Beynəlxalq aləmdə
Azərbaycana müsbət münasibət artmaqdadır
AŞ PA-nın qış
sessiyasında Kristof Ştrasserin məlum qərəzli məruzəsi
əsasında hazırlanmış qətnamə layihəsinin
qəbul olunmaması da bunun sübutudur
2013-cü ilin ictimai-siyasi baxımdan
maraqlı olacağı barədə proqnoz verən siyasi
analitiklər müəyyən arqumentlərə əsaslanırlar.
Həmin arqumentlərin sırasında birinici yeri tutan bu ilin
payızında ölkədə prezident seçkilərinin
keçirilməsidir.
Bu
sıraya çox amil əlavə etmək olar ki, onlardan biri də
inkişaf sürətinə görə Avropanın
aparıcı dövlətləri sırasında yer tutan Azərbaycana
məhz həmin amilə görə qısqanclıqla
yanaşanların olması, beynəlxalq təşkilatlarda
nüfuzuna mənfi təsir göstərə biləcək
çıxışların yer almasıdır. Əlbəttə,
nüfuzlu beynəlxalq qurumlarda Azərbaycanın haqlı
mövqeyinin daha çox dəstəklənməsi də diqqətçəkən
məqamlardandır. Bu, istər daxili bədxahları, istərsə
də onları ölkədə çaxnaşma salmağa təhrik
edən (qrant adı altında maliyyələşdirdikləri
üçün) xarici havadarları - "demokratiya dərsi"
ixrac edənləri əndişələndirməyə bilməz.
Azərbaycanın
üzv olduğu beynəlxalq nüfuzlu təşkilatlardan biri
də Avropa Şurası Parlament Assambleyasıdır (AŞ
PA) ki, onun builki qış sessiyası siyasi tarixin səhifələrinə
öz "rəngarəng"liyi ilə yazıldı.
Söhbət burada beynəlxalq təşkilatlarda Azərbaycana
qarşı dəyişməkdə olan münasibətdən
gedir. Azərbaycana antisimpatiyası ilə seçilən (təbii
ki, dünyadakı erməni lobbisinin təmsilçilərindən
biri olduğu üçün) almaniyalı deputat Kristof
Ştrasserin qərəzli məruzəsi ətrafında gedən
müzakirələr və qətnamə layihəsi ilə
bağlı keçirilən səsvermə bir daha Avropa
arenasında demokratiyanın hansı səviyyədə
olduğunu ortaya qoymuş oldu. Söhbət adıçəkilən
deputatın Azərbaycan müxalifətinin "radikal
qanadı"nın heç bir məntiqə və fakta
söykənməyən "hesabatlar"ı əsasında
hazırladığı məruzə və layihədən
gedir. Azərbaycanda "siyasi məhbus" "ovuna
çıxan" almaniyalı deputatın qərəzli məruzəsi
və "layihəsi" Avropa xalqlarının və
inkişaf etmiş dövlətlərin Azərbaycana olan mənfi
və müsbət münasibətlərini ortaya qoydu. Bu, əlbəttə,
nəinki Azərbaycana qarşı yönəldilən, əslində,
dünyada, o cümlədən Avropada hələ də
hökm sürən ikili münasibətin davam etdiyinin göstəricisidir.
Doğrudur,
qərəz və mərəzdən qaynaqlanan ikili standartlar
yalnız bu qurumda deyil, bir çox təşkilatlarda və
yaxud ayrı-ayrı siyasət xadimlərinin
çıxışlarında illərdir ki, özünü
göstərməkdədir. Budəfəki məruzə və
"layihə"ni isə əvvəlkilərindən fərqləndirən
cəhət Azərbaycanın haqlı mövqeyinin müdafiəsi
baxımından maraqlı olması idi. Belə ki, 125
avropalı deputatın qətnamə layihəsinin əleyhinə,
79 nəfər isə lehinə səs verməsi Azərbaycanın
AŞ PA kimi beynəlxalq təşkilatda nüfuzunun xeyli
artması deməkdir.
Konkret
olaraq həmin sessiyada Azərbaycana göstərilən
münasibətə gəlincə, qeyd edilməlidir ki, bir daha
qardaş Türkiyəni AŞ PA-da təmsil edən
deputatların hamısı (10 nəfər) qərəzlə
hazırlanmış qətnamənin qəti şəkildə
əleyhinə səs verdi. Belə münasibət rusiyalı
parlamentarlar tərəfindən də göstərildi. Rusiya
Federasiyasından olan deputatlar da bədnam sənədin səsçoxluğu
ilə qəbulunun əleyhinə getməklə, ölkəmizin
AŞ PA kimi nüfuzlu təşkilatda mövqeyinin bir daha
möhkəmləndiyini təsdiqləmiş oldular. Dünyada
ikili standartların əleyhinə səs verənlərin
sıyahısına Bosniya və Hersoqovina, Çexiya, Moldova,
Monteneqro, Rumıniya, Portuqaliya, Slovakiya, Yunanıstan, Malta,
İspaniya kimi dövlətləri də əlavə etmək
olardı.
AŞ
PA-nın adıçəkilən sessiyasında
K.Ştrasserin hazırladığı "Azərbaycanda
siyasi məhbuslar" adlı məruzəsinin Assambleya
üzvlərinin əksəriyyətinin qəiyyətli iradəsi
ilə rədd edilməsi sənədin birtərəfli (təbii
ki, qərəzli) hazırlandığını göstərdi.
Bu bədnam məruzədən sonra qurumun mədəniyyət,
elm, təhsil və media komitəsindən isveçli deputat
Mats Yohanssonun "Avropada mətbuat azadlığının vəziyyəti"
barədəki çıxışı da həmkarlarının
etirazı ilə qarşılandı. 50-yədək
deputatın bu məruzə ətrafında kəskin
çıxış etmək istəyinin reallaşması da
qərəzlə hazırlanan sənədə rəsmi
etirazın nümayişi idi.
Azərbaycan
nümayəndə heyətinin üzvü Rəfael
Hüseynovun yanvarın 25-də Assambleyada nəşr edilərək
yayılan fikir və mövqeyi həmin məruzənin həqiqətdən
uzaq mahiyyətini təsdiqlədi: "Avropada, yaxud
dünyanın istənilən məkanında azad mətbuatın
vəziyyətindən söz açarkən istər-istəməz
müasir mətbuat bütövlükdə nə dərəcədə
sərbəstdir sualına cavab vermək lazım gəlir.
Problemin mahiyyətinə vardıqca, ümumiyyətlə, tam
sərbəst mətbuatın olub-olmaması belə tərəddüd
yaradır. Ən dəqiqi budur ki, tam sərbəst mətbuat
yoxdur. Yalnız bir mətbuat vasitəsi digərinə nisbətən
daha asılı, daha çox sərbəstliyə malik ola
bilir. Mətbuatın azadlığı yalnız onun dövlətdən,
hakimiyyətdən nə qədər asılı olmasında
da deyildir. Çünki insanlar siyasi qüvvələrin,
maliyyə strukturlarının, bəzən isə gözə
görünməyən idarəçilərin bu gün
dünyanın zahirən sərbəst sayılası çox
məhşur mətbuat vasitələrinə güclü təsir
imkanlarından da xəbərdardır. Müasir mətbuatın
ifadə azadlığı baxımından üzləşdiyi
çətinliklərdən biri də xaricdən olan
açıq və qapalı təzyiqlərdir".
Azərbaycan
parlamentinin AŞ PA-dakı təmsilçilərinin
mövqeyini ortaya qoyaraq R.Hüseynov daha sonra deyib: "Bir
neçə məqam da heç vaxt və heç vəchlə
unudulmamalıdır. Azərbaycan kimi yeni demokratiya ölkələrini
əhatələmiş bir sıra iri qonşular həmişə
bunun marağındadırlar ki, belə ölkələri
Avropa Şurası kimi mütərəqqi qurumlardan
uzaqlaşdıraraq öz nüfuz dairələrinə daha
çox cəlb etsinlər. Ona görə də Avropa
Şurası bu qəbil yeni müstəqillik əldə
etmiş ölkələrə yanaşmalarında həmişə
qayğıkeş və diqqətli olmalı, onları
axıra qədər ədalətli olmayan, ikili standartlara
arxalanan tənqidləri ilə özündən aralayaraq
arzuolunmaz qüvvələrin ağuşuna doğru itələməməlidir".
AŞ
PA-da Azərbaycan əleyhinə çıxış edən
parlamentarların hansı dövlətləri təmsil etmələri
də maqarlıdır. Daim Azərbaycanın əleyhinə təbliğat
aparan, xüsusən də hərbi büdcəsinin ildən-ilə
artmasından qərəzlə istifadə etməyə
çalışan Ermənistan, təbii ki, bu dəfə də
öz mövqeyinə sadiqliyi ilə seçildi. Heç bir
sahədə inkişafa görə birinciliyə layiq
görülməyən işğalçı dövlətin
adı bu siyahıda "baş yerdə" çəkildi.
ATƏT-in Minsk qrupu həmsədrlərindən biri, təmsil
olunduğu qurumda daim ermənipərəstliyi ilə
seçilən Fransanın da qərəzli mövqeyi
özünü qətnamə layihəsinin lehinə səs
verməsində göstərdi. Fransanı təmsil edən
deputatların 7-si bədnam qətnamənin əleyhinə səs
versə də, 4-ü "hə" deməklə, öz həmkarlarına
qarşı çıxış etməsi ilə yadda qaldi.
Belə qərəzli mövqe nümayiş etdirənlərin
siyahısına Avstriya, Estoniya, İsveç, Niderland,
Norveç, Litva, Finlandiya, Xorvatiya, Latviya, İslandiya kimi
"demokrtiya çətiri" altında gizlənənlərin
də adını əlavə etmək olar. Siyahıdan da
göründüyü kimi, AŞ PA-da öz qərəzli
mövqeyi, məsələyə ikili münasibəti ilə
seçilən, antiazərbaycançı şəbəkəyə
məxsus avropalı deputatların sayı azaldıqca, haqq və
ədalətin təfədarları artır. Azərbaycan
dövlətinin daxili və xarici siyasətinin yetərli,
demokratik amillərə söykənməsi isə
adıçəkilən sessiyada bir daha təsdiqləndi.
Doğrudur, AŞ PA avropalı parlamentarlara belə
"demokratiya dərsi" vermək istəyən Kristof
Ştrasserlərdən hələ xilas olmayıb. Lakin builki
qış sessiyasının nəticələri göstərir
ki, belələrinin yerlərini əsl demokratlar tutacaq, bu da
ayrı-ayrı xalqların beynəlxalq təşkilatlara
azalan inamını bərpa edəcək. Dünyada mövcud
ikili standartlara da bu yolla son qoyulacağı şübhə
doğurmur. Yuxarıda söylənilənlərə əlavə
olaraq deyə bilərik ki, beynəlxalq aləmdə Azərbaycana
müsbət münasibət özünü göstərməkdədir.AŞ
PA-nın qış sessiyasında Kristof Ştrasserin qərəzli
məruzəsi əsasında hazırlanan qətnamə layihəsinin
qəbul olunmaması da bunun təsdiqidir.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-2013.- 31 yanvar.- S.3.