Azərbaycan-Yaponiya əlaqələrinin
hazırkı səviyyəsi
məmnunluq doğurur
Yanvarın
30-da Azərbaycanın xarici işlər nazirinin müavini Xələf
Xələfov Yaponiya Xarici İşlər Nazirliyinin Qafqaz, Mərkəzi
Asiya və GUAM üzrə xüsusi nümayəndəsi
Takeşi Hikiharanın başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, Takeşi Hikihara ölkəmizə ilk səfərindən
məmnunluğunu bildirmiş, Azərbaycan ilə Yaponiya
arasında bir çox ortaq dəyərlərin, o cümlədən
demokratiya və qanunun aliliyi kimi dəyərlərin mövcud
olduğunu söyləmişdir. Azərbaycanın Yaponiya
üçün əhəmiyyətindən bəhs edən
Takeşi Hikihara respublikamızın regionun vacib və strateji
ölkəsi olduğunu bildirmişdir. O, Azərbaycanın
regionda Yaponiyanın əsas və etibarlı tərəfdaşı
olduğunu vurğulamışdır.
Fevralın
əvvəllərində Azərbaycanın ilk süni peykinin
orbitə çıxarılacağını qeyd edən
Takeşi Hikihara Yaponiyanın bu sahədə zəngin təcrübəsini
bölüşməyə hazır olduğunu söyləmişdir.
Azərbaycan-Yaponiya
əlaqələrinin hazırkı vəziyyətindən məmnunluğunu
bildirən Xələf Xələfov ölkələrimiz
arasında əməkdaşlığın bütün sahələrdə
inkişaf etdiyini, siyasi dialoqun yüksək səviyyədə
olduğunu diqqətə çatdırmışdır.
Yaponiya
şirkətlərinin Azərbaycan iqtisadiyyatındakı
rolunu qeyd edən nazir müavini onların iki ölkə
arasındakı əməkdaşlığın daha da dərinləşməsinə
töhfə verdiyini söyləmişdir. Yaponiyanın
informasiya-kommunikasiya texnologiyaları sahəsində təcrübəsinin
öyrənilməsinin vacibliyini qeyd edən X.Xələfov Azərbaycanın
bu sektora böyük önəm verdiyini
vurğulamışdır.
İki
ölkə arasında təhsil, mədəniyyət və
humanitar sahələrdə əməkdaşlığın
vacibliyini vurğulayan Xələf Xələfov Yaponiya tərəfinin
azərbaycanlı tələbə və mütəxəssislərin
bu ölkədə təhsil almaları və təcrübə
toplamaları üçün yaratdığı şəraiti
yüksək qiymətləndirmiş, bunun iki ölkə
arasındakı münasibətlərin inkişafına
mühüm töhfə verdiyini bildirmişdir.
Nazir
müavini qarşılıqlı səfərlərin təşkilinin,
o cümlədən parlamentlər arasındakı əməkdaşlığın
daha da genişləndirilməsinin zəruriliyini
vurğulamışdır.
X.Xələfov
həmçinin Azərbaycanda gedən inkişaf prosesləri,
ölkəmizin regiondakı rolu, burada sabitliyə və təhlükəsizliyə
mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi haqqında ətraflı məlumat
vermişdir. Münaqişənin sülh yolu ilə həlli
istiqamətində fəaliyyət göstərən ATƏT-in
Minsk qrupunun səylərinin nəticə vermədiyini bildirən
nazir müavini BMT və digər beynəlxalq təşkilatların
Azərbaycanın işğal altındakı ərazilərinin
azad olunmasına dair qəbul etdiyi qətnamələrə əməl
etməsi üçün Ermənistana beynəlxalq təzyiqlərin
artırılmasının vacibliyini
vurğulamışdır.
Azərbaycan.-2013.- 31 yanvar.- S.4.