Azərbaycanın inkişafı və
etibarlı tərəfdaş olması dünya miqyasında qəbul edilən
reallıqdır
43-cü Davos İqtisadi Forumu bunu təsdiq
etdi
Davos Forumu kimi tanınan Dünya
İqtisadi Forumunun əsası alman əsilli isveçrəli
iqtisadiyyat professoru Klaus Şvabın 1971-ci ildə avropalı
şirkət idarəçiləri ilə birgə təşkil
etdiyi kiçik bir toplantı ilə qoyulub. İlk dövrlərdə
Avropa İdarəetmə Forumu olaraq tanınan bu forum
avropalı iş adamlarının ABŞ-da biznes həyatına
uyğunlaşmalarını asanlaşdırmaq və Amerika
üsullu kapitalizmin qaydalarını avropalılara öyrətmək
məqsədini daşıyan seminarlar silsiləsi idi. 1970-ci
illərin ikinci yarısından etibarən əlaqədar
mövzuların məşhur iqtisadçı, biznesmen və
siyasətçilərin iştirakı ilə geniş bir
platformada ələ alınması forumu əhəmiyyətli
dünya məsələlərinin müzakirə edildiyi
böyük toplantılar silsiləsinə çevirdi.
Davosda Azərbaycana həmişə
böyük maraq var
Forum
hər il İsveçrənin Davos şəhərində
keçirilir. Yalnız bir dəfə, 2002-ci ildə ABŞ-da
keçirilib. Bu isə rəmzi xarakter
daşıyırdı. Belə ki, həmin il 106 ölkədən
3 min nümayəndə Nyu-Yorka toplaşaraq 11 sentyabr terror
hadisələrinə qarşı
çıxdıqlarını nümayiş etdirdi. Davos
Forumunun keçirilməsində əsas məqsəd dövlət
və hökumət başçılarını, beynəlxalq
təşkilatları, elm adamlarını, nüfuzlu siyasətçiləri,
iqtisadçıları, biznesmenləri birliyə cəlb etmək,
onların arasında əlaqə yaratmaq və dünyada
yaranmış iqtisadi problemlərin birgə aradan
qaldırılmasına nail olmaq, yeni beynəlxalq iqtisadi layihələrin
həyata keçirilməsini müzakirə və təşkil
etməkdir. Bu mənada Davos Forumu dünyanın başlıca
siyasi, sosial və iqtisadi problemlərinin müzakirəsi
üçün ideal məkan hesab olunur.
Davos
İqtisadi Forumunun əhəmiyyətini artıran
mühüm göstəricilərdən biri də burada
dünyanın birillik iqtisadi gündəliyinin müəyyən
edilməsidir. Bu işə Azərbaycan da öz töhfəsini
verir. Çünki ölkəmiz artıq dünyada
etibarlı tərəfdaş kimi tanınır və qəbul
edilir. Forum çoxsaylı mövzular üzrə sessiyalardan
ibarətdir ki, burada müzakirə olunan mövzuların təməlində
Azərbaycan və onun qazandığı uğurlar da var.
Artıq
neçə illərdir ki, Dünya İqtisadi Forumunda
uğurla təmsil olunan Azərbaycana burada maraq həmişə
böyükdür. Bu maraq Prezident İlham Əliyevin
keçirdiyi görüşlərdən də hiss olunur. Əsas
diqqət çəkən məqamlardan biri foruma qatılan
ölkələrin Azərbaycanın dünyanın iqtisadi
sistemindəki rolunu yüksək qiymətləndirməsi və
bəşəriyyəti narahat edən risklərin aradan
qaldırılmasında ölkəmizin mövqeyi ilə
hesablaşmasıdır. Azərbaycanın malik olduğu
potensial, özünün iqtisadi inkişafına görə
dünyada lider olan ölkəmizin malik olduğu enerji
resursları Dünya İqtisadi Forumunun da əsas diqqət
ayırdığı məsələlər sırasına
daxildir. Azərbaycanın beynəlxalq birlikdəki mövqeyi
Dünya İqtisadi Forumu çərçivəsində
keçirilən görüşlərin məzmunundan da hiss
olunur. Bunu onunla izah etmək olar ki, Dünya İqtisadi Forumu hər
il yanvar ayında Davosda baş tutan toplantıda Azərbaycanın
da təmsil olunmasında maraqlıdır. Çünki
ölkəmizin malik olduğu iqtisadi güc bu marağı
şərtləndirən əsas amildir.
43-cü forum "Dayanıqlı
dinamizm" mövzusuna həsr olundu
Bu il
yanvarın 23-dən 27-dək Davosda Dünya İqtisadi
Forumunun sayca 43-cü illik toplantısı keçirildi.
Dünyanın vəziyyətinin
yaxşılaşdırılması, mövcud problemlərin
həlli qlobal əməkdaşlığın həyata
keçirilməsini tələb edir. Bu isə, öz növbəsində,
hökumət, biznes, media, elm, din, incəsənət, vətəndaş
cəmiyyəti daxil olmaqla, bütün sahələrin təmsilçilərinin
sıx əməkdaşlığı zərurətini
yaradır. Bu məqsədlə Dünya İqtisadi Forumunun
43-cü illik toplantısı da əvvəllər olduğu
kimi, dünyanın siyasi-iqtisadi həyatının
bütün sahələrindən olan rəhbərləri
öz işinə cəlb etmişdi. Budəfəki forumda
100-dən çox ölkədən 2500-dən artıq
nümayəndə, o cümlədən 50 ölkənin
dövlət və hökumət başçıları,
biznes, vətəndaş cəmiyyəti və elmi dairələrin
1500-dən yuxarı təmsilçisi iştirak edirdi.
Onların iştirakı ilə bu dəfə
"Dayanıqlı dinamizm" mövzusuna həsr olunan
forumda qlobal maliyyə böhranının aradan
qaldırılması, beynəlxalq, regional və sahəvi dəyişikliklərin
təşviq edilməsi, qlobal enerji və maliyyə məsələləri,
eləcə də Çin, Rusiya, Latın Amerikası və
Şərqi Asiyadakı iqtisadi inkişaf müzakirə olundu.
Bütövlükdə forum çərçivəsində
keçirilən hər bir sessiyada müasir dövrün
iqtisadi problemlərinin, qlobal inkişafın doğurduğu əsas
çətinliklərin həlli üçün
işgüzar tərəfdaşlığın genişlənməsinə
yardım məsələləri, o cümlədən maliyyə
və iqtisadi böhrandan çıxış yolları ilə
bağlı söhbətlər aparıldı.
Forumun
qurucusu Klaus Şvab 2013-cü il toplantısına dair fikirlərini
belə ifadə etmişdir: "İlkin olaraq qlobal məsələlərin
nikbin istiqamətdə həll edilməsini arzulayırıq. İkinci
olaraq, bir çox qlobal siyasətin yenidən
hazırlanmasını gözləyirik.
Üçüncü olaraq isə,
bu forumda insanların daha yaxşı vətandaş ruhu
qazanaraq ictimai inkişaf üçün daha güclü məsuliyyət
hissinə malik olmalarını istəyirik. Daha çox
inkişaf etmək üçün dinamizm, yəni cəsarətli
dünyagörüşü və cəsur həmlələr
lazımdır. 2013-cü ildəki liderlik həm sabitlik, həm
də dinamizmi vacib görür".
Prezident İlham Əliyevin Davosa səfəri
ötən illərdə olduğu kimi, səmərəli və
məhsuldar keçdi
43-cü Davos Forumunda Azərbaycan
Prezidenti İlham Əliyev də iştirak edirdi. Azərbaycan
Prezidentinin forum çərçivəsində qrafikinin
sıx olması, keçirdiyi çoxsaylı
görüşlər bir daha ölkəmizə olan maraqdan xəbər
verirdi.
Xatırladaq
ki, Prezident İlham Əliyev Davos İqtisadi Forumunda dövlət
başçısı kimi ilk dəfə 2007-ci ildə
iştirak edib. Həmin il forum "Güclərin qlobal
balansının yerdəyişməsi" devizi altında
keçirilib. Forum çərçivəsində keçirilən
"Neft geosiyasətinin artan əhəmiyyəti"
mövzusunda ilk iclasında çıxış edən
Prezident İlham Əliyev ölkəmizdə həyata
keçirilən qlobal enerji layihələrinin bütün
dünya üçün əhəmiyyətli olduğunu
bildirmişdi. Enerji təhlükəsizliyi məsələsində
Azərbaycanın rolunun günbəgün
artdığını bildirən dövlət
başçısı energetika sahəsində əldə
olunan uğurların bütövlükdə region
üçün əhəmiyyətini qeyd etmişdi.
Ötən
illərdə bütün sahələr üzrə dinamik
inkişaf yolunda uğurla irəliləyən Azərbaycan
artıq həm dünyanın və Avropanın enerji təhlükəsizliyinin
təminatında mühüm rol oynayan, həm də regionda əsas
söz sahibi olan ölkədir. Bu mənada Azərbaycan
Prezidentinin hər il keçirilən Davos İqtisadi Forumunda
iştirakı dünyanın siyasi elitasının, nəhəng
biznes strukturlarının və nüfuzlu KİV-lərin diqqət
mərkəzində olur. Bu isə ondan xəbər verir ki,
Avropa siyasətçiləri, dövlət rəhbərləri,
iqtisadçılar bir çox məsələlər barədə
məsləhətləşmələrdə Azərbaycanın
mövqeyinə ehtiyac duyurlar. Ən əsası, beynəlxalq
iqtisadi əməkdaşlıqda və yanacaq-enerji
resurslarının dünya iqtisadi bölgüsündə Azərbaycanın
mühüm əhəmiyyətini nəzərə alaraq, vacib
qərarların qəbul olunmasında ölkəmizlə
razılaşdıqlarını göstərirlər. Davos
Forumunun hər dəfə
yekunları təsdiqləyir ki, respublikamızın dünyada
artan nüfuzu və etibarlı tərəfdaş olması
iqtisadi güclər tərəfindən qəbul olunur və
dövlət başçısının ümumdünya
miqyaslı müzakirələrdə fikirləri, təklifləri
müstəsna əhəmiyyəti ilə fərqlənir.
Azərbaycan
Prezidenti cənab İlham Əliyevin Davosa builki səfəri də
ötən illərdə olduğu kimi, olduqca səmərəli
və məhsuldar keçdi. Bunu cənab Prezidentin
keçirdiyi görüşlər də təsdiq edir. Belə
ki, bir neçə günlük forum çərçivəsində
Prezident İlham Əliyevin İsveçrə
Konfederasiyasının Prezidenti Ueli Maurer, İsrail Dövlətinin
Prezidenti Şimon Peres, Türkiyə Respublikasının xarici
işlər naziri Əhməd Davudoğlu, Ukraynanın sabiq
prezidenti Leonid Kuçma ilə görüşlərində
ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti
və perspektivləri ilə bağlı məsələlərə
dair fikir mübadiləsi aparıldı.
Prezident
İlham Əliyevin ABŞ-ın qlobal layihələr üzrə
tanınmış konsaltinq şirkəti "Booz&CO"nun
baş icraçı direktoru Çezare Maynardi, "Holcim
Group" şirkətinin rəhbəri Bernard Fontana,
ABŞ-ın qlobal layihələrinin idarəçiliyi
üzrə tanınmış konsaltinq şirkəti
"McKinsey&Company"nin rəhbəri Dominik Barton, BP
şirkətinin sədri Karl-Henrik Svanberq, Beynəlxalq Maliyyə
Korporasiyasının baş icraçı direktoru Cin Yonq Kay,
"Total" şirkətinin rəhbəri Kristof de Marjeri,
Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti
Suma Çakrabarti, "Microsoft İnternational" şirkətinin
prezidenti Jan Filip Kurtua, "Thales Alenia Space" şirkətinin
prezidenti Jan-Lö Qalle, "GDF Suez" şirkətinin sədr
müavini və prezidenti Jan Fransua Sirelli ilə
görüşlərində isə ölkəmizdəki
işgüzar mühit yüksək qiymətləndirildi. Xarici
şirkətlərin təmsilçiləri ölkəmizlə
işgüzar əməkdaşlığa önəm verdiklərini,
yeni layihələr üzrə fəaliyyət göstərməkdə
maraqlı olduqlarını qeyd etdilər.
Ölkənin təqdimatını
keçirmək üçün ən yaxşı məkan
Prezident İlham Əliyev Davosda
Dünya İqtisadi Forumunun "Mərkəzi Asiya
üçün yeni üfüqlər" və "Neft və
qaz idarəçilərinin toplantısı" mövzusunda
keçirilən sessiyalarında iştirak edib. Bir sıra
ölkələrin rəsmilərinin, beynəlxalq təşkilatların
nümayəndələrinin iştirak etdiyi "Mərkəzi
Asiya üçün yeni üfüqlər" sessiyasında
çıxış edən Prezident İlham Əliyev ölkəmizdə
gedən iqtisadi inkişaf prosesləri barədə
danışdı, son illərdə Azərbaycanda yüksək
dinamik inkişafın müşahidə olunduğunu, ümumi
daxili məhsulun üç dəfə artdığını
diqqətə çatdırdı. Enerji sahəsində Azərbaycanın
əldə etdiyi uğurlardan bəhs edən Prezident İlham Əliyev
bildirdi ki, ölkəmizdə qeyri-enerji sektorunun da
inkişafı diqqət mərkəzində saxlanılır və
bununla bağlı bir çox layihələr həyata
keçirilir. Dövlət bu sahədə dəstəyini hər
zaman nümayiş etdirir.
Dünyada
neft və qaz sahəsində tanınmış mütəxəssislərin
iştirak etdiyi "Neft və qaz idarəçilərinin
toplantısı" sessiyasında Prezident İlham Əliyev
Azərbaycanın neft-qaz sektorunda kibertəhlükəsizliyin
və ümumilikdə təhlükəsizliyin təmin
olunması mövzusunda çıxış etdi. Dövlət
başçısı uzun illərdir Azərbaycanın qlobal
enerji layihələrində iştirakına diqqət çəkərək
ölkəmizin bu sahədə qazandığı
uğurları diqqətə çatdırdı. Azərbaycanda
bu sahədə təhlükəsizlik tədbirlərinin
yüksək səviyyədə təşkil olunduğunu
bildirən, uzun illərdir ölkəmizdə bununla
bağlı hər hansı bir problemin
yaranmadığını qeyd edən Prezident İlham Əliyev
ölkəmizin regional enerji təhlükəsizlik sistemində
xüsusi rol oynadığını bildirdi.
Prezident
İlham Əliyevin həm keçirdiyi görüşlər,
həm də iştirak etdiyi sessiyalar Azərbaycanın
dünyada tanıtımı baxımından müstəsna əhəmiyyətə
malikdir. Dövlət başçısı
"CNN-İnternational" televiziya kanalına müsahibəsində
bu barədə deyib: "Dünya İqtisadi Forumu bu baxımdan
ən əlverişli məkandır. Yəni burada beynəlxalq
biznes və siyasi dairələrin elitası toplaşır. Beləliklə,
aparıcı beynəlxalq şirkətlərin rəhbərləri
və nümayəndələri buraya gəlirlər. Ona
görə də bura ölkənin təqdimatını
keçirmək üçün ən yaxşı məkandır...
Bu gün bizim iqtisadiyyatımız çox sabitdir. Biz iqtisadi
böhran illərində belə inkişafımızı
davam etdirə bilmişik. Azərbaycan iqtisadiyyatı
dünyada ən sürətlə inkişaf edən
iqtisadiyyatlardan biridir. Biz 10 ildən də az müddətdə
ümumi daxili məhsulu üç dəfə, yəni 300
faizdən çox artıra bilmişik. Hazırda
iqtisadiyyatımız daha da şaxələndirilib. Bu, təkcə
enerji sahəsinə aid deyil. Hazırda bizim əsas məqsədimiz
Azərbaycanın qeyri-enerji sektoruna, xüsusilə yüksək
texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları və xidmət
sahələrinə investisiyaları cəlb etməkdir".
Dünya İqtisadi Forumu Bakıda
keçiriləcək
Məlum
olduğu kimi, ötən il Davos Forumu çərçivəsində
təşkilatçılar ölkəmizin dünyada artan
rolunu, həmçinin Azərbaycanın ötən illərdə
Davos Forumunda fəal iştirakını nəzərə
alaraq, Azərbaycanın xüsusi ölkə panelini də təşkil
etmişdilər. Paneldə iştrak edən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev İKT məsələləri
üzərində xüsusi dayanmış, ölkəmizdə
internet azadlıqlarının, internetin, həmçinin onun
xidmətlərinin artımındakı müsbət rolundan
danışmış, ölkəmizdə informasiya
texnologiyalarının və təhsilin prioritet sahələr
olduğunu bir daha bəyan etmişdi.
Bu dəfə
isə Azərbaycanın sürətli iqtisadi
inkişafını nəzərə alaraq, Dünya
İqtisadi Forumunun bu ilin aprelində Bakıda keçirilməsi
barədə razılığa gəlinib. Bu barədə məlumat
Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun
icraçı sədri Klaus Şvab ilə
görüşündə verildi. Qeyd edək ki,
görüşdə Azərbaycan ilə Dünya İqtisadi
Forumu arasında əməkdaşlığın
inkişafından məmnunluq ifadə edildi. Bu əlaqələrin
son illərdə inkişaf edərək yeni mərhələyə
daxil olduğu bildirildi. Bu forumun, eyni zamanda, Azərbaycan ilə
Avropa İttifaqı arasında əməkdaşlığa
müsbət təsir göstərdiyi xüsusi qeyd olundu.
Ümumi razılığa əsasən, Dünya İqtisadi
Forumunun bu ilin aprelində Bakıda keçiriləcəyi və
bunun mühüm hadisə olacağı vurğulandı.
Azərbaycan
artıq bütün dünyada beynəlxalq tədbirlərin
keçirildiyi mərkəz statusunu qazanıb. Bu gün
çağdaş dünyamızı düşündürən
bir sıra aktual məsələlər məhz Bakıda
müzakirə olunur. 2013-cü il Azərbaycanda həm də
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan
edilib. Təbii ki, forumun Bakıda keçirilməsi ilə
bağlı qərarın qəbulunda bu amillər əsas rol
oynayıb. Bütövlükdə Bakıda keçiriləcək
Dünya İqtisadi Forumu Cənubi Qafqaz və Orta Asiya
regionlarında əməkdaşlığın və
inteqrasiyanın inkişafına töhfəsini verəcək.
43-cü
Davos İqtisadi Forumu Azərbaycan üçün uğurlu
oldu. Budəfəki toplantı Azərbaycanın dünya
birliyindəki yerini, dünyanın və Avropanın
enerji təhlükəsizliyinin təmin olunmasındakı
mühüm rolunu, sürətli inkişafını bir daha
beynəlxalq ictimaiyyətə tanıtdı. Forum həm də
onu sübut etdi ki, Azərbaycanın qlobal məsələlərdə
həyata keçirdiyi siyasət, nümayiş etdirdiyi
mövqe beynəlxalq miqyasda qəbul olunur.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2013.- 31 yanvar.- S.3.