Azərbaycanın və Pakistanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

 

Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri İnayatullah Kakar yanvarın 30-da daxili işlər naziri general-polkovnik Ramil Usubovla görüşmüşdür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Ramil Usubov strateji müttəfiqlər olan dövlətlərimiz arasında əlaqələrin zəngin tarixə və dərin köklərə malik olduğunu vurğulamışdır. Pakistan müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biridir və beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində hər zaman Azərbaycanı birmənalı şəkildə dəstəkləmişdir. Məhz belə ədalətli və prinsipial mövqenin nəticəsidir ki, Pakistan parlamentinin yuxarı palatası olan Senat Ermənistanı təcavüzkar dövlət, Xocalı faciəsini isə azərbaycanlılara qarşı soyqırımı aktı kimi tanımışdır.

Dövlətlərimizin başçılarının siyasi iradəsi nəticəsində son illər bütün sahələrdə inkişaf və tərəqqinin müşahidə olunduğunu vurğulayan nazir iki dost ölkənin Daxili İşlər nazirlikləri arasında da əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd etmişdir. Bu işdə qarşılıqlı səfərlərin mühüm rol oynadığını deyən R.Usubov ötən ilin noyabrında İslamabadda keçirilmiş "Narkotiklərlə mübarizə üzrə strategiyalar" adlı regional konfransda iştirakını, Pakistanın dövlət rəhbərləri, o cümlədən daxili işlər naziri Rəhman Maliki ilə görüşlərini məmnunluqla xatırlatmışdır.

Beynəlxalq terrorçuluqla və narkotiklərlə mübarizə sahəsində Pakistanın zəngin təcrübəyə malik olduğunu, bu təcrübədən istifadənin Azərbaycan üçün vacibliyini bildirən cənab Ramil Usubov daha sonra səfirə ölkəmizdə mövcud kriminogen durum barədə məlumat vermiş, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində ötən il də uğurlu nəticələrin əldə edildiyini, sabitliyin, əmin-amanlığın etibarlı şəkildə qorunduğunu, belə təhlükəsiz şəraitdən vətəndaşlarımız kimi ölkəmizdə fəaliyyət göstərən əcnəbilərin də yararlandıqlarını diqqətə çatdırmışdır.

Səfir iki dövlət arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, ölkəmizdə fəaliyyəti dövründə bütün sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əməkdaşlığın daha da inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.

 

 

Azərbaycan.-2013.- 31 yanvar.- S.4.