YAP Nizami rayon təşkilatında Gənclər Günü ilə bağlı tədbir
keçirilmişdir
Yanvarın 30-da Heydər Əliyev
siyasi irsinin öyrənilməsi məqsədi ilə Yeni Azərbaycan
Partiyası (YAP) Nizami rayon təşkilatının nəzdində
fəaliyyət göstərən Heydər Əliyev məktəbinin
yeni kursunun açılış mərasimi
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbiri açan YAP Nizami rayon təşkilatının
sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva
ulu öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin
gənclər üçün vacib olduğunu bildirmişdir.
Qeyd
olunmuşdur ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin
sərəncamı ilə fevralın 2-si "Azərbaycanda Gənclər
Günü" elan olunmuşdur. Bu sərəncam ümummilli
liderin siyasi xəttində gəncliyə verdiyi önəmin
bariz nümunəsi idi. Bu gün hər bir Azərbaycan gənci
ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin
Azərbaycanın modernləşdirilməsi istiqamətində
yürütdüyü siyasətdə fəal iştirak edir.
Dövlət başçısının gənclərə
göstərdiyi qayğının nəticəsində Azərbaycan
Prezidenti yanında Gənclər Fondu yaradılmışdır.
Sonra
YAP-ın sədr müavini-icra katibi, Milli Məclisin
deputatı Əli Əhmədov
YAP Nizami rayon təşkilatının nəzdində Heydər
Əliyev məktəbinin yaradılmasının gənclərə
göstərilən qayğı kimi qiymətləndirmişdir.
Qeyd
olunmuşdur ki, bu kurs YAP Nizami rayon təşkilatının
Heydər Əliyev siyasi irsinin öyrənilməsinə
verdiyi əsas töhfədir. Gənclər qlobal
transformasiyaların, mürəkkəb geosiyasi və geoiqtisadi
meyillərin müşahidə olunduğu bir zamanda, Azərbaycana
qarşı edilən virtual və siyasi hücumların
mövcudluğu şəraitində dövlətçiliyimizin
əsaslarının dərk edilməsində və onun
müdafiəsində daha fəal olmalıdırlar. Hər bir
YAP üzvü bu il keçiriləcək prezident seçkilərində
fəal iştirak etməli və ölkənin hakimiyyətdə
olan yeganə partiyasına dəstəyini bildirməlidir.
Tədbirdə
çıxış edən YAP Siyasi Şurasının
üzvü, Nizami Rayon İcra Hakimiyyətinin
başçısı Tahir Budaqov demişdir ki, bu gün Azərbaycanın
gələcəyi gənclik üçün qurulur və hər
bir gənc də dövlətin
quruculuq istiqamətindəki fəaliyyətində yaxından
iştirak edərək özünü göstərməlidir.
Nizami rayonu ulu öndər tərəfindən
yaradılmışdır və rayon gəncliyi Heydər Əliyevin
90 illik yubileyi ilində həyata keçiriləcək tədbirlərdə
yaxından iştirak edəcəkdir.
Bildirilmişdir
ki, rayonun gəncləri ötən illərdə bir çox
uğurlara imza atmış, dalbadal 3 il ulu öndərin
doğum günü münasibəti ilə keçirilən
gül bayramlarında Bakı şəhəri rayonları
arasında birinci yerə layiq görülmüş, gənclərin
hərbi vətənpərvərlik tədbirlərində
rayonun "Şahinlər" komandası ötən il hərbi-idman
oyunlarında respublika üzrə birinci yeri
qazanmışdır.
Sonda
qonaqlar Heydər Əliyev məktəbinin kursunu bitirən gəncləri
təbrik etmişlər. Məzunlara sertifikatlar, rayonun
ictimai-siyasi həyatında göstərdikləri fəallığa
görə isə bir qrup gəncə Fəxri fərman və
partiyaya yeni qəbul edilmiş üzvlərə vəsiqələr
təqdim etmişlər.
Qeyd
edək ki, ötən il kursu 50 gənc bitirmiş və bu il
isə 110 gənc məktəbə üzv olmuşdur.
Azərbaycan.-2013.- 31 yanvar.- S.3.