Təbii fəlakətlər: əhalinin
evakuasiyası və sığınacaq problemləri
Azərbaycan ərazisinin hər üç tərəfdən dağlarla əhatə olunması, bu ərazilərdə dağ əmələgəlmə proseslərinin davam etməsi, şərq tərəfdən 825 km məsafədə Xəzər dənizi ilə əhatələnməsi, Yer kürəsində, o cümlədən Azərbaycanda baş verən kəskin qlobal iqlim dəyişiklikləri, çox kəskin sürətlə artan antropogen amillər və s. nəticəsində dünyada mövcud olan təbii fəlakətlərin çoxunun ölkəmizin ərazisində baş verməsinə səbəb olur və onlar iqtisadiyyatımıza orta hesabla hər il 50 milyon dollar zərər vurur. Ayrı-ayrı ekstremal illərdə isə bu zərərin miqdarı daha çox olur.
Təbii fəlakətlərdən dəyən zərərlərin çoxu zəlzələlərin, daşqınların, sellərin, sürüşmələrin, Xəzərin səviyyə tərəddüdlərinin, doluvurmaların payına düşür. 1842, 1902, 2000, 2012-ci illərdə baş vermiş zəlzələlər, 1896, 2010-cu illərdə baş vermiş daşqınlar, respublikanın əsasən dağlıq və dağətəyi ərazilərində fasilələrlə baş verən sellər, sürüşmələr çoxsaylı yaşayış məntəqələrinin, təsərrüfat obyektlərinin, yolların kommunikasiya sistemlərinin dağılmasına səbəb olub və həmin fəlakətlərə məruz qalan ərazilərdə yaşayan əhalinin evakuasiya olunma məsələləri həyata keçirilib, onlarca kənd yeni, təhlükəsiz ərazilərə köçürülüb.
İkinci Dünya müharibəsindən sonra Azərbaycanda əhalinin evakuasiya məsələlərini planlaşdıran Mülki Müdafiə Qərargahı və onun yerli qurumları fəaliyyət göstərirdi. Bu qurumun əsas məqsədi sülh və müharibə dövrlərindəki fövqəladə hallar zamanı döyüş əməliyyatları aparılan sərhədyanı rayonlardan və cəbhəətrafı zolaqlardan, eləcə də təbii fəlakət bölgələrindən zəruriyyət yarandıqda əhalinin təhlükəsiz ərazilərə köçürülməsi barədə əvvəlcədən ətraflı məlumat vermək idi. Təhsil ocaqlarının, tibb müəssisələrinin, iri zavodların, fabriklərin, ən çox işçi qüvvəsi olan müəssisələrin konkret hara evakuasiya olunacağı yer müəyyən edilərək, əvvəlcədən bu işlərə məsul olan şəxslər ayrılmaqla evakuasiya olunan yeni yer haqda lazımi bütün məlumatlar yazılı surətdə əlaqədar qurumlara çatdırılırdı.
Sovetlər İttifaqı tənəzzülə uğradıqdan sonra digər keçmiş respublikalar kimi, Azərbaycan da müstəqilliyini elan etdi. Azərbaycan Respublikası Prezidentinin 31 iyul 1992-ci il tarixli fərmanı ilə ölkənin mülki müdafiəsi haqqında əsasnamə təsdiq edildi. Həmin dövrdən etibarən Azərbaycan Respublikası Mülki Müdafiə Qərargahı Nazirlər Kabinetinin bilavasitə rəhbərliyi altında əhalinin, ərazinin, o cümlədən mülkiyyət formasından asılı olmayaraq təsərrüfat obyektlərində çalışan işçilərin ehtimal edilən fövqəladə hadisələrdən mühafizəsinin təşkili, əhalinin fövqəladə hadisələrdən mühafizəyə hazırlanması, baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması, belə hadisələrə qarşı qabaqlayıcı tədbirlərin görülməsi və onların nəticələrinin operativ aradan qaldırılması üçün mülki müdafiə qüvvələrinin hazırlığının təmin edilməsi istiqamətində fəaliyyət göstərmişdir. 1997-ci ilin mayında Prezidentin müvafiq fərmanı ilə Mülki Müdafiə Qərargahı daşınan və daşınmaz əmlakı ilə birlikdə Müdafiə Nazirliyinin tabeliyinə verildi. 2005-ci ilin dekabr ayında isə Mülki Müdafiə İdarəsi Fövqəladə Hallar Nazirliyinin tərkibinə daxil edildi və hazırda Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə İdarəsi kimi fəaliyyət göstərir.
Onu da qeyd edək ki, keçən əsrin 50-60-cı və sonrakı illərində respublikanın təhsil müəssisələrində mülki müdafiə kafedraları fəaliyyət göstərirdi. Belə kafedralarda tədris ilinin ilk günü mövcud təhsil müəssisələrinin müharibə olduğu halda evakuasiya olunacaq yeni yerin dəqiq ünvanı, yeni təhlükəsiz ərazilərə köçürülməsi haqda tələbə-müəllim heyətinə ətraflı məlumat verilirdi. Artıq Azərbaycanın əksər təhsil müəssisələrində belə kafedraların adları dəyişdirilərək Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrası adlanır.
Son illər Azərbaycanda təbii fəlakətlərin geniş yayıldığı riskli ərazilərdə, daşqın ehtimalı olan Kür və Araz çaylarının aşağı axarlarındakı çay boyu, palçıq vulkanlarının ən çox yayıldığı, sürüşmələrin baş verə biləcəyi və digər ərazilərdə qabaqlayıcı tədbirlər, o cümlədən əhalinin evakuasiyası daha çox əhəmiyyət kəsb edir. Göstərilən hallara ən çox Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran iqtisadi rayonları ərazilərində və Xəzər dənizi sahillərində yerləşən inzibati rayonlarda daha çox rast gəlinir.
Bu yerdə sözügedən məsələlərlə bağlı dünya təcrübəsinə nəzər salmaq yerinə düşərdi. Məlumdur ki, əsasən okean sahillərində yerləşən ölkələrdə baş verən təbii fəlakətlərin - sunamilərin, tayfunların, şiddətli küləklərin və s. təbii proseslərin proqnozlaşdırılması mümkün olduğundan onlar haqqında əhaliyə əvvəlcədən xəbərdarlıq edilir və əhali qısa müddətdə təhlükəsiz ərazilərə evakuasiya olunur. Məsələn, ABŞ-da son dəfə əhalinin evakuasiyası 2012-ci ilin oktyabr ayında təşkil edilmişdir. "Sendi" qasırğasının gözlənilən fəsadlarının, o cümlədən insan tələfatının qarşısını almaq üçün 11 ştatın ərazisindən əhali təhlükəsiz ərazilərə köçürülmüşdür. İlkin hesablamalara görə, ölkə iqtisadiyyatına 40 milyard dollar zərər vuran bu qasırğa zamanı cəmi 150 nəfərin həlak olması məhz həmin tədbirlərin nəticəsi idi. Əks halda insan tələfatının sayı minlərlə ölçülərdi.
Ekstremal hadisələr vaxtı əhalinin sığınacaqlarla təmin olunması xüsusən respublikamızın Bakı, Gəncə, Sumqayıt, Mingəçevir kimi iri şəhərlərində daha çox vacibdir. Ancaq belə bir hadisə baş versə, bu, mümkün olacaqmı?
Sovet hakimiyyəti illərində Bakı şəhərində binaların əksəriyyətinin zirzəmilərində sığınacaqlar mövcud idi. Belə sığınacaqlarda insanlar qısa və uzunmüddətli ekstremal şəraitdə yaşaya bilərdi. Düzdür, vacib avadanlıqlar və lazımi məmulatlarla təmin edilmiş sığınacaqlar azlıq təşkil edirdi, baxmayaraq ki, kağız üzərində çoxsaylı normal sığınacaqların olduğu göstərilirdi. Açığını desək, elə indi də bu sahədəki vəziyyət ürəkaçan deyil. Buna səbəb Bakı, eləcə də respublikanın digər iri şəhərlərində inşa edilən yaşayış binalarında və fərdi evlərdə zirzəmilərin sığınacaq kimi yox, başqa məqsədlər üçün (pullu dayanacaq, müxtəlif istiqamətli iaşə müəssisələri, əyləncə klubları və s.) istifadə edilməsidir.
Fikrimizcə, yaşayış evləri inşa edilərkən Bakı Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi ilə tikinti şirkətləri arasında müqavilə bağlanmalıdır. Həmin müqavilə ilə tikiləcək yaşayış binasının zirzəmisinin tikinti xərcləri Fövqəladə Hallar Nazirliyi tərəfindən ödənilməklə onun balansına keçirilməli və ondan başqa məqsədlər üçün istifadə edilməsinə qadağa qoyulmalıdır.
Yeri gəlmişkən qeyd edək ki, sovet dövründə dövlət vəsaiti hesabına tikilən bütün yaşayış və s. çoxmərtəbəli binaların zirzəmiləri yalnız əhalinin sığınacaq məqsədləri üçün nəzərdə tutulurdu. Sovet hakimiyyətinin süqutundan sonra, əfsuslar olsun ki, paytaxtdakı yararlı, quru və s. şəraiti olan belə sığınacaqlar özəlləşdirildi və hazırda onlar obyekt kimi ayrı-ayrı insanlara, özəl şirkətlərə məxsusdur. Beləliklə, vaxtı ilə sığınacaq kimi nəzərdə tutulan zirzəmilər ilkin təyinatını itirmiş oldu.
Bəs bu məsələ dünyanın inkişaf etmiş ölkələrində necə həll edilir?
Avropanın bir çox ölkələrində dövlət və qismən də özəl şirkətlər tərəfindən aparılan tikinti işlərində binaların zirzəmiləri məhz sığınacaq üçün nəzərdə tutulur. Bəzi hallarda isə tikilmiş binanın yaxınlığında yerləşən təhsil, səhiyyə müəssisələrinə məxsus olan sığınacaqlar şəhər meriyasının balansına keçirilir. Belə obyektlərin hansı təşkilatlara məxsus olmasından asılı olmayaraq özəlləşdirilməsinə qəti icazə verilmir. Hətta Mərkəzi Avropa ölkələrində insanlar özləri üçün inşa etdikləri fərdi yaşayış evlərində zirzəmi-sığınacaqların olmasına ciddi fikir verirlər. Bu işə dövlətin sığorta, maliyyə və digər qurumları çox ciddi nəzarət edirlər. Əgər fərdi yaşayış evinin zirzəmi-sığınacağı olmasa, fərdi tikintinin aparılmasına dövlət qurumları icazə vermir. Yaxın qonşumuz İran İslam Respublikasında da hər bir uşaq bağçasının, məktəblərin, ali təhsil müəssisəsinin, xəstəxananın və s. obyektlərin sığınacaqları var və həmin məsələyə dövlət tərəfindən çox ciddi nəzarət olunur.
Çox maraqlı, həm də nümunə götürüləsi faktdır ki, almanların keçən əsrin 40-cı illərindən Azərbaycanda məskunlaşdıqları Ağstafa, Şəmkir, Göygöl rayonlarındakı kəndlərdə tikdikləri fərdi yaşayış evlərinin hər birində zirzəmi-sığınacaqlar olmuşdur və onların bir çoxu indi də durur. Kim almanlara o dövrdə səliqəli, arxitekturası ilə seçilən fərdi evlərində ilk növbədə özlərinin təhlükəsizliyinə xidmət edən sığınacaq tikməyi sifariş vermişdi? Təbii ki, heç kim. Sadəcə, bu, onların təhlükəsiz yaşaması üçün tarixi bir tikinti ənənəsidir. Yaxşı olardı ki, biz də öz həyat təhlükəsizliyimizi təmin etmək üçün bunu əxz edək.
Deyilənləri
ümumiləşdirərək aşağıdakı nəticələrə
gəlmək olar: əhalinin evakuasiyası təbii fəlakətlər
baş verib böyük dağıntılara, iqtisadi zərərlərə
səbəb olandan sonra yox, proqnozlaşdırılaraq
onların baş verməsindən əvvəl həyata
keçirilməlidir; ölkə ərazisindəki mövcud
sığınacaqlara olan münasibət əsaslı surətdə
dəyişilməli, Avropa ölkələrinin bu sahədəki
təcrübəsinə istinad edilməlidir; dövlətin
tabeliyində olan çoxlu sayda inzibati idarələrdə, məktəblərdə,
xəstəxanalarda, köçkünlər və
qaçqınlar üçün tikilən şəhərciklərdə
daldalanacaqlar və sığınacaqlar mütləq nəzərdə
tutulmalıdır; ali təhsil, orta ixtisas məktəbləri
şəhərdənkənar ərazilərə
köçürülərkən yeni binalarda daldalanacaqların olması mütləq
nəzərə alınmalıdır; yeni tikilən metro
stansiyalarında, yeraltı keçidlərdə də belə
daldalanacaqlar və sığınacaqlar tikilməlidir;
avtomobil yollarının, dəmir yollarının kənarında,
yaxud yaxınlığında xarici ölkələrdə
olduğu kimi, sığınacaqlar salınmalıdır.
İsmayıl ƏLİYEV,
Bakı Dövlət Universitetinin Həyat
fəaliyyətinin
təhlükəsizliyi kafedrasının müdiri,
professor
Neron BABAXANOV,
Professor
Azərbaycan.-2013.- 30 yanvar.- S.7.