji, tibbi və hüquqi
tələbatlarının ödənilməsinə yardımçı
olmaq məqsədi ilə belə mərkəzlərin təşkil
edilməsini məqsədəuyğun
hesab etmişdir.
Müvəkkil
bu istiqamətdə insan hüquqlarının həyata
keçirilməsi baxımından zəif hesab olunan
qrupların, o cümlədən ahılların
hüquqlarını daha səmərəli qaydada təmin etmək
məqsədi ilə aidiyyəti qurumları da cəlb etməklə
əməkdaşlıq səylərinin gücləndirilməsini
və zəruri tədbirlərin həyata keçirilməsini
tövsiyə etmişdir.
Azərbaycan.-2013.- 30 yanvar.- S.6.