BTC bütün fəsillərdə ahəngdar işləyir

 

BTC boyu ərazilərin heç də hamısında qış mülayim keçmir. Azərbaycanın, eləcə də Gürcüstanın və Türkiyənin dağlıq bölgələrində elə yerlər var ki, indi qalın qar örtüyü altındadır.

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri öz marşrutu boyu 1768 kilometrlik məsafə qət edir. Kəmər ölkəmizdə 13 rayonun ərazisindən - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, TovuzAğstafa bölgələrindən, qonşu Gürcüstanda Qardabanidən başlayaraq Agideniyə qədər 7 rayondan, Türkiyədə isə 9 bölgədən keçərək Ərdahandan Adanaya qədər olan böyük bir məsafəni qət edir. Üstəlik, BTC öz yolu boyu irili-xırdalı 1500 çayla kəsişir.

Kəmərin boruları Səngəçaldan Ceyhanadək torpaq altına basdırılıb. Odur ki, boru xətti nefti tam təhlükəsiz şəkildə mənzil başına çatdırır. Elə bu səbəbdən də qarın, boranın BTC-yə maneçiliyi yoxdur.

Doğrudur, kəmərin yerüstü obyektləri  var. Bu obyektlərin ən böyükləri 8 nasos stansiyasıdır ki, onların da 2-si Azərbaycanın, 2-si Gürcüstanın, 4-ü  Türkiyənin ərazisində yerləşir. Kəmərin üç ölkədə 2 aralıq ərsinburaxma və  1 təzyiqazaltma stansiyası, 101 kiçik siyirtmə məntəqəsi də var. Lakin şaxta və qarın bu stansiya və məntəqələrə də heç bir ziyanı yoxdur. Çünki onlar bir an belə, diqqətdən kənarda qalmır. Kəmərin bütün fəaliyyətinə, o cümlədən yerüstü obyektlərinin işinə ən etibarlı cihazlar, yüksək ixtisaslı mütəxəssislər, ayıq-sayıq mühafizəçilər nəzarət edirlər.

Bütün bunların sayəsində BTC ilin bütün fəsillərində ahəngdar işləyir.

2012-ci ilin dekabr ayı ərzində kəmər vasitəsilə 2 milyon 527 min 827 ton Azərbaycan nefti nəql olunub. Ötən ilin yanvar-dekabr aylarında isə bu kəmərlə 29 milyon 671 min 172 ton neft ötürülüb. Ümumiyyətlə, istifadəyə verildiyi gündən bu il yanvarın 1-nə qədər BTC-yə 205 milyon 451 min 814 ton neft vurulub. Məlum olduğu kimi, xeyli müddətdir kəmər həm də müəyyən miqdarda Türkmənistan nefti də daşıyır. Belə ki, ötən ilin son ayında BTC 228 min 188 ton Türkmənistan nefti nəql edib.

Keçən ilin dekabrında Ceyhan limanından dünya bazarlarına 2 milyon 513 min 505 ton Azərbaycan nefti çıxarılıb. İl ərzində buradan dünya bazarlarına çıxarılmış neftin həcmi isə 29 milyon 299 min 5 ton olub.   

Xatırladaq ki, Bakı-Tbilisi-Ceyhan kəmərinin daşıdığı neftlə yüklənmiş ilk tanker Ceyhan limanından 2006-cı il iyunun 4-də yola salınıb. BTC neftini dünya bazarlarına daşıyan tankerlərin sayı indi artıq 2000-i ötüb. Hazırda kəmər gündə 1,2 milyon barel neft daşımaq gücünə malikdir.

Qarlı-şaxtalı qış BTC- öz yükünü daşımaqda mane olmur.

 

 

Flora SADIQLI

 

Azərbaycan.-2013.- 31 yanvar.- S.1.