Ermənistanda hakimiyyət böyük təlaş içindədir

 

Almaniyanın nüfuzlu "Focus" jurnalı isə Serj Sarkisyanı Dağlıq Qarabağ vilayətinin işğalında yaxından iştirak etmiş hərbçi kimi təqdim edib

 

 Böyük tənəzzül dövrünü yaşamaqda davam edən Ermənistanda  prezident seçkilərinə qısa müddət qalmış mövcud hakimiyyətə qarşı bütün sferalarda yaranan narazılıq gündən-günə artmaqdadır. Bunun əsas səbəbi isə problemlərin miqyasının durmadan genişlənməsi, həmçinin etiraz mövqeyi nümayiş etdirənlərə qarşı hakimiyyətin yenə də repressiv metodlara əl atmasıdır. Artıq Ermənistanda belə bir düşüncəyə malik  tərəfdarların sayı durmadan artır ki, Serj Sarkisyan iqtidarı dəyişməyənə kimi ölkənin üzləşdiyi problemlərdən xilas olması qeyri-mümkündür. Elə bu istiqamətdə hazırda ölkənin müxalif qüvvələri tərəfindən hakimiyyət əleyhinə geniş kampaniya aparılır.

Mövcud iqtidar isə qorxuya düşərək yenidən müxalifəti ölkəni parçalamağa və Ermənistanı yeni siyasi problemlər içərisinə salmağa cəhd göstərməkdə ittiham edir. Bunun da ən asan yolu hakimiyyətin nəzarətində saxladığı media orqanlarından geniş şəkildə istifadə etməsidir. Lakin saxta  təbliğatın reallığı dəyişdirməyəcəyini iqtidarda yer alan əksər məmur-oliqarxlar yaxşı başa düşdüyündən varidatlarının bir hissəsini tədricən xaricə köçürməyə cəhd göstərirlər. İndi ölkədə belə fikirlər səslənir ki, "ərəb baharı"nın təkrarlanacağı növbəti məkan kimi Ermənistan olacaq.

Ümumiyyətlə, seçki öncəsi sosial-iqtisadi durum onu deməyə əsas verir ki, son illər Ermənistanda hakimiyyətdə olanlar bu ölkəni çıxılmaz vəziyyətə salıblar. Artıq dünyanın bir sıra KİV-lərinin əməkdaşları seçkilər öncəsi işğalçı ölkəyə ezam olunaraq burada baş verən hadisələri işıqlandırmağa başlamışlar. Məqalələrdə, xəbərlərdə yer alan ümumi fikir isə birdir: əhali aciz və qaniçən S.Sarkisyanın rəhbərliyinin dəhşətlərini yaşayır. Siyasəti terrora, şantaja və separatizmə arxalanan bu hakimiyyətin tutduğu yol Ermənistanı bəlalardan xilas etməyə deyil, daha dərin uçurumlara, fəlakətlərə aparmağa hesablanmışdır. Müxtəlif təşkilatlar tərəfindən aparılan sosioloji sorğuların nəticələri də göstərir ki, əhalinin böyük əksəriyyəti mövcud hakimiyyətin dəyişməsini istəyir. Çünki hakimiyyət tərəfindən həyata keçirilən siyasət Ermənistan əhalisinin böyük əksəriyyətinin faktiki olaraq aclıqla üzləşməsinə gətirib çıxarmışdır.

Seçkilər yaxınlaşdıqca hazırki prezident Serj Sarkisyan barədə beynəlxalq mətbuatda maraqlı yazılar da yer almaqdadır. Onlardan biri  Almaniyanın nüfuzlu "Focus" jurnalında dərc olunmuş məqalədir. Məqalədə  qeyd olunur: "Sarkisyan şahmat oynamağı çox sevir. Özü də təkcə şahmat lövhəsində yox. Ermənistan prezidenti Şahmat Federasiyasının rəhbəridir. O, həm də Azərbaycanın Dağlıq Qarabağ vilayətinin işğalında yaxından iştirak etmiş keçmiş hərbçidir".

Jurnalda Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin həyata keçirildiyi qeyd olunmuş  bildirilmişdir ki, BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə qoşunların çəkilməsi ilə bağlı dörd qətnamə qəbul etməsinə baxmayaraq, Sarkisyan bütün bunları rədd edir.

Məqalədə həmçinin Almaniyanın Sosial Demokrat Partiyasının rəhbəri Sigmar Qabriyel BMT qətnamələrinin icra olunmadığını diqqətə çatdırmışdır.  Avropa Parlamentinin prezidenti Martin Şült isə münaqişənin həllində Avropa İttifaqından daha aktiv rol tələb etmişdir.  Almaniyanın federal iqtisadiyyattexnologiyalar naziri Filip Rösler isə jurnala açıqlamasında demişdir  ki, Azərbaycanda Avropanı digər ixracatçıların asılılığından azad edə biləcək külli miqdarda qaz ehtiyatı var. Jurnalda daha sonra qeyd olunmuşdur ki, əgər Avropa İttifaqı Ermənistanın işğal olunmuş torpaqlardan geri çəkilməyinə nail olsa, əvəzində Azərbaycan da Avropaya qaz ixrac edə bilər.

Məqalədə qeyd olunanlar bir daha onu söyləməyə əsas verir ki, Ermənistan işğalçı ölkədir. Lakin Serj Sarkisyan başda olmaqla Ermənistanın dövlət rəhbərləri beynəlxalq təşkilatların qəbul etdiyi qərarların əleyhinə hərəkət edir, status-kvonun dəyişməməsi üçün əsassız  iddialar irəli sürürlər.

Seçkiqabağı Ermənistanda vəziyyəti ağırlaşdıran digər bir cəhət isə işsizlik səviyyəsinin durmadan yüksəlməsidir. Araşdırmalara görə, əmək qabiliyyəti olan əhalinin yarıya qədəri hazırda işsizdir. Qlobal böhran nəticəsində isə dövlət və özəl sektorda kütləvi ixtisarlar aparılacağı bildirilir. Böhran nəticəsində kütləvi şəkildə işdən çıxarılma vəziyyəti daha da ağırlaşdıracaq. O da vurğulanır ki, tədbir görülməsə, anarxiya artacaq, Ermənistanda cinayətkarlığın baş alıb getməsi dövrü başlanacaq.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.-2013.- 31 yanvar.- S.4.