Ermənistan daha böyük iqtisadi fəlakətə yuvarlanır

 

Yarıtmaz siyasət müəllifi kimi tanınan Serj Sarkisyan əsas ümidini seçkilərin saxtalaşdırılmasına bağlayıb

 

Prezident seçkiləri ərəfəsində Ermənistanda siyasi gərginliyin artması, hakimiyyətin bununla bağlı preventiv tədbirlərinin isə fiaskoya uğraması aydın müşahidə edilməkdədir. Məhz bu fonda hesab edilir ki, əgər seçkilər minimal demokratik standartlara cavab versə belə, onda Serj Sarkisyan hakimiyyətlə xudahafizləşməli olacaq. Lakin əvvəlki kimi seçki prosesinin yenə total saxtakarlıqla müşayiət olunması qaçılmaz sayılır. Bununla belə, prezidentliyə namizəd Paruyr Ayrikyan bəyan edib ki, əgər müxalif namizədlər bir cəbhədə çıxış etsələr, seçkilərin birinci turunda indiki prezidentə qalib gələcəklər.

Ayrikyan əmin olduğunu bildirib ki, vahid cəbhədə çıxış etmək müxalifətə qələbə qazandıracaq: "Birləşsək, böyük çətinlik olmadan qalib gələcəyik. Sarkisyan səslərin heç yarısını da toplaya bilməyəcək".

Fevralın 18-də keçiriləcək prezident seçkiləri ərəfəsində ölkədə mövcud sosial-iqtisadi durum daha çox Sarkisyanın əleyhinə işləyir. Müxalif qüvvələr bununla bağlı bəyan edirlər ki, Ermənistanda qiymət artımı artıq ənənə halını alıb. Erməni ekspertlər qarşıdakı aylarda da Ermənistanda iqtisadi durumun daha bərbad olacağından xəbər verirlər. Qiymət artımı isə gündəlik tələbat olan ərzaq məhsullarında özünü göstərir. Ekspertlər əhalinin həyat səviyyəsinin pisləşməsini iqtisadi azalma ilə izah edirlər. Ölkənin qeyri-hökumət təşkilatlarının məlumatında deyilir ki, bu il ölkədə qiymət artımı ötən illə müqayisədə 2 dəfə çox olacaq.

Yerevandakı "Alternativ" analitik mərkəzinin rəhbəri Tatun Manaseryan diqqəti daha bir maraqlı məqama yönəldir. Onun sözlərinə görə, prezident seçkiləri ərəfəsində ölkəyə xarici investisiya qoyuluşu kəskin şəkildə azalıb. Qeyd edilir ki, hətta erməni iş adamları belə öz ölkələrinə sərmayə yatırmaqdan boyun qaçırmağa başlayıblar. Tatun Manaseryan diqqətə çatdırır ki, Ermənistan hökumətinin mövqeyindən çıxış edən dövlət statistika idarəsi yenə ənənəsinə sadiq qalaraq guya Ermənistanda real iqtisadi sahəyə qoyulan xarici investisiyanın ümumilikdə 2011-ci illə müqayisədə 2012-ci ildə 35,5 faiz azaldığını bildirib. Əslində isə ölkəyə qoyulan investisiyanın həcminin 390 milyona düşdüyünü bildirən statistika idarəsinin məlumatında göstərilən rəqəmlər daha aşağıdır. Çünki Ermənistanda investisiya qoyuluşu sahəsində böhranlı vəziyyət yaranmasaydı, erməni eksperti belə ciddi təşvişə düşməzdi.

Görünür, ölkəni ağır məhrumiyyətlərə düçar edən Serj Sarkisyanın prezident seçkilərində yenidən namizədliyini irəli sürməsi həm xarici investorları, həm də yerli iş adamlarını xofa salıb. Çünki Serj Sarkisyanın prezidentliyi dövründə ölkədə korrupsiya, məmur özbaşınalığı daha da artıb. Bu vəziyyət investisiya sahəsinə də təsirsiz ötüşməyib. Serj Sarkisyanın yenidən prezident seçiləcəyi təqdirdə onsuz da böhran içində olan investisiya mühitinin daha məşəqqətli vəziyyətlə üzləşəcəyindən ehtiyatlanan xarici sərmayədarlar seçkilərə qədər ölkəni tərk etməyi qərara alıblar.

Ermənistan rəsmilərinin korrupsiyaya qurşanmaları, ölkə iqtisadiyyatında yaranmış böhranlı vəziyyət, əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşaması, işsizliyin tüğyan etməsi, ailəsini dolandırmaq xatirinə ölkəni tərk edənlərin sayının artması, iş adamlarına açıq-aşkar təzyiqlər göstərilməsi və onlardan haqq tələb olunması, istər xarici, istərsə də yerli investorların Ermənistana sərmayə yatırmaqdan boyun qaçırmaları investisiya qoyuluşunun kəskin şəkildə azalmasına təsir edən başlıca amildir. Xarici investorlar iqtisadi inkişafı sual altında olan və məmurların öz səlahiyyətlərini aşaraq özbaşınalıq etdikləri bir ölkənin iqtisadiyyatına sərmayə qoymaqda çəkinirlər.

Dövlət rəsmilərinin vədlərinə inanaraq onların toruna düşən erməni mənşəli xarici iş adamları da Ermənistanda qarşılaşdıqları korrupsiya hallarından, hərc-mərclikdən cana doyaraq bu ölkəni tərk etməyi qərara alıblar. Xarici investorların Ermənistanı tərk etmələrindən narahat olan yerli erməni iş adamları da ölkələrinə investisiya yatırmaqdan çəkinməyə başlayıblar. Onlar yaxşı başa düşürlər ki, iqtisadiyyatı uçuruma yuvarlanmaqda olan Ermənistana investisiya yatırmaq mənasızdır və bu, iş adamlarının gec-tez müflis olmalarına gətirib çıxara bilər.

Analitik mərkəzin rəhbəri T.Manaseryan etiraf edir ki, xarici və yerli sərmayədarların inamsızlığı nəticəsində investisiya qoyuluşunun kəskin azalması iqtisadiyyatı getdikcə tənəzzülə uğramaqda olan Ermənistanı daha ağır vəziyyətdə qoyacaq.

Seçkiöncəsi vəziyyətlə bağlı daha bir maraqlı açıqlama Ermənistan Milli Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru Gevork Poqosyandan gəlib. Onun qənaətincə, əsas problem məhz Ermənistanın demokratiya yolundan uzaq düşməsidir: "Gərək unutmayaq ki, biz avtoritar cəmiyyətik və bizdə hakimiyyət də avtoritar mahiyyətlidir. Əlbəttə ki, bizdə demokratik mexanizmlər, demokratiya institutu konstitusional olaraq kağız üzərində var, yaradılıb, ancaq reallıqda ölkədə avtoritar rejim hökm sürür".

Erməni ekspert əmindir ki, Serj Sarkisyan bu dəfə də prezident seçilərsə, Ermənistanın boşalması daha sürətlə gedəcək: "Hər seçkidən sonra Ermənistandan emiqrasiya sürətlənib. Yenə də belə olacaq. Çünki növbəti dəfə öz namizədinin qələbəsini görməyən çoxları, dəyişiklik gözləyə-gözləyə daha da məyus duruma düşürlər".

Lakin o da vurğulanır ki, ənənəvi saxtakarlıq yolu ilə Sarkisyan özünü yenidən prezident elan etmək istəyir və bu da qarşıdakı 5 il ərzində Ermənistanı daha böyük fəlakətlərin gözləməsi deməkdir.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.-2013.- 30 yanvar.- S.7.